Muxtar respublikada xalçaçılığın inkişafı diqqət mərkəzindədir

Bu gün dünyada qədim mədəni tarixi və özünəməxsus mədəniyyət nümunələrinin çoxluğu ilə diqqəti cəlb edən ölkələr sırasında Azərbaycan xüsusi yer tutur. Ölkəmizin beynəlxalq mədəniyyət aləminə bəxş etdiyi dəyərli sənət nümunələri içərisində Azərbaycan xalçalarını ayrıca qeyd etmək lazımdır. Tarixboyu Azərbaycan xalçalarının şöhrəti ölkə sərhədlərini aşmış və mühüm sənətkarlıq nümunəsi kimi əvəz­olunmaz simvola çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı demişdir: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin Vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

İstər xalqımızın malik olduğu işgüzarlıq ənənələri, istərsə də tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi qədim dövrlərdən etibarən bu diyarda xalçaçılığın gəlirli məşğuliyyət növlərindən birinə çevrilməsinə səbəb olmuşdur. Təsadüfi deyil ki, müxtəlif tarixi dövrlərdə ölkəmizdə olmuş dünya şöhrətli səyyahların Azərbaycanla bağlı yazılı məlumatlarında xalçaçılıq ayrıca yer tutur. Bu tarixi mənbələr sübut edir ki, Azərbaycanda toxunan xalçaların özünəməxsus ornamentləri və quruluşu bu əraziyə səyahət edənlər üçün xüsusi maraq doğurmuşdur. Beləliklə, Azərbaycan xalçaları dünya mədəni irsinin bənzərsiz nümunələri sırasında ilk yerlərdən birini tutur. Təkcə onu qeyd etmək kifayətdir ki, 16 noyabr 2010-cu il tarixdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Keniyanın Nayrobi şəhərində keçirilmiş V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsi nümunələri siyahısına daxil edilmişdir. Ölkəmizin xalçaçılıq tarixində Naxçıvan xalçaçılıq məktəbi hər zaman özünəməxsus yer tutmuşdur. Müasir dövrümüzdə isə muxtar respublikada xalq yaradıcılığının müxtəlif ənənəvi sahələrinə göstərilən dövlət qayğısı xalça sənətindən də yan keçməmişdir. Görülən işlər və yaradılan şərait Naxçıvanda xalça sənətinin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi muxtar respublikada xalçaçılıq sahəsində maddi-mədəni irsin qorunması və davamlı inkişafının təmin edilməsindən ibarətdir.

Bu inkişafın təmin olunmasına xidmət edən mühüm tədbirlərdən biri xalçaçılıq sahəsində kadr hazırlığının və unudulmaqda olan ənənələrin bərpası işinin təşkilidir. Muxtar respublikamızda istər ali təhsil müəssisələrində ənənəvi xalq yaradıcılığı sahələrinin inkişafı üçün yaradılan şərait, istərsə də bu istiqamətdə peşə təhsilinin dəstəklənməsi xalça sənətinin inkişafına da təkan verməkdədir. Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində istifadəyə verilən Texnologiya mərkəzində fəaliyyət göstərən kabinələrdən biri də Toxuculuq kabinəsidir. Dövlət proqramının icrasına uyğun olaraq birinci rübdə Toxuculuq kabinəsində 14 müxtəlifölçülü xalça, 12 kilim və 3 palaz nümunəsi toxunmuşdur.
Bütün bunlarla yanaşı, qeyd olunan dövrdə Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən xalça emalatxanasında “Xarıbülbül” eskizi əsasında xalça toxunması təmin edilmiş, eləcə də 1 yeni xalçanın toxunmasına başlanılmışdır. Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin xalçaçı kursunda təhsil alan 14 müdavimin fevralın 25-də kursu başa vuraraq sertifikatla təmin olunması bu sahədə peşə təhsilinin təşkili işinin də davam etdirilməsinin mühüm təzahürüdür.

Dövlət proqramının icrası xalça sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası, öyrənilməsi və təbliği istiqamətində yeni imkanlar açmaqdadır. Bu ənənələrin qorunaraq gələcək nəsillərə ötürülməsi Naxçıvan xalçaçılıq məktəbinin bütün tarixi dövrlərdə yaşadılması üçün həyati əhəmiyyət kəsb edir. Proqramın giriş hissəsində qeyd olunduğu kimi: “Naxçıvan xalçaları, sadəcə, istehsal məhsulu deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir”.
Cari ilin birinci rübündə Naxçıvan Dövlət Xalça Muzeyində 1, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 2 xalça toxunmuş, 14 xalçanın satışı həyata keçirilmişdir. Həmçinin bu dövrdə Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal gücü ayda 251 kvadratmetr olan xalça istehsal müəssisəsinin və istehsal gücü ildə 350 ton kirli yun tədarükü olan Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsinin yaradılması davam etdirilmişdir. Pro­qramda nəzərdə tutulan və əvvəlki illərdə icrası başa çatdırılan mühüm tədbirlərdən biri də əllə toxunmuş xalçaların reyestri sisteminin yaradılmasıdır. Yanvar-mart aylarında sistemə daxil edilməsi üçün 10 xalçanın pasportlaşdırılması istiqamətində iş aparılmışdır.
Xalça sənətinin inkişafına təsir göstərən başlıca amillərdən biri də bu sahədə elmi araşdırmaların genişləndirilməsidir. Aparılan tədqiqatlar zamanı əldə edilən məlumatlar bir tərəfdən xalça sənəti sahəsində yeni elmi nəşrlərin hazırlanmasına, digər tərəfdən sənətkarların bədii və texniki iş üsullarının müasir dövrümüzdə təbliğinə və tətbiqinə şərait yaradır. Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə yanvar-mart aylarında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində xalçaçılıqla bağlı 3 elmi məqalə nəşrə təqdim olunmuşdur. Akademiyada fevralın 22-də keçirilən seminarda “Toxuculuq və xalçaçılığın inkişafında ipəkçiliyin rolu” mövzusunda məruzə edilmişdir. Bununla yanaşı, yanvar ayında Moldova Respublikasında keçirilən Fənlərarası elmi araşdırmalar üzrə III Beynəlxalq Avropa konfransında “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı” mövzusunda çıxış edilmiş, konfransın məruzələr toplusu çap olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası qarşıdakı dövrdə də muxtar respublikada xalçaçılığın inkişafının keyfiyyətcə yeni mərhələyə daxil olmasına şərait yaradacaqdır.

“Şərq qapısı” qəzeti

20.05.2021

Joomla 1.5