Mədəniyyət Nazirliyi silsilə müsabiqələri davam etdirir

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının üzvlərinin qatıldığı solo oxuma – vokal və xanəndəlik üzrə muxtar respublika müsabiqəsi baş tutmuşdur. Naxçıvan Dövlət Filarmoniyasında təşkil olunan müsabiqəyə ümumilikdə 25 nəfər iştirakçı qatılmışdır.

Nazirliyin Aparatının rəhbəri Piri Nağıyev giriş sözü ilə çıxış edərək bildirmişdir ki, Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi - Dədə Qorqud”da (VII əsr), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin qədimliyinə əyani sübutdur.

Qeyd olunmuşdur ki, bu gün Azərbaycan musiqi mədəniyyətinin milli ənənələrini davam etdirən, müasir musiqi yazı texnikasını mükəmməl mənimsəyən, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri yaradıcılıqlarında əks etdirən istedadlı gənc musiqiçilər nəsli yetişməkdədir. Müstəqilliyin bərpa olunması ilə Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni proseslərə inteqrasiyası daha da genişlənmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd xanəndəlik və vokal sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi və dəstəklənməsindən ibarətdir. Müsabiqə 8-13 və 14-18 olmaqla 2 yaş qrupu üzrə keçirilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət olan Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə seçilmiş qaliblər yekun tədbirində mükafatlandırılacaqdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin

Mətbuat xidməti

20.05.2021

Joomla 1.5