Muzeylər şəhəri Naxçıvan

Dünyanın hər bir ölkəsində xalqın mədəni sərvətlərinin hifz olunması məqsədi ilə muzeylər yaradılıb. Yunan mənşəli bu sözün mənası elm və incəsənət ilahələrinin qorunduğu yer deməkdir.Yəni muzeylər tarixi, incəsənət abidələrini, elmitəbii eksponatları toplayıb mühafizə və nümayiş etdirən müəssisələrdir. Hələ eradan əvvəl dünyanın bir çox dövlətləri özlərinin estetik dəyərlərə malik olan əşyalarını, əsərlərini, sənədlərini xüsusi yerlərdə saxlayardılar. Bu gün bütün dünya muzeyləri məhz həmin məkanların sələfi hesab edilir.

18 may - Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə 1977-ci ildə təsis olunmuş və hər il fərqli devizlər altında keçirilir. Məqsəd isə muzeylərin cəmiyyətin həyatında oynadığı vacib rolu sərgiləməkdir. Bu bayram uzun illərdən bəri Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da yüksək səviyyədə qeyd olunur.

Naxçıvan Muxtar Respublikası muzeylər diyarı, Naxçıvansa öz-özlüyündə bir muzey şəhərdir. Bu gün Naxçıvan sözün əsl mənasında on minlərlə dəyərli eksponatı qoruyub saxlayan və nümayiş etdirən 30-dan artıq muzey və muzeytipli müəssisələrin hamisidir. Müxtəlif profilli- dövlət, tarix, diyarşünaslıq, ədəbiyyat, xatirə, qoruq və digər muzeylər fəaliyyətə başaldıqları  ilk gündən etibarən günü-gündən zənginləşir, milli sərvətimizi layiqincə qoruyur və gələcək nəsillərə çatdırmaq yolunda əzmlə çalışırlar.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında  “Azərbaycan Respublikasında muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

“Gəmi­qaya” Tarix-Bədii Qoruğu və Muzeyi, Duz Muzeyi, Açıq Səma Altında Muzey, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi və rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi, Xatirə Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Dövlət Bayrağı Muzeyi, Döyüş Şöhrəti Muzeyi,  Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəmşid Naxçıvanskinin, Məmməd Səid Ordubadinin, Akademik Yusif Məmmədəliyevin, Məmməd Arazın ev-muzeyləri, Cəlilkənddə və Nehrəm qəsəbəsində Cəlil Məmmədquluzadənin xatirə muzeyləri, Milli Dəyərlər Muzeyi və digər muzeylər maddi-mənəvi sərvətimizin saxlanc yeridir.

Ali Məclis Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamında deyildiyi kimi: “Muzeylər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, gənc nəslin tərbiyəsində və dünya görüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir.”

Bu gün muzeylər istər respublika, istərsə də muxtar respublika rəhbərliyi tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı ilə əhatələnib. Naxçıvanda fəaliyyət göstərən muzeylərdə ixtisaslı kadrlar tam bir komanda şəklində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəznində fəaliyyət göstərən muzeylərdə və  muzeytipli müəssisələrdə müəssisə rəhbərlərinin başçılığı altında fond mühafizləri, elmi heyət, zal nəzarətçiləri və texniki işçilərin hər biri bir amal uğrunda çalışır: xalqımıza məxsus, maddi və mənəvi dəyəri heç bir qiymət vahidinə sığmayan sərvətimizi lazımınca qorumaq...

Eləcə də muzey işinin daha da təkmilləşdirilməsi, ixtisaslı kadrların yetişdirilməsi məqsədi ilə Naxçıvan Dövlət Universitetində yaradılan Muzeyşünaslıq fakültəsinin məzunları hər il müxtəlif muzeylərdə fəaliyyətə başlayaraq muzey işinə öz töhfələrini verirlər. Təbii ki, müasir gənclərin xarici dillərə olan marağını nəzərə alsaq görərik ki, bu gün muzeylərə gələn xarici turistlər müxtəlif xarici dil bilgisi olan bələdçilər tərəfindən yüksək səviyyədə məlumatlandırılır. Bunu xarici qonaqların dilindən eşitmək isə bir başqa qurur hissidir. Onlar, eyni zamanda, muzeylərin estetik baxımdan çox gözəl təşkil olunmasından, muzey bələdçilərinin səliqəli geyimindən və xoş rəftarından, verilən sualların dolğun şəkildə cavablandırılmasından və ən əsası muzeylərin ödənişsiz olmasından məmnunluqlarını ifadə edirlər.

Muxtar respublikada muzeylərin sosial şəbəkə hesablarının olması da muzey işinin təbliğini gücləndirir. Bütün dünyanın qlobal problemi olan pandemiya ilə əlaqədar olaraq turistlərin ziyarəti nə qədər kəskin şəkildə azalsa da, muzeylərin sosial şəbəkə hesablarının izləyiciləri də bir o qədər çoxalmışdır. Bu hesablara ünvanlanan izləyicilərin sualları da dolğun şəkildə cavablandırılır.

Muzey işçilərinin bilik və bacarıqlarının artırılması, muxtar respublika ərazisində olan muzeyləri tanınması məqsədi ilə hər ay keçirilən seminar treninqlər,  gənc nəslin muzeylərlə əlaqəsini daha da gücləndirmək məqsədi ilə keçirilən açıq və interaktiv dərslər, müxtəlif əlamətdar günlərdə muzeylərdən canlı yayınlanan onlayn ekskursiyalar, oxunan mühazirələr, təşkil edilən tədbirlər  atılan digər önəmli addımlardandır.

Təbii ki, muzeylərin madii bazasının zənginləşdirilməsi işində yerli sakinlərin çox böyük rolu var. Hər il əcdadlarımızdan miras qalan və taixi əhəmiyyət daşıyan yüzlərlə madii mədəniyyət nümunəsi yerli sakinlər tərəfindən muzeylərə hədiyyə olunur. Bu addım ümumxalq birliyinin təzahürüdür. Xalqın öz keçmişinə verdiyi dəyər gələcəyinə dəstəyinin göstəricisidir. Xalqın milli sərvəti qüdrətli dövlətin, dəyər bilən millətin və öz işinin peşəkarı olan muzey əməkdaşlarının səyi sayəsində göz bəbəyi kimi muzeylərdə hifz olunur.

Sevinc Səbzəliyeva,
Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı

"İki sahil" qəzeti

17.05.2021

Joomla 1.5