Aşıq Ələsgərin yaradıcılığından bəhs edən növbəti ustad dərs Şahbuz rayonunda təşkil olunub

Mayın 18-də Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin saz ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs keçirilmişdir.

Ustad dərsi Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırov aparmışdır. Bildirilib ki, Aşıq Ələsgər qüdrətli söz ustadlarından biri olmuşdur. O nəinki Azərbaycanda, bütün türk dünyasında tanınmışdır. Qeyri-adi istedad sahibi olan Aşıq Ələsgər aşıq sənətinin sirlərini dərindən bilərək ona həm də öz yaradıcılığı ilə yeniliklər qatmış, forma və məzmun etibarilə zənginləşdirmişdir. Xalqımızın söz ustadlarından biri kimi Aşıq Ələsgər irsinə həmişə qayğı göstərilmiş, yüksək qiymət ifadə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli Sərəncamı da göstərilən diqqət və qayğının bariz bir ifadəsidir.

Qeyd edilib ki, muxtar respublikamızda da bu sahədə ardıcıl tədbirlərin keçirilməsi və yüksək səviyyədə qeyd edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 fevral 2021-ci il tarixli Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmişdir. Ustadın yaradıcılığından bəhs edən bu tədbir də bu Sərəncamın icrası istiqamətində görülən tədbirlərdəndir.

Aşıq Ələsgərin yaradıcılığında dinləyicilərə əxlaqi nəsihətlər, mənəvi dəyərlər aşılayan şeirlər – ustadnamələr mühüm yer tutur. Aşağın əxlaqi-tərbiyəvi mövzuda olan şeirləri xəlqi mahiyyət daşıyır, xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir. Bu əsərlərdə atalar sözləri, məsəllərdən istifadə şeirlərin təsir gücünü daha da artırır. Onun təhsili almasa da, el şənlikləri onun üçün ilk məktəb rolunu oynamışdır. Uşaq yaşlarından saza, sözə məhəbbət bəsləmiş, el məclislərində aşıqlardan eşitdiklərini güclü yaddaşına həkk etmiş, onları istənilən anda  söyləmək bacarığı ilə hamını heyrətləndirmişdir. Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi Azərbaycan bir çox aşıqlar üçün əsl sənətkarlıq məktəbi olmuşdur.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

18.05.2021

Joomla 1.5