“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib

Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan maddi-mədəniyyət nümunələri Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev çıxış edərək qeyd edib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurların əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası dayanmışdır. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması sahəsində çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır.

Vurğulanmışdır ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika sakinləri, xüsusilə ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri yaxından iştirak edirlər. Bu ilin may ayınadək muxtar respublika muzeylərinə 766 ədəd eksponat daxil olmuş, 2 eksponat təqdimatı keçirilmişdir. Bugünkü təqdimat mərasimi sayca üçüncü olmaqla, əlamətdar bir gündə, “Beynəlxalq Muzeylər Günü”ndə keçirilir. İnanırıq ki, bu maddi-mədəniyyət nümunələri də muxtar respublikanın muzeylərində sərgilənməklə diyarımızın sakinlərinin mədəni həyatı, etnoqrafik yaradıcılıq fəaliyyəti haqqında muzey ziyarətçilərində dərin təəssürat yaradacaq, həmçinin tədqiqatçı alimlərin elmi-tədqiqat işlərini faktlarla zənginləşdirilmələri işinə mühüm töhfə olacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə bildirib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan müasir təhsil şəraitinin nəticəsidir ki, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muzeylərlə canlı bağlantılar yaradılır,  şagirdlərə muxtar respublikamızın qədim tarixi, dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri öyrədilir. Bu da şagirdləri qədimliyi saxlanılmaqla müasirləşən Naxçıvanımız haqqında daha da dolğun məlumat toplamağa, eyni zamanda onları tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi araşdırmağa sövq edir.

Rəşad Əlizadə vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, tariximizin öyrənilməsi ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2019-cu ildən ümumtəhsil məktəblərində keçirilən “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiyadır. Bu il də davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlərimiz tərəfindən qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 200-dən çox toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, pul nümunələri və digər məmulatlar toplanaraq bir araya gətirilmişdir.

Rəşad Əlizadə bu aksiyanın 2021-2022-ci tədris ilində də davam etdiriləcəyini, ümumtəhsil məktəblərində maddi-mədəni irsimizin qorunması baxımından əhəmiyyətli tədbirlərin müntəzəm olaraq keçiriləcəyini bildirmişdir.

Tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbinin X sinif şagirdi Günel Hətəmli aksiyanın onlarda böyük maraq doğurduğunu və asudə vaxtlarında axtarışda olaraq eksponatların toplanmasında həvəslə iştirak etdiklərini bildirmişdir.

Tədbirdə “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada fəal iştirak edənlərə  təşəkkürnamələr verilmişdir.

Tədbirin sonunda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

18.05.2021

Joomla 1.5