Naxçıvan teatrının yaradılmasının 138-ci ildönümü münasibətilə “Nizaminin Sirlər Xəzinəsi” tamaşasının onlayn premyerası keçirilib

Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının yaradılmasının 138-ci ildönümü tamam olur. Mayın 11-də bu münasibətlə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının əsasında səhnələşdirilən “Nizaminin sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilib.

Qeyd edək ki, ölkəmizdə gedən teatr hərəkatının həmişə önündə gedən Naxçıvan teatrı zamanın ağır sınaqlarından çıxaraq xalqımızın mənəvi təkamülündə, estetik şüurunun formalaşmasında, milli şüurun oyanışında, çətin və mürəkkəb dövlətçilik yolunda, dünya mədəniyyəti nümunələrinin mənimsənilməsində, zaman və şəxsiyyət problemlərinin müxtəlif istiqamətlərdə açıqlanmasında əhəmiyyətli rol oynamışdır.

Naxçıvan teatrı həmişə insanlarımızı işıqlı amallar uğrunda səfərbər edə bilmiş, milli dirçəliş və oyanışın carçısına çevrilmişdir. Teatrımız heç zaman məhdud sənət çərçivəsində qalmamış, böyük bəşəri və milli məsələləri paralel olaraq səhnəyə gətirməklə tamaşaçı sevgisi qazanmışdır. Naxçıvan teatrının inkişafına fədakarlıqla xidmət etmiş sənətkarlar bu gün də xatırlanır, onların mənəvi irsi öyrənilir.

Naxçıvan teatrı həmişə xalqa xidmət etmiş, mütərəqqi ideyaların daşıyıcısı və təbliğatçısı olmuşdur. Milli oyanış və dirçəlişin carçısı olan Naxçıvan teatrı bundan sonra da bu sahədə öndə gedəcək, milli ruhu yaşadacaq, dövlətçiliyə xidmət edəcək əsərləri səhnəyə gətirməklə mənəvi-estetik prinsipləri əsas götürməklə, dövlət və xalq birliyinin sarsılmazlığını nümayiş etdirən tamaşalarla insanları sevindirəcəkdir.

 

Qeyd edək ki, əsərdə təqdim olunan müxtəlif mövzulu mənzum və alleqorik hekayətlər əsasında hazırlanan tamaşanın quruluşçu rejissorları  Azərbaycan Respublikasının əməkdar artistləri Tofiq Seyidov və Nurbəniz Niftəliyeva, quruluşu rəssamı Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Rollarda Azərbaycan Respublikasının əməkdar artistləri Behruz Haxverdiyev, Vidadi Rəcəbli, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Vüsal Rzayev, Günay Qurbanova, aktyorlar Zakir Fətəliev, Ələsgər Quliyev, Səyyad Məmmədov, Anar Eyvazov, Şölə Alışova, Uğur Nəsirli və başqaları canlandırmışlar.

Dahi şairin yubileyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd edilir ki, didaktik-dram janrında hazırlanmış tamaşa da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmişdir. Tamaşada cəmiyyətin yazılan qanunlara riayət edilməsi ilə bağlı çağırış, hakimiyyətin düzgün idarə edilməsi, sədaqət, sosial ədalətin qorunması və insanların zəhmətinə dəyər verilməsi daha qabarıq şəkildə öz əksini tapıb. Bütün bunlar müxtəlif obrazların dili ilə tamaşaçıya təqdim olunur.

Onlayn tamaşa Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

11.05.2021

Joomla 1.5