Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv dərs keçilib

May ayının 8-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs keçilib.

İnteraktiv dərsi muzeyin bələdçisi Hicran Bədəlova aparıb. O, muzeyin yaradılması barədə ətraflı məlumat verərək qeyd edib ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində yaradılıb, 1999-cu il 10 may tarixdən fəaliyyət göstərməyə başlayıb. 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilib.

İnteraktiv dərs zamanı bildirilib ki, fəaliyyətə başlayanda 420 eksponatla tamaşaçılara xidmət göstərən muzeydə hazırda 5000-dən çox eksponat mühafizə olunur. Həmin eksponatlar ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır. Heydər Əliyev Muzeyində hər bir eksponat ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Hələ ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.

İnteraktiv dərsdə vurğulanıb ki, dahi rəhbərin Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti 1990-1993-cü illərin ağır sınaqlarından keçərək məhv olmaq təhlükəsindən qurtarıb. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasında başlanılıb.

Vurğulanıb ki, ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda nail olduğu milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib. Bugünkü güclü, qüdrətli Azərbaycanı dahi rəhbər qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Ona görə də xalqımız ümummilli liderin ölməz xatirəsini qəlbində əbədi yaşadır, Onun ideyalarını həyata keçirməyə çalışır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub”, – deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Müdrik rəhbər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə dövlətçilik tarixində əbədiyyət zirvəsinə yüksəlib. Bu böyük insanın həyat yolu bundan sonra da hər bir məktəbliyə, hər bir gəncə örnək olacaq.

Dərsdə ekspozisiyada nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib. İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib.


Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti


08.05.2021

Joomla 1.5