Uşaq və gənclər arasında muxtar respublika rəqs müsabiqəsi keçirilib

Mayın 7-də Naxçıvan Dövlət Uşaq Teatrında uşaq və gənclər arasında rəqs müsabiqəsi keçirilmişdir. Müsabiqədə Naxçıvan Musiqi Kollecində, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan tələbə və şagirdlər, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Mahnı və rəqs ansamblının üzvləri, klub müəssisələrinin dərnək üzvləri iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşqunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli saysız-hesabsız kişi və qadınların tək, qoşa, eləcə də dəstə ilə rəqs növləri yer almaqdadır. Bu mənəvi sərvət sadədən mürəkkəbə doğru uzun inkişaf mərhələsi keçmiş, təkmilləşərək günümüzədək professional rəqs növləri kimi gəlib çatmışdır. Qədim tarixə malik zəngin mədəniyyətimizin bir sahəsi olan rəqslərimizin yaranma tarixi minilliklərlə ölçülür. Bunu Nuh Peyğəmbərin torpaq üzərinə çıxdığı Gəmiqayadakı, həmçinin Qobustandakı qaya təsvirləri aydın şəkildə ifadə etməkdədir.

Mədəniyyətimizin bütün sahələri kimi, milli rəqslərimizin təbliği və yaşadılması istiqamətində muxtar respublikada müxtəlif mədəni tədbirlər həyata keçirilməkdədir. Peşəkar rəqs kollektivləri üçün milli geyim dəstlərinin alınması, onların maddi-texniki bazalarının yaxşılaşdırılması daim dövlətimizin diqqətində olan məsələlərdəndir.

Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi və dəstəklənməsidir.

Qeyd edək ki, müsabiqədə 2 yaş qrupu - solo, duet və kollektiv nominasiyaları üzrə 50-yə yaxın uşaq və gənc iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət olan Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə seçilmiş qaliblər yekun tədbirində mükafatlandırılacaqdır.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

07.05.2021

Joomla 1.5