Mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir

Muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən pandemiya ilə əlaqədar xüsusi qaydalara ciddi riayət edilməklə bu ilin aprel ayında tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, ustad və açıq dərslər, eləcə də təqdimat mərasimləri təşkil edilmiş, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur.

Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilmiş, qaliblər yekun tədbirində mükafatlandırılmışlar. Həmçinin bu ay “Nizaminin “Sirlər xəzinəsi” tamaşasına ictimai baxış keçirilərək səhnə əsəri istehsalata buraxılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar aprel ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 3 açıq dərs, 1 kitab müzakirəsi və 1 dəyirmi masa, 1 ustad dərs olmaqla, ümumilikdə, 6 tədbir keçirilmişdir. Bundan başqa, “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutunun III kurs və Naxçıvan Musiqi Kollecinin III kurs tələbələrinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, təcrübə keçmələri, Naxçıvan Müəllimlər İnstitutunun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II kurs tələbələrinə isə Naxçıvan Dövlət Tarix Muzeyində praktik dərs keçilməsi təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda interaktiv, Naxçıvan Şəhər və Kəngərli Rayon Mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin “Saz” ixtisası üzrə müəllimlərinə isə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərslər keçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” mövzusunda dəyirmi masa keçirilmiş, Babək Rayon Xalq Teatrı “Nizami aləminə səyahət” kompozisiyasını tamaşaçılara təqdim etmişdir. Ümumilikdə isə ay ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 12 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən, muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Qeyd edək ki, mart ayında muxtar respublikanın muzeylərini 19 min 64 nəfər yerli, 1 min 166 nəfər əcnəbi olmaqla, ümumilikdə, 20 min 230 nəfər tamaşaçı ziyarət etmişdir. Həmçinin ötən ay muzeylərə 217 ədəd yeni eksponat daxil olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, ötən ay aid təşkilatlarla birgə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə Ordubad şəhər 1 nömrəli tam orta məktəb arasında, Aşıq Ələsgərin  anadan olmasının 200 illiyi münasibəti ilə Cəlil Məmmədquluzadə  adına  Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən olmaqla, ümumilikdə, 3 interaktiv dərs keçilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Aprel ayında Naxçıvan Dövlət Rəsm Qalereyasında ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “And yerimiz vətənim Azərbaycan” adlı muxtar respublika rəsm müsabiqəsi keçirilmişdir. Bundan başqa, əlamətdar və tarixi günlərlə bağlı muxtar respublikanın bir sıra muzeylərində mədəni tədbirlər təşkil edilmiş, aşıq dərslər keçilmiş, sərgilər qurulmuşdur.

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Naxçıvan  Dövlət  Xalça Muzeyində “Xalqımızın qədim ənənəsi – xalçaçılıq” və C.Məmmədquluzadə adına Naxçıvan  Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Oxunması zəruri olan kitabların  şagird mənəviyyatına təsiri” mövzularında 2 açıq dərs keçilmişdir. Aprel ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 47 açıq dərs və 2 mühazirə keçirilmişdir.

Aprel ayında da muzeylərin sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar təşkil olunmuş, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə məlumat və təbliğat xarakterli 466 sayda paylaşım edilmişdir. Ay ərzində muxtar respublikadakı muzeylər tərəfindən 6-sı onlayn ekskursiya olmaqla, 189 sayda müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Aprel ayı ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər, eləcə də klub müəssisələri tərəfindən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan N.Tusinin “Əxlaqi-Nasiri” əsəri, M.S.Ordubadinin “Qılınc və Qələm” romanı, M.Şəhriyarın “Heydərbabaya salam” poeması və diğər kitablar olmaqla, 34 sayda kitab müzakirəsi keçirilmişdir.

Ötən ay muxtar respublikanın kitabxanalarında tarixi və əlamətdar günlərlə, həmçinin tanınmış şəxsiyyətlərin doğum və anım günləri ilə bağlı 30 mədəni tədbir keçirilmiş, 33 sərgi nümayiş etdirilmişdir. Bundan başqa, ay ərzində kitabxanalar tərəfindən videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə, 5 material, o cümlədən 2 audio nağıl hazırlanmış, sosial şəbəkə hesablarında 164 paylaşım edilmişdir.

“Mütaliə Günü”, “Nağıl Günü”, “Ktabxana Günü” və “Kitabxanaçı Günü” ilə bağlı kitabxanalarda müxtəlif səpkili 56 tədbir keçirilmiş, kitab müzakirələri təşkil olunmuşdur. Qeyd edək ki, aprel ayında da sağlamlıq imkanları məhdud 21 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ötən ay kitabxanalarda yeni oxucu sayı 557, oxucu gəlişi 8 min 157, kitab verilişi isə 43 min 292 nüsxə olmuşdur. Dövr ərzində elektron kataloqa 704 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 22 min 787-dən 23 min 491-ə çatdırılmışdır. Həmçinin şəbəkəyə 32 kitab (PDF) işlənməklə şəbəkədəki kitabların sayı 3 min 370 olmuşdur. Ay ərzində elektron kitabxanadan 292 lokal, 523 qlobal olmaqla 815 oxucu istifadə etmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 2 videomaterial hazırlanmışdır. Həmin videomateriallar nazirliyin “Youtube” kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. Həmçinin mərkəz tərəfindən Sədərək rayonundakı klub müəssisələrində çalışan əməkdaşlar üçün onlayn fəaliyyətin  təşkili ilə bağlı seminar-müşavirə keçirilmişdir. Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin “Məsləhətli don gen olar” ssenarisi əsasında Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrinin əməkdaşlarının mərkəzin rejissorluğu ilə hazırladıqları tamaşanın çəkilişləri də aprel ayında aparılmışdır. Qeyd edək ki, çəkiliş Naxçıvan Dövlət Film Fondu tərəfindən həyata keçirilmişdir.

Aprel ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub müəssisələri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı ümumilikdə 22 tədbir keçirilmişdir. Bundan başqa, tanınmış şəxsiyyətlərin yubileyləri, əlamətdar və tarixi günlərlə bağlı, o cümlədən klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri və bədii-qiraət dərnəklərinin rəhbərlərinin, istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən 29 videomaterial hazırlanmış, sosial şəbəkələrdə paylaşılmışdır. Bu paylaşımları 14 minə yaxın sosial şəbəkə istifadəçisi izləmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən aprel ayında Babək Rayon Xalq Teatrının “Qisas qiyamətə qalmaz” adlı tamaşasının və Şərur Rayon Mədəniyyət Şöbəsi tərəfindən hazırlanmış “Xalq yaradıcılığı günləri”nin çəkilişləri həyata keçirilmişdir. Bundan başqa, Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 2, 7 və 11 nömrəli tam orta məktəblərin şagirdlərinə “Bir qalanın sirri” bədii filmi nümayişi olunmuşdur. Ümumilikdə, Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində 2 tədbir keçirilmiş, 4 film nümayişi olmuş, aparılmış çəkilişlərlə bağlı 3 videomaterial hazırlanmışdır.

Aprel ayında musiqi təhsili müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi məqsədilə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün “Fortepiano” ixtisası üzrə ustad dərsi keçilmişdir.

Aprel ayında nazirliyin Gənclər Təşkilatının və tabe müəssisələrin Gənclər birlikləri üzvlərinin iştirakı ilə keçirilmiş “Naxçıvan orta əsrlərdə: tarix, mədəniyyət, ədəbiyyat” mövzusundakı dəyirmi masa, “Qəlbimdə iz buraxan şəxsiyyətlər”, “Gənclərin maraq dünyasına səyahət” və “Şərqdən-qərbə mədəniyyət” adlı tədbirlər və “Yaşa və öyrən – Bahariyyə” intellektual bilik yarışı gənclər üçün yaddaqalan olmuşdur.

Aprel ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Nizaminin “Sirlər xəzinəsi” və “Müfəttiş”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Yaxşılıq itmir”, Naxçıvan Dövlət Uşaq Teatrı isə “Mavi işıq” tamaşalarının məşqləri davam etdirilmişdir.

Aprel ayında Babək Rayon Xalq Teatrı “Qisas qiyamətə qalmaz” tamaşasını və “Nizami aləminə səyahət” kompozisiyasını, Ordubad Rayon Xalq Teatrı isə “Qanlı qızıl toy” tamaşalarını teatrsevərlərə təqdim etmişdir.

Ötən ay Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir.

Aprel ayı ərzində nazirliyin saytına 30 xəbər, 7 məqalə işlənmişdir. Həmçinin nazirliyin “Youtube” kanalına aprel ayında 6 (cəmi 635) videomaterial yerləşdirilmişdur. Bu günədək kanalın abunəçisi 1530, izləyicisi isə 130 min 642 nəfər olmuşdur. Ötən ay Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin “Facebook” səhifəsinin ümumi izləyicilərinin sayı 699-a çatmış, “nmr_medeniyyet_nazirliyi” adlı “İnstagram” səhifəsinin isə ümumi izləyicilərinin sayı 5 min 733 olmuşdur. Ay ərzində bəhs edilən sosial səhifələrdə 77, “naxcivan_muzeyleri” “İnstagram” səhifəsində isə 37 paylaşım edilmiş, həmin paylaşımları 763 nəfər izləmişdir.

Ötən aylarda olduğu kimi, aprel ayında da mədəniyyət sahəsində çalışan əməkdaşların muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, həmçinin ölkə və beynəlxalq əhəmiyyətli nəşrlərdə məqalələri dərc olunumşdur.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

05.05.2021

Joomla 1.5