“31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar film nümayiş olunmuşdur

Martın 31-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən 14, 15 və 16 №-li tam orta məktəbin şagirdləri üçün “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar “Soyqırım: Bakı” sənədli filmi nümayiş etdirilmişdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin birgə təsdiq etdiyi “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planına əsasən ayda bir dəfə olmaqla ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişini təşkil etmək nəzərdə tutulur.

Tədbirdə giriş sözü ilə çıxış edən Film Fondun əməkdaşı Şənhəyat Səfərova qeyd etmişdir ki, tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilmişdir. Bu cinayətlərin əsas səbəblərini araşdırıb təhlil edərkən erməni maraqlarının nədən ibarət olduğu aydın görünür. Əsas səbəb isə “böyük Ermənistan” ideologiyasıdır. Bu ideologiyaya görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün inqilab, silahlı mübarizələr, terror, cinayət və qətl hadisələri zəruridir.

Ermənilər öz havadarlarının köməyi ilə XX əsrin əvvəllərində, yəni 1905-1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər regionlarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. 1905-ci ilin fevralında Bakıda başlanan qırğınlar planlı şəkildə baş vermişdir.

1905-ci ilin may ayından başlayaraq ermənilər Naxçıvan qəzasında da soyqırımı törətmişlər. Ermənilərin Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarla başqa şəhər və kəndləri əhatə etmişdir.

Qeyd olunmuşdur ki, çoxsaylı tarixi sənədlər sübut edir ki, 1905-1907, 1918-1920-ci illərdə Cənubi Qafqazda öz tarixi-etnik ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, ata-baba yurdlarından didərgin salınmışdır. Təəssüf ki, 1988-ci ildən başlayaraq Azərbaycan torpaqlarının işğal edilməsi, növbəti deportasiyaların başlanması və soyqırımı siyasəti dünya dövlətlərinin sükutu ilə qarşılanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı onun doğma xalqı qarşısında, günahsız yerə qətlə yetirilənlərin ruhu önündə ən böyük xidmətlərindən biridir. Bu fərmanla ilk dəfə baş verən hadisələrə siyasi qiymət verilmişdir. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənədə uyğun olaraq, hər il ölkəmizdə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.

Daha sonra “Soyqırım: Bakı” sənədli filmi nümayiş etdirilmişdir. Rejissor Etibar Məmmədov tərəfindən ekranlaşdırılmış “Soyqırım: Bakı” filmində ermənilərin 1918-ci ildə Bakıda törətdiyi soyqırım sənədlərlə, faktlarla öz əksini tapır. Filmdə hadisənin canlı şahidləri, doğmalarını, yaxınlarını itirən, bu soyqırımdan əziyyət çəkən insanların xatirələrindən daha geniş istifadə olunmuşdur.

Film məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

31.03.2021

Joomla 1.5