Naxçıvan Dövlət Filarmoniyasının solistləri onlayn konsert proqramı təqdim edib

 

Martın 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının solistləri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və gənc vokalist İlkin Abdullayevin ifasında onlayn konsert proqramı təqdim edilib. İstedadlı müğənniləri fortepianoda Ziya Fətullayev müşayiət etmişdir.

Qeyd edək ki, hər zaman yaradıcı axtarışlarda olan, repertuar zənginliyinə ciddi diqqət yetirən Filarmoniyanın kollektivləri muxtar respublikamızda keçirilən tədbirlərdə, bayram şənliklərində, eləcə də müxtəlif ölkələrdə maraqlı konsert proqramları ilə çıxış edir. Naxçıvan Dövlət Filarmoniyasına göstərilən diqqət və qayğının təzahürüdür ki, filarmoniyanın binası, məşq otaqları, konsert salonu əsaslı surətdə və yüksək zövqlə təmir olunub, maddi-texniki bazası xeyli dərəcədə möhkəmlənib, müasir səs avadanlıqları və musiqi alətləri hədiyyə olunub, solistlərə fəxri adlar və mükafatlar verilib.

Konsert proqramı Elza İbrahimovanın “Ey vətən” mahnısı ilə başlamışdır. Daha sonra Emin Sabitoğlunun “Sən uzaq yaşıl ada”, “Şükriyyə”, Tofiq Quliyevin “Sevinc mahnısı” Elza İbrahimovanın “Bilməzdim”, Səid Rüstəmovun “Sürəyya”, Oqtay Kazıminin “Nə gəlməz oldun”, Ramiz Mirişlinin “Naxçıvan” və digər musiqi nömrələri ilə davam etdirilmişdir.

Solo konsert Naxçıvan Dövlət Televiziyasının efirindən və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

27.03.2021

Joomla 1.5