Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin canlı konsert proqramı təşkil olunub

Martın 23-də Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin onlayn konserti olub. Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib.

Bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədov olan, dirijorluğunu Elvin Əliyarovun etdiyi Estrada Orkestrinin ifasında təqdim olunan onlayn konsertdə Filarmoniyanın solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və digər ifaçılar Samir İsmayılov, İlkin Abdullayev və Rahim Əsgərzadə maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri muxtar respublikada istedadlı gənclərin yaradıcılıq potensialına əsaslanaraq qısa vaxt ərzində uğurlu konsert təqdimatları ilə tamaşaçı rəğbəti qazanmışdır. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri muxtar respublikanın mədəni həyatında fəal iştirak edir, repertuar zənginliyinə diqqət yetirməklə ictimaiyyət qarşısında uğurlu konsert proqramları ilə çıxışlar edir. İndiyədək keçirilən bir çox dövlət və bayram tədbirlərində də iştirak edir. Yaradıcı gənclərin kollektivə cəlb edilməsi, repertuar yeniliyi, ifa səviyyəsinin yüksəldilməsi kollektiv qarşısında duran əsas məsələlərdəndir. Orkestrin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa və rus bəstəkarlarının musiqi əsərlərinə də geniş yer verilir.

Konsert proqramında orkestrin ifasında Eldar Mansurovun “Bayram marşı”, Konsuelo Velazquezun “Bessame muçio”, Klod Morqanın “El bimbo” musiqi nömrələri səsləndirilib. Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və digər ifaçılar Samir İsmayılov, İlkin Abdullayev və Rahim Əsgərzadənin ifalarında səsləndirilən Oqtay Kazıminin “Gəl qaytar eşqimi”, “Həyat sən nə qəribəsən”, “Çal çal çal”, “Tələsin insanlar”, Emin Sabitoğlunun “Güllər”, “Həyat bizimdir”, Ramiz Mirişlinin “Səadət”, Elza İbrahimovanın “Bağçamızdan keçmisən”, Rafiq Babayevin “Dur gəl”, Lusio Dallanın “Karuso” və digər mahnıları izləyicələr tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında canlı olaraq yayımlanıb.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

23.03.2021

Joomla 1.5