Böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadə

Çoxəsrlik inkişaf tarixinə malik olan Azərbaycan ədəbiyyatının inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olubdur. Cəlil Məmmədquluzadə (1869-1932) 22 fevral 1869-cu ildə qədim mədəniyyət yurdu olan Naxçıvan şəhərində dünyaya göz açıbdır. 1873-1878-ci illərdə mollaxana təhsili alıb, ərəb və fars dillərini, dinin əsaslarını dərindən öyrənibdir. Sonra təhsilini üçsinifli şəhər məktəbində davam etdirib, 1882-1887-ci ildə Qori Müəllimlər Seminariyasında təhsil alıbdır. 1887-1897-ci illərdə müxtəlif yerlərdə - Uluxanlı, Baş Noraşen (indiki Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik edib, əsl xalq müəllimi kimi tanınıbdır.

Böyük ədəbiyyat mücahidi C.Məmmədquluzadə Azərbaycan xalqının keçdiyi milli inkişaf yolunda cəfakeş ideoloqlardan biri kimi çıxış edibdir. O, ədəbiyyat tariximizdə tənqidi rеalist ədəbi cərəyanın, “Çay dəsgahı” əsəri ilə ilk mənzum allеqоrik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı kimi xatırlanır. C.Məmmədquluzadə, həmçinin dünyaca məşhur “Molla Nəsrəddin” jurnalının (1906-1931) redaktoru və mollanəsrəddinçilərin ağsaqqalı, milli mücadilə ədəbiyyatımızın sərkərdəsidir. Bu nəhəng söz sənətkarı həm də Azərbaycan ədəbiyyatında kiçik hеkayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Saqqallı uşaq”, “Buz”, “Nigarançılıq”, “Zırrama” və b. kimi hekayələri ilə bu janrın ən sanballı nümunələrini yaradıbdır. Böyük dramaturq Cəlil Məmmədquluzadənin olduqca istedadla yazılmış “Ölülər”, “Anamın kitabı”, “Kamança”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı”, “Ər” və b. kimi dram əsərləri Azərbaycan dramaturgiyasının qiymətli incilərini təşkil edir. Onun böyük ustalıqla yaratdığı Məhəmmədhəsən əmi, Zeynəb ana, Xudayar bəy, Qazı, Novruzəli, Usta Zeynal, Kəblə Əzim, Qurbanəli bəy, Kefli İsgəndər, Molla Abbas və b. kimi obrazları dillər əzbərinə çevrilib, on illər boyu prototiplərini adlandırmağa müvəffəqiyyətlə xidmət edibdir.

Görkəmli söz ustadı Mirzə Cəlil həm də yeni-yeni formalaşmaqda olan ictimai satiranın yeni üslubunun banisi və yaradıcısıdır. Onun satirik üslubda yazdığı şeir nümunələri yenitipli ictimai satirasının təməlini təşkil edir. Onun mənzum satirik yaradıcılığı işığında yeni şeir məktəbi formalaşıbdır. Mirzə Cəlil həm də bədii yaradıcılığa gətirdiyi metaforik obrazlar, simvollar və mətnaltı məna vasitələri ilə böyük və dərin ictimai mətləbləri bütün dolğunluğu və ciddiyyəti ilə ifadə etmə ənənələri yaradıbdır. Bu görkəmli sənətkarın böyük istedadla yaratdığı və əsərlərinə gətirdiyi “kamança”, “anamın kitabı” və b. kimi metaforik obrazlar böyük ədəbi-estetik məna kəsb edərək xalqın milli dəyərləri və yaddaşının təbliğinə xidmət edibdir. “Anamın kitabı” ifadəsi isə ümumilikdə azərbaycançılığın andnaməsi kimi yadda qalmışdır. Görkəmli ədibin qələmə aldığı “Danabaş kəndinin əhvalatları” əsəri də Azərbaycan ədəbiyyatı tarixində yeni bədii nəsrin ilk və sanballı nümunəsi hesab edilir. Ümumiyyətlə, “kiçik” adamları da böyük ədəbiyyata ilk dəfə ustad C.Məmmədquluzadə gətiribdir.

Görkəmli ədib Cəlil Məmmədquluzadənin xalq qarşısında böyük xidmətlərindən biri də xalqın taleyi və müqəddəratı ilə bağlı məsələləri vətəndaşlıq yanğısı ilə əks etdirməsidir. Bu baxımdan milli оyanışa və azadlıq yоlunda mücadiləyə, inkişaf və tərəqqiyə çağırış mоtivləri ilə zəngin olan Cəlil Məmmədquluzadə irsi Azərbaycan xalqının ümummilli lidеri Hеydər Əliyеvin dediyi kimi “milli müstəqillik idеallarımızın mənbəyi” оlmaq vəzifəsini uğurla həyata kеçirməkdədir. Cəlil Məmmədquluzadə həm də bütün yaradıcılığı ilə ədəbi və ictimai fikrimizdə azərbaycançılıq məfkurəsinin əsasını qoyub, öz fəaliyyətində daim vətənə xidməti həyat fəlsəfəsinə çevirmiş bir şəxsiyyətdir.

Xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişafında mühüm xidmətlərilə yadda qalıbdır. Cəlil Məmmədquluzadə dünyaca məşhur olan “Molla Nəsrəddin” jurnalının (1906) əsasını qoyubdur. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmi və türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciətilə ictimai meydana çıxan “Molla Nəsrəddin” jurnalı xalqın milli oyanışı və inkişafına xidmət göstəribdir. “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Vətəndaşlar”, “Cümhuriyyət” və s. kimi zəngin məqalə və felyetonları Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malikdir.

Azərbaycan dövlətinin çoxsaylı görkəmli şəxsiyyətlər kimi Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə də qayğı göstərməsi bu şəxsiyyətin böyüklüyü və ölməzliyini təzahür etdirən faktlardan biridir. Sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhrifləri ilə qaranlıqlara bürünərək təbliğ edilən Cəlil Məmmədquluzadə bir çox görkəmli şəxsiyyətlər kimi xalqımızın müdrik oğlu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aydınlığa qovuşmuşdur. Dahi rəhbərin Mirzə Cəlil şəxsiyyətinə olan böyük ehtiramı və hörmətinin daha bariz ifadəsidir ki, ölkəmizdə ilk ev muzeyləri yaradılan görkəmli şəxsiyyətlərdən biri məhz Cəlil Məmmədquluzadədir. Dahi liderin uzaqgörən əməlləri və qayğısı sayəsində Cəlil Məmmədquluzadənin irsi toplanılaraq təkrar-təkrar nəşr edilib, ciddi tədqiqatların obyekti olub, adına küçələr verilib, Bakıda, Cəlilabad və doğma vətəni Naxçıvan şəhərlərində əzəmətli heykəlləri ucaldılıbdır. Görkəmli ədibin ölməz əsərləri daim teatrların da repertuarlarında olub, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanıbdır. Mirzə Cəlil  irsinə xalq ehtiramını nümayiş etdirən daha bariz bir fakt böyük ədibə həsr olunmuş və əsərləri əsasında hazırlanmış “Qəm pəncərəsi”, “O dünyadan salam” kimi ölməz filmlərin çəkilişidir. Ədibin vətəni Naxçıvan şəhərindəki ev muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətini əbədiləşdirən mədəni ünvanlardırlar. Ustad Cəlil Məmmədquluzadənin 1967-ci ildə 100 və 1994-cü ildə 125 illik yubileylərinin keçirilməsi də ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi “Molla Nəsrəddin”  jurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi də müstəqillik dönəmində ədibin irsinə və şəxsiyyətinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əiyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin 140 və 150 illik yubileylərinin keçirilməsi haqqındakı sərəncamları da çoxmilyonluq Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanır. Ədibin vətəni Naxçıvan Muxtar Respublikasında da ayrı-ayrı illərdə əbədiyaşar sənətkarın adı və xatirəsi daim əziz tutulub, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilib və çoxsaylı tədbirlər keçirilibdir. Ədibin “Hekayələr” kitabı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiqlənmiş “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilibdir.

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

"NUHÇIXAN" İnformasiya Agentliyi

22.02.2021

Joomla 1.5