Naxçıvan teatrı növbəti canlı tamaşanı izləyicilərə təqdim edib

Fevralın 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesi əsasında hazırlanan eyniadlı tamaşa canlı yayımla teatrsevərlərə təqdim olunub.

Qeyd edək ki, “Mamoy kişinin yuxuları” pyesi bir kənddə baş verən hadisəni özündə əks etdirir. Mamoy kişinin gördüyü yuxular həmişə çin olur. Məhz buna görə də kənddə hamı onunla hesablaşır və hətta bir qədər çəkinirlər. Mamoy kişinin heç kimi yoxdur. Onun bacısı qızı ilə birlikdə yaşadığı evin həyəti hər gün kənd sakinləri ilə dolu olur. Hər kəsi Mamoy kişinin gördüyü yuxudan sonra gələcəkdə nə baş verəcəyi maraqlandırır. Bu yuxuların çin çıxması bəzi adamlara xeyir etmir. Mamoy kişi də bəzi həqiqətlərin acılığını bilib yuxularını başqa cür danışır. Bəzən hadisələrdən öz xeyrinə də istifadə edir. Adamlar kənddə baş verən bütün xoşagəlməz hadisələrdə, onların həyatındakı uğursuzluqlarda Mamoy kişini günahlandırırlar. Ona görə də sonda hamı birləşib yuxuda olan Mamoyu öldürür.

Əsərdə müəllifin əsas məqsədi insanların yuxulara deyil, real həyatda yaşamaqla öz həyatlarını qurmasına çağırışdır. Bəzən insanlar öz uğursuzluqlarını kiminsə üzərinə atmaqla özlərinə haqq qazandırırlar. Əslində isə hər kəs gələcəyə öz real inamı ilə yaşamalı və hər günü mənalı, faydalı işlərlə məşğul olaraq keçirməlidirlər.

Əsərdə kompozisiya qurma ustalığı, dramatik hərəkət və həyəcan, eyni zamanda komik situasiyalar üstünlük təşkil edir. Bu isə sonu xoşa gəlməyən olsa da süjetdəki hadisənin reallığını gücləndirir.

Tamaşanın quruluşçu rejissoru Nəsimi Məmmədzadə, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ahim Güləliyev, rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdir. Tamaşada rolları Azərbaycan Respublikasının əməkdar artistləri Nazlı Hüseynquliyeva, Əbülfəz İmanov və Behruz Haxverdiyev, həmçinin Nəsimi Məmmədzadə, Mehri Nəbiyeva, Zakir Fətəliyev, Cəbrayıl Nəbiyev, Ələsgər Quliyev, Anar Eyvazov, Rəhman Dünyamalıyev və digərləri ifa edirlər.

Tamaşa Naxçıvan Dövlət Televiziyasından və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarından və sosial şəbəkə hesablarından canlı yayımlanmışdır.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

19.02.2021

Joomla 1.5