Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib

Yanvarın 12-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2020-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, nazirlik tərəfindən yanvar-mart aylarında ənənəvi qaydada, aprel-dekabr aylarında isə pandemiya dövrünə uyğun xüsusi qaydalara ciddi riayət edilməklə onlayn mədəni tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Ötən il Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabeliyindəki mədəniyyət müəssisələri tərəfindən ötən ildə də xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliği, muxtar respublika əhalisinin mədəni tələbatının ödənilməsi istiqamətində konsert, müsabiqə, əlamətdar və tarixi günlərlə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, eləcə də tanınmış şəxsiyyətlərin yubileyləri ilə bağlı mədəni-kütləvi tədbirlər, kitab müzakirələri və təqdimatları, dəyirmi masa və diskussiyalar təşkil olunmuş, tamaşa və filmlər nümayiş etdirilmiş, açıq və distant, həmçinin ustad dərsləri keçilmiş, “Oxunması zəriri olan kitabların siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabı ötən il işıq üzü görmüş, yallılardan ibarət videodisk buraxılmış, Naxçıvan yallılarının çəkilişi aparılmış və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir. Bu ilin dekabr ayında adıçəkilən kitabın təqdimat mərasimi keçirilmiş, kitab və çəkilişi aparılmış bir neçə yallının videodiski iştirakçılara təqdim edilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar 2020-ci ilin aprel ayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin iştirakı ilə tanınmış bəstəkarın əsərlərindən ibarət yeni konsert proqramının Naxçıvan Dövlət Televiziyası vasitəsilə videoçəkilişi həyata keçirilmişdir. Aparılan çəkilişlər nazirliyin rəsmi vebsaytlarında, “Youtube” video kanalında və sosial şəbəkələrdə internet izləyicilərinə onlayn formatda təqdim edilmişdir. Ötən il “Məmməd Məmmədov – 100” adlı kitab işıq nəşr edilmiş, bəstəkarın əsərlərindən ibarət DVD disk buraxılmışdır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı muxtar respublikanın ali və ortaixtisas təhsil müəssisələrindəki nazirliyin hamiliyinə verilmiş ixtisaslarında təhsil alan tələbələr üçün nazirlik tərəfindən muzey işi ilə bağlı 3, kitabxana işi ilə bağlı 6 olmaqla, 9 açıq, eləcə də xanəndəlik, xoreoqrafiya, vokal sənəti və bədii yaradıcılıq işi ilə bağlı 5 ustad dərs keçilmiş, 4 kitab müzakirəsi, 1 görüş, 3 film nümayişi təşkil edilmiş, 3 mühazirə oxunmuşdur. Ötən 2020-ci il ərzində hamiliklə bağlı 3-ü onlayn açıq dərs olmaqla, ümumilikdə, 32 tədbir keçirilmişdir.

“Ötən il nazirliyin tabeliyində olan konsert-tamaşa müəssisələri fəaliyyətlərini ənənəvi və onlayn formatda qurmuşdur. Aprel-iyun aylarında ölkə mədəniyyəti üçün əlamətdar hadisə kimi qeyd olunan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən onlayn tamaşalar nümayiş etdirilmişdir”, – deyən nazir əlavə edib ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 2020-ci ildə Aleksandr Sergeyeviç Qriboyedovun “Ağıldan bəla”, Xaqani Əliyevin “Ehsan xan Kəngərli”, Nəbi Xəzrinin “Burla Xatun”, Cəfər Cabbarlının “Aydın”, Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərləri əsasında hazırlanan eyniadlı tamaşaları ictimaiyyətə təqdim etmişdir. Bundan əlavə Qoqolun “Müfəttiş” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri davam etmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən dövr ərzində, ümumilikdə, 5 bilet satışı ilə, 2 xeyriyyə məqsədli tamaşa nümayiş etdirilmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı isə il ərzində “Qorxaq Əhməd” (H.Əsgərov) və “Üçqismətli varis” (Z.Vedili) tamaşalarını təhvil vermiş, bilety satışı və xeyriyyə məqsədilə 29 tamaşa nümayiş etdirmişdir.

Mövcud pandemiya dövrü ilə əlaqədar 2020-ci ilin aprel ayından etibarən Naxçıvan Dövlət Musiqili Dram Teatrı 6, Naxçıvan Dövlət Kukla Teatrı isə 7 onlayn tamaşa təqdim etmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı ötən il 12 dəfə tamaşa göstərmiş, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşasını uşaq və yeniyetmələr üçün nümayiş etdirmişdir. Teatrda mövcud vəziyyətlə əlaqədar olaraq aprel ayından etibarən “Mavi işıq” tamaşasının məşqləri aparılmışdır.

Bildirilib ki. Aprel ayından başlayaraq Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün, “Simli kvarteti”nin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Kamera Orkestrinin, “28 May – Respublika Günü”nə həsr olunmuş Estrada Orkestrinin, “Milli Qurtuluş Günü”nə həsr olunmuş Kamera Orkestrinin, həmçinin Mahnı və Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin hesabat konsertləri, filarmoniyanın solistləri vokalist İlkin Abdullayevin, skripka ifaçısı Cahangir Qurbanovun, saksofon və klarnet ifaçısı Rəşad Əmiyevin solo konsertləri, o cümlədən, Aşıqlar Birliyinin və Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının onlayn konsertləri tamaşaçılara təqdim edilmişdir.

Nazir diqqətə çatdırıb ki, onlayn formada təqdim edilən konsert və tamaşalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Yola saldığımız 2020-ci il ərzində nazirlik tərəfindən müsabiqələrin həyata keçirilməsindən də bəhs edən Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirlikləri ilə birgə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”, “Mən bu yurdun övladıyam” və “And yerimiz, vətənim Azərbaycan” adlı rəsm müsabiqələri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi, bədii-qiraət, özfəaliyyət kollektivləri və dərnəklərinin üzvləri arasında “Səsin sehri, sözün sirri” müsabiqələri keçirilmiş, müsabiqə qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılmışlar. Həmçinin ötən il Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn “Evdə qal, sən də yarat” və “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm, “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse, “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx, “Saz sənətini yaşadırıq” adlı saz ifaçılıq müsabiqələrinin keçirilməsi ilə də yaddaqalan olmuşdur.

2020-ci ilin iyun ayından start verilmiş və 10 dekabr tarixədək davam etmiş “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə 44 material daxil olmuş, yekun mərhələdə 5 layihə qalib olmuşdur. Qaliblər nazirliyin diplomları ilə təltif edilmişlər.

Əhalinin asudə vaxtının səmərəli təşkili və muxtar diyarımızdakı muzeylərin təbliği məqsədilə aprel-sentyabr aylarında Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə 12 onlayn ekskursiya keçirilmiş, bu ekskursiyalar NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi “İnstagram” səhifəsindən canlı olaraq yayımlanmışdır. Bundan başqa, ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Heydər Əliyev Muzeyində gənclər üçün 5 açıq dərs keçilmiş, 3 mühazirə oxunmuş, ekskursiya təşkil edilmişdir.

Ötən ilin yanvar-dekabr ayları ərzində muzeylərə 1462 ədəd yeni eksponat daxil olmuşdur. Bəhs olunan dövrdə muxtar respublikadakı muzeyləri 122 min 577 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 15 min 323 nəfəri əcnəbi, 113 min 828 nəfəri yerli vətəndaşlar olmuşdur.

“İl ərzində kitabxanalarda, ümumilikdə, 145 sərgi qurulmuş, 366 tədbir təşkil edilmişdir”, - deyən mədəniyyət naziri bildirmidir ki, bu tədbirlərdən 102-si “Nağıl Günü”, 23-ü “Mütaliə Günü”, 26-sı “Kitabxana Günü”, 26-sı “Kitabxanaçı Günü” layihələri çərçivəsində keçirilən tədbirlər olmuşdur. Aprel-dekabr aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 1 onlayn konfrans təşkil olunmuş, 38 onlayn kitab müzakirəsi keçirilmişdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların oxunmasının təşviqi ilə əlaqədar yanvar-dekabr aylarında ənənəvi və onlayn qaydada olmaqla, ümumilikdə, 137 kitab müzakirəsi olmuşdur. Bundan başqa, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar tərəfindən fiziki imkanları məhdud insanlar da olmaqla, ümumilikdə, 1214 sakinə səyyar kitabxana xidməti göstərilmişdir.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi “Facebook” səhifəsinin ümumi izləyicilərinin sayı 651-ə çatmış, şəbəkədə 1237 paylaşım edilmişdir. Həmçinin “nmr_medeniyyet_nazirliyi” adlı “İnstagram” səhifəsinin ümumi izləyicilərinin sayı 5258 olmuş, səhifədə 1237 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” “İnstagram” səhifəsindəki 855 sayda paylaşımı 701 internet istifadəçisi izləmişdir.

Natəvan Qədimova çıxışının sonunda qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi bundan sonra da qədim diyarımızda mədəniyyət və incəsənətin inkişafı sahəsində qarşıya qoyulan vəzifələri layiqincə həyata keçirəcəkdir.

Sonra məruzə ətrafında çıxışlar olub.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

12.01.2021

Joomla 1.5