Bədii söz xəzinəsinin incisi və ya 880 illik bəşəri sərvət

“Nizami Gəncəvi ili”  – 2021

Dünya şeriyyatının günəştək nur saçan müdrik siması, şərq poeziyasının ecazkar qüvvəsi, Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətdir, Nizami Gəncəvi... Onun yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Humanist, mütəfəkkir şair kimi şöhrət qazanan görkəmli ədibin əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin mənəvi dünyasına işıq saçıb, böyük tərbiyəvi əhəmiyyət kəsb edərək bəşəriyyətin yoluna mayak olub. Nizami Gəncəvi bir ədib kimi bütün dövrlərin fövqündə dayanmağı bacarıb. O, təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın sevimli şairi olaraq şöhrət qazanıb. Müdrik şairin yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, insanın ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Böyük şairin bəşəriyyətə təlqin etdiyi mənəvi dəyərlər ən çətin zamanlarda da insanlar üçün bir ümid işığına, gələcəyə, inkişafa yol göstərən mənəvi bələdçiyə çevrilib. Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir. Onun əsərləri mədəniyyətin xalqlar arasında körpü salmasını və ictimai şüuru təcəssüm etdirir.  Şairin yaradıcılığı özündən sonrakı dövrdə böyük bir ədəbi məktəb formalaşdırıb. O hələ sağlığında özünə şeirdən əbədi bir mücəssəmə qoyub ki, ondan sonra yazıb-yaradan böyük sənətkarlar Nizamini özlərinə ustad biliblər. Nizami Gəncəvi sözünün işığında dünyanın müxtəlif ölkələrində yüzlərlə şair, filosof yetişib. Nəsimi qədər qüdrətli, Füzuli qədər əzəmətli şairlərin  belə yaradıcılıqlarında Nizami müdrikliyi duyulur.

Yazılı mənbələrdə Nizaminin həyatına dair məlumat az olsa da, şairin əsərlərindən onun insanlığa nümunə olan şəxsiyyəti, mənəvi aləmi haqqında ətraflı məlumat almaq olur. Görkəmli mütəffəkirin mənalı həyat yolu qədim Gəncə şəhərində başlayır. Dahi şair 1141-ci ildə Gəncədə dünyaya göz açır. 1169-cu ildə Dərbənd hökmdarı Nizamini öz sarayına cəlb etmək üçün ona Afaq adlı bir kəniz göndərir. Şair Afaqı qəbul edir və onunla evlənir. 1174-cü ildə Nizaminin Afaqdan Məhəmməd adlı bir oğlu olur. 1179-cu ildə Şairin həyat yoldaşı Afaq vəfat edir və o, ikinci dəfə Gövhər adlı bir qadınla evlənir.

İlk yaradıcılığa rübai şerlərlə başlayan Nizami dünya ədəbiyyatı tarixində beş poemadan ibarət “Xəmsə”nin müəllifi kimi məşhurdur. O, xəmsəçilik ədəbi məktəbinin əsasını qoyaraq klassik ədəbiyyata yeni bir dünya görüşü, forma və məzmun gətirib. Nizami Gəncəvi 1176-1178-ci ildə “Xəmsə”yə daxil olan ilk böyük əsəri “Sirlər xəzinəsi”ni yazıb. 1180-ci ildə Nizami Yaxın Şərqdə ilk romantik poema sayılan “Xosrov və Şirin” poemasını bitirərək Cahan Pəhləvana hədiyyə edib. 1188-ci ildə Nizami üçüncü böyük əsəri “Leyli və “Məcnun” poemasını, 1193-1197-cu illərdə Nizami Ağsunqar Körpə Arslana ithaf etdiyi “Yeddi gözəl” poemasını yazıb. 1200-cü ildə Nizami yaradıcılığının ən uca zirvəsi sayılan “İskəndərnamə” ilə Azərbaycan poeziyasının ölməzliyinə möhür vurub. İskəndərnamə dastanı XII yüzillik Azərbaycan intibah şeri və mədəniyyətinin əlçatmaz zirvəsidir. Bu poema İskəndərin, alimlərin və Nizaminin ölümü ilə tamamlanır. 1209-cu ildə  Nizami Gəncəvi doğulduğu qədim Gəncə şəhərində vəfat edir. XIII-XIV əsrlərdə Nizaminin Gəncə şəhərinin yaxınlığında - Əhmədli kəndində dəfn olunduğu yerdə - qəbri üstündə ağ əhəng daşından türbə tikilir. 1891-ci ildə XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi qarşısında qalan türbənin ciddi təmirə ehtiyyacı olduğuna görə Nizami Gəncəvinin anadan olmasının 750-ci ildönümü münasibətilə türbənin yerində Nizami Gəncəvinin məqbərəsi ucaldılır.

Nizami kimi dahi bir sə­nətkarın yaradıcılığına sovet dövründə dövlət səviyyəsində yüksək qiymətin verilməsi ulu öndər Heydər Əliyev müdrikliyinin bəhrəsidir. Bu gün Nizami şöhrətinin, Nizami qüdrətinin qol-qanad açmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Dahi şəxsiyyət ədəbi irsin qorunmasına qayğı göstərərək nəinki, Nizami Gəncəvinin, Azərbaycanın klassik şair və ədiblərinin ev-muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün böyük işlər görüb. Ulu öndər hər zaman şairin ölməz sənətinə, dünyanı bürüyən əbədi şöhrətinə çox yüksək qiymət verərək, dahi söz ustasının irsinin geniş təbliğini, onun yubileylərinin müntəzəm surətdə keçirilməsini tövsiyə edirdi. Ümummilli lider Heydər Əliyev müxtəlif vaxtlarda şairin yubileylərinin keçirilməsi, ədəbi irsinin öyrənilməsi, əsərlərinin kütləvi nəşri barədə sərəncamlar imzalayıb, ədəbi ictimaiyyətin diqqətini xalqımızın bu müdrik oğlunun şəxsiyyətinə, sənət aləminə daha yaxından cəlb edib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 22 sentyabr 1975-ci  və 4 yanvar 1978-ci illərdə “Nizami məqbərəsinin qorunması”, 1 yanvar 1979-cu ildə Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında, 28 iyul 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi münasibətilə verilən qərar və göstərişlər böyük şair haqqında möhtəşəm tədbirlər görülməsinə, genişmiqyaslı tədqiqatlar aparılmasına səbəb olub. “Nizami” filminin çəkilməsi, “Xəmsə” kompleks abidələrinin ucaldılması, Nizami məqbərəsinin təmiri və qorunması, “Xəmsə”nin yeni tərcümə və  nəfis tərtibdə nəşr edilməsi, dünyanın bir çox şəhərlərində Nizami heykəllərinin ucaldılması, Bakı Metropoliteninin stansiyalarından birinə “Nizami” adının verilməsi və digər tədbirlər Heydər Əliyevin dahi Azərbaycan şairinə olan diqqət və qayğısının bariz nümunəsidir. Onu da qeyd edək ki, mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi hazırda uğurla fəaliyyət göstərməkdədir. Nizami, xalqımızı BMT-də YUNESKO xətti ilə tanıdan ilk şəxs olub. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il YUNESCO tərəfindən “Nizami ili” elan edilib.

Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də ölməz Nizami irsinə xüsusi ehtiram bəsləyir, onun təbliğinə həmişə böyük həssaslıqla yanaşır. Cənab İlham Əliyevin böyük mütəfəkkirin anadan olmasının 880 illiyi münasibətilə imzaladığı 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi şairin irsinə ehtiramın daha bir bariz ifadəsidir. Sərəncam bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri kimi Nizami Gəncəvinin tarixi irsinin misilsiz qiymətidir.

Nizami Gəncəvi yaradıcılığında cəmiyyətdəki ziddiyyətlər, ağır epik lövhələr, həmin ziddiyyət və ağırlıqlardan doğan narazılıqlar qədər bu ziddiyyətlərin, əzab və əziyyətlərin aradan qalxacağına, xeyirin hər zaman qalib gələcəyinə böyük bir ümid olub.  Dahi mütəffəkirin əsərlərinin əsas qayəsində məhz bəşəriyyət üçün ali məqsədlər dayanıb. Böyük ədib “Xəmsə”sində də, lirik şeirlərində də məhz mütərəqqi ideyaları, inkişaf niyyətlərini təbliğ edib. Dağıdıcılığı yox, quruculuğu, nifrəti, əzabı yox, onun rifahına çalışmağı önə çəkib. Ədaləti, insanpərvərliyi, sevgini, dostluğu, əməksevərliyi, dürüstlüyü, saflığı və bu kimi mənəvi keyfiyyətləri insanlığın zinəti kimi görüb. Elə 2021-ci ilin “Nizami Gəncəvi ili” və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi də əsrlərdən süzülüb gələn ümid işığının harmoniyası, xeyirin şərə qalibiyyətidir. “Nizami Gəncəvi ili”nin xalqımızın Zəfər ilinə çevrilmiş 2020-ci ildən sonraya təsadüf etməsi 44 günlük Vətən müharibəsində xeyirin şər üzərində qələbə çalması Qarabağ torpaqlarında hər kəsin rifah içində yaşamasına, xoşbəxt bir həyatın qurulmasına, insan hüquq və azadlıqlarının qorunmasına, ermənilərin illərlə xarabalıqlara çevirdikləri məkanlarımızın yenidən cənnətə çevrilməsinə zəmin yaradan qələbədir. Artıq, Nizami Gəncəvinin bundan sonrakı yubiley tədbirləri Mədəniyyət Mərkəzimiz azad Şuşamızda da keçiriləcək, sevgisi ilə mənəvi dünyamızı hifz edən Nizaminin nigaran ruhu Xeyirin böyük qələbəsindən sonra səmada xoşbəxtliklə pərvaz edəcək, Nizami misralarının əsrlərdən gələn səsi bundan sonra da firavanlığın, nicatın yolunu göstərəcək. Dünya bədii mədəniyyət tarixində əlamətdar möcüzələrdən olan Nizami sənətinin kamillik və müdriklik zirvəsinin söz gülüstanı bütöv Azərbaycana xoş təravət saçacaq.

Gülcamal TAHİROVA

"Şərq qapısı" qəzeti

07.01.2021

Joomla 1.5