Ötən il mədəniyyət müəssisələrinin fəaliyyətinin onlayn formatda mütəşəkkil təşkili ilə yadda qaldı

2020-cu il Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətində uğurlu illərdən biri kimi tarixə qovuşdu. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabeliyindəki mədəniyyət müəssisələri tərəfindən ötən ildə də xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliği, muxtar respublika əhalisinin mədəni tələbatının ödənilməsi istiqamətində konsert, müsabiqə, əlamətdar və tarixi günlərlə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, eləcə də tanınmış şəxsiyyətlərin yubileyləri ilə bağlı mədəni-kütləvi tədbirlər, kitab müzakirələri və təqdimatları, dəyirmi masa və diskussiyalar təşkil olunmuş, tamaşa və filmlər nümayiş etdirilmiş, açıq və distant, həmçinin ustad dərsləri keçilmiş, yeni il münasibəti ilə konsert və tamaşalardan ibarət proqramlar, eləcə də “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur. Qeyd edək ki, mədəni-kütləvi tədbirlər mövcud pandemiya dövrünə uyğun olaraq, aprel-dekabr aylarında xüsusi qaydalara riayət etməklə onlayn, məhdud sayda isə ənənəvi qaydada təşkil edilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Gənclər Günü” münasibətilə aid təşkilatlarla birgə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramının təqdim edilməsi ötən ilin ən əlamətdar mədəni tədbirlərdən biri kimi yaddaqalan olmuşdur.

2020-ci ilin mart ayında “8 Mart – Beynəlxalq Qadınlar Günü”, sentyabr ayında “Milli Musiqi Günü” münasibətilə keçirilən tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yaradıcı kollektivlərinin konsert proqramları sakinlər tərəfindən maraqla qarşılanmışdır. Həmçinin ötən ilin mart ayında “Milli Teatr Günü”, iyun ayında “Milli Qurtuluş Günü” münasibətilə keçirilən tədbirlərdə müvafiq olaraq tamaşa nümayiş etdirilmiş, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fonduna daxil olan rəsm əsərləri və xalçalardan ibarət sərgi təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə yola saldığımız il ərzində 50 ədəd xalça haqqında məlumat daxil edilmişdir. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 504 ədəd xalça haqqında məlumatlar il ərzində Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” “İnstagram” səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin “Facebook” və “İnstagram” səhifələrində paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabı işıq üzü görmüş, yallılardan ibarət videodisk buraxılmış, Naxçıvan yallılarının çəkilişi aparılmış və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar aprel ayında tanınmış bəstəkarın əsərlərindən ibarət yeni konsert proqramının Naxçıvan Dövlət Televiziyası vasitəsilə videoçəkilişi həyata keçirilmişdir. Aparılan çəkilişlər nazirliyin rəsmi vebsaytlarında, “Youtube” video kanalında və sosial şəbəkələrdə internet izləyicilərinə onlayn formatda təqdim edilmişdir. Həmçinin ötən il “Məmməd Məmmədov – 100” adlı kitab işıq nəşr edilmiş, bəstəkarın əsərlərindən ibarət DVD diski buraxılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrindəki Nazirliyin hamiliyinə verilmiş ixtisaslarında təhsil alan tələbələr üçün Nazirlik tərəfindən muzey işi ilə bağlı 3, kitabxana işi ilə bağlı 6 olmaqla, 9 açıq, eləcə də xanəndəlik, xoreoqrafiya, vokal sənəti və bədii yaradıcılıq işi ilə bağlı 5 ustad dərs keçilmiş, 4 kitab müzakirəsi, 1 görüş, 3 film nümayişi təşkil edilmiş, 3 mühazirə oxunmuşdur. Ötən 2020-ci il ərzində hamiliklə bağlı 3-ü onlayn açıq dərs olmaqla, ümumilikdə, 32 tədbir keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ötən il ərzində Aleksandr Sergeyeviç Qriboyedovun “Ağıldan bəla”, Xaqani Əliyevin “Ehsan xan Kəngərli”, Nəbi Xəzrinin “Burla Xatun”, Cəfər Cabbarlının “Aydın”, Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərləri əsasında hazırlanan eyniadlı tamaşaları ictimaiyyətə təqdim etmişdir. Bundan əlavə Qoqolun “Müfəttiş” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri davam etmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı isə il ərzində “Qorxaq Əhməd” (H.Əsgərov) və “Üç qismətli varis” (Z.Vedili) tamaşalarını təhvil vermiş, bilet satışı və xeyriyyə məqsədilə 29 tamaşa nümayiş etdirmişdir.

Mövcud pandemiya dövrü ilə əlaqədar 2020-ci ilin aprel ayından etibarən Naxçıvan Dövlət Musiqili Dram Teatrı 6, Naxçıvan Dövlət Kukla Teatrı isə 7 onlayn tamaşa təqdim etmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı ötən il 12 dəfə tamaşa göstərmiş, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşasını uşaq və yeniyetmələr üçün nümayiş etdirmişdir. Teatrda mövcud vəziyyətlə əlaqədar olaraq aprel ayından etibarən “Mavi işıq” tamaşasının məşqləri aparılmışdır.

Aprel ayından başlayaraq Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün, “Simli kvarteti”nin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Kamera Orkestrinin, “28 May – Respublika Günü”nə həsr olunmuş Estrada Orkestrinin, “Milli Qurtuluş Günü”nə həsr olunmuş Kamera Orkestrinin, həmçinin Mahnı və Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin hesabat konsertləri, filarmoniyanın solistləri vokalist İlkin Abdullayevin, skripka ifaçısı Cahangir Qurbanovun, saksofon və klarnet ifaçısı Rəşad Əmiyevin solo konsertləri, o cümlədən, Aşıqlar Birliyinin və Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının onlayn konsertləri tamaşaçılara təqdim edilmişdir. Beləliklə, Naxçıvan Dövlət Filarmoniyası dövr ərzində musiqisevərlər üçün, ümumilikdə, 14 onlayn konsert təqdim etmişdir. Bundan başqa, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Culfa və Şərur, “Muğam studiyası” Kəngərli Rayon Mədəniyyət saraylarında bilet satışı ilə konsert vermişdir.

2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”, “Mən bu yurdun övladıyam” və “And yerimiz, vətənim Azərbaycan” adlı rəsm müsabiqələri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi, bədii-qiraət, özfəaliyyət kollektivləri və dərnəklərinin üzvləri arasında “Səsin sehri, sözün sirri” müsabiqələri keçirilmiş, müsabiqə qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılmışlar. Həmçinin ötən il Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn “Evdə qal, sən də yarat” və “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm, “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse, “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx, “Saz sənətini yaşadırıq” adlı saz ifaçılıq müsabiqələrinin keçirilməsi ilə də yaddaqalan olmuşdur.

Yola saldığımız 2020-ci ilin iyun ayından start verilmiş və 10 dekabr tarixədək davam etmiş “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə 44 material daxil olmuş, yekun mərhələdə 5 layihə qalib olmuşdur. Qaliblər Nazirliyin diplomları ilə təltif edilmişlər.

Əhalinin asudə vaxtının səmərəli təşkili və muxtar diyarımızdakı muzeylərin təbliği məqsədilə aprel-sentyabr aylarında Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə 12 onlayn ekskursiya keçirilmiş, bu ekskursiyalar NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi “İnstagram” səhifəsindən canlı olaraq yayımlanmışdır.

“18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar Nazirlik tərəfindən muxtar respublika ərazisində olan abidələrin görüntülərindən ibarət slayd və videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında və digər sosial şəbəkə hesablarında paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 2-si Xatirə Muzeyində, 2-si Heydər Əliyev Muzeyində, 2-si Dövlət Bayrağı Muzeyində, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Cəlil Məmmədquluzadənin Ev və Məhəmməd Tağı Sidqinin Ev muzeylərində olmaqla, ümumilikdə 11 interaktiv dərs keçilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Xatirə, Cəlil Məmmədquluzadənin Ev, Dövlət Bayrağı, Cəmşid Naxçıvanski, Naxçıvan Dövlət Tarix Muzeylərində, Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksində, Heydər Əliyev Muzeyində və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində ümumtəhsil məktəblərinin şagirdləri üçün 11, ümumilikdə ümumtəhsil məktəblərinin şagirdlərinə 190 açıq dərs keçilmişdir.

2020-ci il ərzində muzeylər üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi davam etdirilmiş, muxtar respublika sakinləri tərəfindən təqdim edilən, eləcə də “Tariximizi qoruyaq və yaşadaq” devizi altında ümumtəhsil məktəbləri tərəfindən hədiyyə edilən maddi-mədəniyyət nümunələri Mədəniyyət Nazirliyinə təqdim edilmişdir. Bu münasibətlə keçirilən təqdimat mərasimlərində 662 eksponat muzey fondlarına daxil edilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna 83 ədəd qədim əlyazma və kitab nümunəsinin təqdimatı keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında naxçıvanlı rəssamların yaradıcılığı ilə bağlı silsilə tədbirlər çərçivəsində tanınmış rəssamların və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılıqlarına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbirlər keçirilmişdir.

2020-ci il Naxçıvan Dövlət Tarix və Dövlət Bayrağı muzeyləri üçün də əlamətdar olmuşdur. Belə ki, ötən ilin fevral ayında qeyd olunan muzeylərin internet portalının və internet saytının təqdimatları olmuşdur. Həmçinin, ötən dövr ərzində Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Heydər Əliyev Muzeyində gənclər üçün 5 açıq dərs keçilmiş, 3 mühazirə oxunmuş, ekskursiya təşkil edilmişdir.

Nazirlik tərəfindən ötən ilin avqust-oktyabr aylarında muzey və kitabxanaların işçiləri üçün “Nitq mədəniyyəti” kursu təşkil edilmiş, mütəxəssislər tərəfindən 3 qrupda aparılan kursda hər birində 10 nəfər olmaqla, ümumilikdə, 30 nəfər mədəni-maarif müəssisəsinin əməkdaşı iştirak etmişdir.

Ötən ilin yanvar-dekabr ayları ərzində muzeylərə 1462 ədəd yeni eksponat daxil olmuşdur. Bəhs olunan dövrdə muxtar respublikadakı muzeyləri 122 min 577 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 15 min 323 nəfəri əcnəbi, 113 min 828 nəfəri yerli vətəndaşlar olmuşdur.

Aprel-dekabr ayları ərzində muzeylərin sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlərlə, tanınmış şəxsiyyətlərlə, muzeylərdə olan eksponatlarla bağlı, həmçinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə 3 min 902 videomaterial, slayd, məlumat hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Bu paylaşımların 923-ü onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” “İnstagram” hesabına 855 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir. Muzeylər tərəfindən rəsmi “İnstagram” səhifələrində bir il ərzində 15 min 12, rəsmi “Facebook” hesablarında isə 15 min 357 paylaşım edilmişdir. Bu paylaşımların 55 minə yaxın izləyicisi olmuşdur.

Ötən 1 il ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də (MKS) tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlər keçirmişdir.

İl ərzində kitabxanalarda, ümumilikdə, 145 sərgi qurulmuş, 366 tədbir təşkil edilmişdir ki, bunlardan 102-si “Nağıl Günü”, 23-ü “Mütaliə Günü”, 26-sı “Kitabxana Günü”, 26-sı “Kitabxanaçı Günü” layihələri çərçivəsində keçirilən tədbirlər olmuşdur. Aprel-dekabr aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 1 onlayn konfrans təşkil olunmuş, 38 onlayn kitab müzakirəsi, MKS-lərin əməkdaşları üçün 6 onlayn, 4 ənənəvi təcrübə məşğələsi keçirilmişdir. Eləcə də “23 Aprel – Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü”, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 114 illiyi ilə bağlı hazırlanmış videomateriallar da Nazirliyin “Youtube” kanalında yerləşdirilmiş, “Facebook” və “İnstagram” səhifələrində paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi ilə bağlı il ərzində 40-ı klub müəssisələrinin işçiləri ilə, 2-si gənclərlə, 75-i kitabxana işçiləri ilə və digər olmaqla, ümumilikdə, 137 kitab müzakirəsi keçirilmişdir. Bu müzakirələrdən 42-si onlayn formatda olmuşdur. Həmçinin siyahıya daxil edilmiş kitablardan ibarət 306 video və audio material hazırlanmış, 612 paylaşım edilmişdir. Həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları və mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən 769 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin “Youtube” kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır. “Nağıl Günləri” layihəsi çərçivəsində aprel-dekabr aylarında 59-u M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 379-u A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, 438 audio nağıl hazırlanaraq kitabxanaların sosial şəbəkə hesablarında 893 paylaşım edilmişdir.

Aprel-may aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən oxuculara sifarişlər əsasında evlərə kitabların çatdırılması xidməti göstərilmişdir. Hesabat dövründə müraciət etmiş 1214 şəxsə səyyar kitabxana xidməti göstərilmiş, 2981 kitab verilişi olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 232 uşağa səyyar kitabxana xidməti göstərilmiş, 651 kitab verilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 193, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən isə 25 nəfər uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının bu kateqoriyadan olan uşaqlar üçün keçirdiyi şeir və “21 Sentyabr – Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Biz sülh istəyirik” adlı onlayn rəsm müsabiqəsi maraqla qarşılanmışdır.

2020-ci ilin yanvar-fevral aylarında Naxçıvan şəhər, Kəngərli, Şahbuz və Culfa rayon MKS-lərin əməkdaşları üçün 3 təlim kursu keçilmiş, 5 günlük təlim kurslarında 135 nəfər kitabxanaçı iştirak etmişdir.

2020-ci il ərzində Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 40 adda 1172 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 958 adda 1798 nüsxə çap məhsulu daxil olmuş, kitabxanalarda yeni oxucu sayı 1359 nəfər, oxucu gəlişi 50 min 250 nəfər, kitab verilişi isə 318 min 459 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 5 min 854 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 20 min 820-yə, şəbəkəyə isə 482 kitab (PDF) işlənərək ümumi say 3 min 197-yə çatdırılmışdır. Elektron kitabxanadan 6 min 79 oxucu istifadə etmişdir. Bunlardan 1729-u lokal, 4350-si isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 1075 material hazırlanmış, sosial şəbəkə hesablarında 7 min 29 paylaşım edilmişdir. İzləyici sayı “İnstaqram” səhifələrində 7 min 220, “Facebook” səhifələrində isə 5 min 916 olmuşdur.

Naxçıvan Dövlət Film Fondu tərəfindən ötən il “İnstaqram” və “Facebook” sosial şəbəkələri vasitəsilə görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı, ümumilikdə, 746 material hazırlanmış, sosial şəbəkə hesablarında 1492 paylaşım edilmişdir. Paylaşımları 1392 internet istifadəçisi izləmişdir. İl ərzində Naxçıvan Dövlət Film Fondu tərəfindən “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində 6, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 4, sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün 1, “Əyləncə adası” İstirahət Parkında açıq havada 3 və digər tədbirlərdə olmaqla, ümumilikdə, 27 film nümayişi olmuş və 5 tədbir keçirilmişdir. Film Fond tərəfindən il ərzində aparılmış videoçəkilişlərdən, ümumilikdə, 72 videomaterial hazırlanaraq paylaşılmışdır.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün ötən ilin yanvar ayından başlayaraq milli rəqslər, rəssamlıq, yallı və dram üzrə peşə kursları təşkil edilmişdir. Yola saldığımız ötən il ərzində xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı muxtar respublikadakı klub müəssisələrinin təqdim etdiyi xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmış, 23-ü yallı olmaqla, 65 videomaterial hazırlanmışdır. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 23, rayon mədəniyyət şöbələri tərəfindən 16 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 106 videomaterial hazırlanaraq Nazirliyin “Youtube” kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

2020-ci ilin sentyabr və oktyabr aylarında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən müvafiq ssenari əsasında film hazırlanması məqsədi ilə “Şaxbəzəmə” adəti haqqında Şahbuz, “Şah plov” haqqında Ordubad rayonlarında çəkilişlər aparılmış və 2 film hazırlanmışdır. Həmçinin folklor nümunələri əsasında “Şaxbəzəmə adəti”, “Qədim-qayım qayınanaların və gəlinlərin dünyagörüşünə və məişətinə bir baxış”, “Evlən, saqqalı ağarmış, evlən”, “Nə yaxa cırmısan, nə də yaxanı cırıblar” və “Tənbəl Xanımağa” “Şərur yallısı: Leylahanı” adlı 6 ssenari mətni hazırlanmış, səhnələşdirilməsi üçün xalq teatrlarına göndərilmişdir. İl ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlərlə bağlı, milli adət-ənənələrin, xalq sənətkarlığının təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, bədii qiraət və s. olmaqla, ümumilikdə, 292 material hazırlanmış, müəssisənin “İnstaqram” və “Facebook” hesablarında 1563 paylaşım edilmiş, “İnstaqram”da 536, “Facebook”da 486 izləyici sayı olmuşdur. Mərkəzin İnstaqram profilində mütəmadi olaraq folklorumuzla bağlı test suallarının paylaşılması davam etdirilmişdir.

Aprel-dekabr aylarında klub müəssisələri tərəfindən əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli 736 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin “Youtube” kanalına yerləşdirilmiş, müəssisələrin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 10 min 463 paylaşım edilmişdir. “Facebook” sosial şəbəkəsindəki 4 min 548 sayda paylaşımı 9 min 575 nəfər izləmiş, “İnstaqram səhifələrində edilən 5 min 915 paylaşımın isə 8 min 580 izləyicisi olmuşdur.

Dövr ərzində xalq teatrları da öz fəaliyyətini davam etdirmiş, Babək Rayon Xalq Teatrı Əliyar Yusiflinin “Alova çevirilən qəzəb”, Ordubad Rayon Xalq Teatrı Firuz Mustafanın “Sevməsəm, ölləm”, Şərur Rayon Xalq Teatrı Əziz Nesinin “Öldürsənə, can-ciyər”, Naxçıvan Şəhər Xalq Teatrı Rauf İçərişəhərlinin “Arzum çin oldu”, Şahbuz Rayon Xalq Teatrı isə Sahib İbrahimlinin “Sadığın toyu” tamaşalarını hazırlamışlar. Bundan əlavə Ordubad Rayon Xalq Teatrı Arif Abdullazadənin “Aqillər”, Babək Rayon Xalq Teatrı isə Nizami Əzizəliyevin “Ağlı olmadı bəli, dul qalacaq Bəndəli” tamaşalarının məşqlərini davam etdirmişdir.

2020-ci ildə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə müvafiq fənləri üzrə 10 metodik kurs, həmçinin 16 ustad dərs keçilmişdir. Bundan əlavə, Bakı Şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixtisası üzrə müəllimi Anar Yusifov tərəfindən Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdlərinə ustad dərsi keçilmiş və Naxçıvan Musiqi Kollecində istedadlı ifaçının konserti təşkil edilmişdir.

Aprel ayından etibarən muxtar respublikadakı orta ixtisas və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində dərslərin onlayn formatda tədrisinə başlanmış, ümumilikdə, 13 min 940 onlayn dərs keçilmişdir.

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş 6-cı “Qarabağ-2020” Beynəlxalq İncəsənət Müsabiqəsində Naxçıvan Musiqi Kollecinin qarmon və klarnet ixtisasları üzrə 2 nəfər tələbəsi müsabiqənin II və III dərəcəli diplomlarına layiq görülmüşdür.

Bəhs olunan dövrdə Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Uşaq Filarmoniyası və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən ümumilikdə, 591 videomaterial hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır. 2020-ci ilin may ayında Nazirliyin yeni layihəsi olan “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının musiqiçilərinin ifasında Naxçıvan Dövlət Film Fondu tərəfindən hazırlanmış bir sıra sosial videomateriallar internet resurslarında paylaşılmışdır.

2020-2021-ci tədris ilində Naxçıvan Musiqi Kollecinə 140 nəfər əyani, 6 nəfər qiyabi şöbəyə olmaqla, ümumilikdə, 146 nəfər tələbə qəbulu aparılmışdır. Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə, ümumilikdə, 935 şagird qəbulu aparılmışdır.

İl ərzində mədəniyyət sahəsində çalışan, təhsil alan gənclər üçün ekskursiyalar, film və kitab müzakirələri, diskussiya və maarifləndirici tədbirlər keçirilmiş, Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə “Şəxsiyyətin formalaşdırılması” və “İslamın əxlaqi dəyərlərinin təbliği” istiqamətində görüşlər təşkil edilmişdir.

Naxçıvan mədəniyyətinin təbliği, qədim dövr Azərbaycan mədəniyyəti haqqında gənclərin ətraflı məlumatlandırılması və gənc nəslə qədim tarixi abidələrimizin tanıdılması məqsədi ilə gənclərin Xatirə Muzeyinə, Məmməd Arazın Ev Muzeyinə və Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev Muzeyinə, Naxçıvan Döyüş Şöhrəti Muzeyinə, Naxçıvan Dövlət Rəsm Qalereyasına, Bəhruz Kəngərli Muzeyinə, Naxçıvan Dövlət Tarix Muzeyi və Yusif Küseyir oğlu türbəsinə ekskursiyaları təşkil olunmuşdur. Ümumilikdə, dövr ərzində gənclər 9 muzey və muzeytipli müəssisəyə ekskursiya etmişlər.

İl ərzində gənclər arasında film və kitab müzakirələrinə də geniş yer verilmiş, Azərbaycan və dünya kinosu incilərindən bir neçə bədii filmin, həmçinin “Çərpələng uçuran”, “Edama məhkumun son gecəsi”, “Taun”, “Körpüsalanlar”, “Qumarbaz”, “Cəhənnəmdən gələn səs”, “Martin İden”,  “Şahmat” və “A.S.Qriboyedov: şair-diplomat” əsərlərinin müzakirələri keçirilmişdir. Ümumilikdə, dövr ərzində gənclər arasında 13 film və 9 kitab müzakirəsi keçirilmişdir.

Qeyd olunanlarla yanaşı, gənclər arasında bir sıra yarışlar da keçirilmişdir. Belə ki, Nazirliyin nəzdində fəaliyyət göstərən Gənclər Birliklərinin üzvləri arasında “Yaşa və öyrən – onlayn” və Naxçıvan Gənclər Fondunun könüllüləri ilə birgə “Yaşa və öyrən – Dostluq” intellektual bilik yarışları, həmçinin Nazirliyin Gənclər birliyi üzvləri üçün “Gəlin səssiz danışaq” adlı tarix-mədəni oyunu keçirilmişdir.

2020-ci ildə Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmiş, yeni tikilən Ordubad rayon Vənənd, Şərur rayonunun Muğancıq-Mehrab, Qarabürc və Məmmədsabir, Culfa rayonunun Camaldın, Babək rayonunun Nəcəfəli Dizə, kənd mərkəzlərində kitabxana, mədəniyyət evi və klubların fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır. Şərur şəhərində Təqaüdçülər Klubunun binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan şəhərində XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi və XIV əsrə aid Buzxana abidəsi, Kəngərli rayonunun Şahtaxtı kəndində XIX əsrə aid hamam bərpa edilmişdir.

2020-ci il ərzində Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 1 nəfər “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 3 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adlarına, 10 nəfər isə Prezident mükafatına layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi “Facebook” səhifəsinin ümumi izləyicilərinin sayı 651-ə çatmış, şəbəkədə 1237 paylaşım edilmişdir. O cümlədən “nmr_medeniyyet_nazirliyi” adlı “İnstagram” səhifəsinin ümumi izləyicilərinin sayı 5258 olmuş, səhifədə 1237 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” “İnstagram” səhifəsindəki 855 sayda paylaşımı 701 internet istifadəçisi izləmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Joomla 1.5