Xalq artisti Tofiq Bakıxanovun “Naxçıvan-Simfonietta” kitabının təqdimatı olub

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovun Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün partitura formasında yazdığı, Naxçıvanda nəşr edilmiş “Naxçıvan-Simfonietta №3” musiqi kitabının təqdimatı keçirilib.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Qeyd edib ki, uzun bir tarixi yol keçmiş, zəngin, çoxşaxəli, milli mədəniyyətimizin parlaq səhifələrindən olan və ən dəyərli inciləri özündə daşıyan musiqi mədəniyyətimizin görkəmli simalarından biri də bəstəkar Tofiq Bakıxanovdur. O, əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən böyük bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, professor, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, milli musiqimizi, incəsənətimizi, mədəniyyətimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınır. Bu gün həm də 90 illik yubileyini qeyd etdiyimiz böyük bəstəkarımız Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yer tutmuş böyük ailəsi haqqında geniş danışmaq olar. Tofiq Bakıxanovun həyatında və yaradıcılığında onun nəsil şəcərəsinə və ənənələrə bağlılığı özünü qabarıq şəkildə büruzə verir və bu bağlılıq əlamətdar hadisələrdə müşayiət olunur. Tofiq Bakıxanov Azərbaycana görkəmli şəxsiyyətlər vermiş məşhur Bakıxanovlar nəslinin nümayəndəsidir. Tofiq müəllim görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlmiş və muğam mühitində boya-başa çatmışdır. Qan yaddaşı ilə ötürülmüş və hafizəsinə hopmuş muğamlar onun yaradıcılıq üslubunun bünövrəsinə çevrilmişdir. Onun sənət taleyində mühüm rol oynamış bir neçə böyük sənətkar olmuşdur. O, dahi bəstəkar, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlmiş və məhz onun məsləhəti ilə skripka alətini seçmişdir. Vaxtilə böyük bəstəkarımız Üzeyir Hacıbəyli Tofiq Bakıxanovun onillik musiqi məktəbində oxuduğu illərdə çalğısını dinlədikdən sonra onun böyük gələcəyi olacağını söyləmişdi. Tofiq Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin tələbəsi olmuş və bu adı ömrü boyu fəxrlə daşımışdır. Qara Qarayevin sinfində öyrəndiyi bəstəkarlıq üsulları onun sənətdə öz yolunu tapması, öz dəst-xəttini yaratması üçün geniş imkanlar açmışdır. Tofiq Bakıxanovun öz sözləri ilə desək, o, Qara Qarayevdən musiqinin incəliklərini öyrənmiş, bəstəkarlığın necə çətin və şərəfli bir sənət olduğunu dərindən duymuşdur. Tofiq Bakıxanovun sənət zövqü, dünyagörüşü, yaradıcılıq üslubu bilavasitə Qara Qarayevin təsiri altında formalaşmış, professional keyfiyyətlər kəsb etmişdir. Məhz bu səbəbdəndir ki, Tofiq Bakıxanovun yaradıcılıq üslubunda milli musiqi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaratmışdır. Bütün bunlar onun Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndəsi kimi yüksək ad-san qazanmasına gətirib çıxarmışdır. Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. O, operadan başqa, musiqinin demək olar ki, bütün janrlarına müraciət etmiş və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdir. Onun bədii irsinə nəzər salsaq, çox sanballı bir siyahı ilə rastlaşarıq. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin müəllifidir. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqisində viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq Tofiq Bakıxanov müraciət etmişdir. T.Bakıxanov, eyni zamanda, üç balet, üç musiqili komediya, 100-ə qədər mahnı və romanslar bəstələmişdir. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində səkkiz simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertüralar və s. əsərlərlə təmsil olunmuşdur.

Tofiq Bakıxanovun həyat və yaradıcılığında Naxçıvana olan məhəbbətini xüsusi qeyd edən Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, Naxçıvanı “Ulu və müqəddəs diyar” adlandıran bəstəkar, xüsusilə, son dövr yaradıcılığında məhz Naxçıvanla bağlı mövzulara geniş yer vermişdir. Belə ki, bu gün təqdimatına yığışdığımız, bəstəkarın simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyettası, Naxçıvana həsr olunmuş mahnıları (“Naxçıvan”, “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” və başqaları) onun bu qədim diyara və onu qurucu rəhbərinə olan məhəbbətinin ifadəsidir. Ümummilli lider Heydər Əliyevdən bəhs edən “Həmişə bizimləsən” adlı simfonik poeması da bəstəkarın məhz Naxçıvan səfərlərindən sonra ərsəyə gəlmiş, ilk dəfə məhz Naxçıvanda – bəstəkarın 75 illik yubiley tədbirində səsləndirilmişdir. Təsadüfi deyil ki, mədəniyyətimizin böyük himayədarı olan ulu öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı, sənətə və sənətkara yüksək diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da Tofiq Bakıxanov yaradıcılığına böyük diqqət göstərmiş, imzaladığı Sərəncamlarla muxtar respublikada Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri, eyni zamanda, bəstəkarın ulu babası Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adını və Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə təsis edilmiş qızıl medalı böyük dövlət xadimi Vasif Talıbovdan almaq da Tofiq Bakıxanova nəsib olmuşdur. Tofiq müəllimin bu gün təqdimatına yığışdığımız, əvvəldə adını qeyd etdiyim və etmədiyim bir neçə kitabının da məhz Naxçıvanda nəşr edilməsi Ali Məclisin sədri Vasif Talıbovun böyük bəstəkarın həyatına və yaradıcılığına nə qədər dəyər verdiyini göstərir. Ali Məclisin Sədri Vasif Talıbov hər zaman Tofiq Bakıxanov yaradıcılığını yüksək qiymətləndirmiş və onun haqqında öz ürək sözlərini belə ifadə etmişdir: “Tofiq Bakıxanovun yaradıcılığında Şərq təfəkkür tərzi ilə Qərb musiqi mədəniyyəti özünəməxsus şəkildə vəhdət təşkil etmişdir. Bu əsərlərin mövzusu Şərq və ya Azərbaycan mühitindən götürülsə də, musiqi dili, bəstəkarlıq üslubu Avropa musiqi mədəniyyətinə xas olan yüksək professional səviyyədə təcəssüm etdirilir. Bu mənada, Tofiq Bakıxanov yaradıcılığı beynəlxalq musiqi standartları səviyyəsinə çıxaraq özünə əbədi yaşamaq haqqı qazanmışdır... Tofiq Bakıxanov, sözün həqiqi mənasında, musiqi fədaisidir”.

Daimi nümayəndəliyin rəhbəri deyib: “Tofiq Bakıxanovun daimi nümayəndəliklə sıx əlaqəsini ayrıca qeyd etmək istəyirəm. Odur ki, böyük bəstəkarımızın yaradıcılığını yaxından izləmək, onunla tanış olmaq bizə də qismət olmuşdur. Qürurla deyə bilərəm ki, ötən illər ərzində dəfələrlə Tofiq müəllimin müəllif konsertlərində, kitab təqdimatlarında, muxtar respublikaya səfərlərinin təşkil olunmasında yaxından iştirak etmiş, yubiley tədbirlərində çıxış etmişik. O, milli musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi həyatının müxtəlif illərində respublikada və xaricdə bir çox beynəlxalq musiqi festivallarında, müsabiqələrdə iştirak etmiş, Moskvada, Tehranda, Tbilisidə, İstanbulda, İzmirdə, Bolqarıstanda onun 60-dan çox müəllif konsertləri keçirilmişdir. Bəstəkar və onun əsərləri haqqında çox sayda resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılmış, “Tofiq Bakıxanov” adlı televiziya filmi çəkilmişdir. İnanırıq ki, gələcəkdə də bəstəkarın əsərləri haqqında çox sayda elmi-tədqiqat işləri, dissertasiyalar, elmi məqalələr meydana gələcək, onun yaratdığı əsərlər, araşdırılıb təhlil olunacaq. Tofiq Bakıxanov təkcə istedadlı sənətkar deyil, həmçinin olduqca dəqiq, məsuliyyətli, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, yüksək insani keyfiyyətlərə malik böyük şəxsiyyətdir. Bir daha qeyd edim ki, bu gün Tofiq Bakıxanovun təqdim olunan, Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün partitura formasında yazdığı yeni “Naxçıvan-Simfonietta №3” musiqi kitabı da məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap edilmişdir. Bu kitab görkəmli bəstəkarın Naxçıvana və naxçıvanlılara olan dərin məhəbbətinin daha bir təzahürüdür”.

“Naxçıvan-Simfonietta №3” musiqi kitabının işıq üzü görməsi münasibətilə mədəniyyət ictimaiyyətini və tədbir iştirakçılarını təbrik edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bu kitabın nəfis tərtibatla Naxçıvanda çap olunmasına göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə daimi nümayəndəliyin kollektivi, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri, musiqi sevənlər adından dərin minnətdarlığını ifadə edib. Həmçinin ustad sənətkarı anadan olmasının 90 illiyi, yaradıcılıq fəaliyyətinin isə 70 illiyi münasibətilə muxtar respublika adından təbrik edib və ona can sağlığı, yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edənlərdən AMEA-nın vitse-prezidenti, deputat, akademik İsa Həbibbəyli Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, bəstəkarın milli ruhda yaratdığı qiymətli əsərləri musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, eyni zamanda, gənc nəslin milli ruhda böyüməsində və formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Təqdim olunan bu kitab Naxçıvan mövzusunda yazılan ilk simfoniettadır.

Bəstəkarı yeni kitabının təqdimatı, eyni zamanda, 90 illik yubileyi münasibətilə təbrik edən professor Rüstəm Kamal Rəsulov Azərbaycan tarixində silinməz iz qoymuş Bakıxanovların tarixi xidmətlərindən, həmçinin bu nəslin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi Tofiq Bakıxanov kimi dünya şöhrətli bəstəkarın yaradıcılığından bəhs edərək bildirib ki, ustad sənətkar öz yaradıcılığında Avropa musiqi dilini Azərbaycan dilinə çevirən əvəz olunmaz bəstəkardır. Bəstəkar özünün bu əsərində Naxçıvan mövzusuna bir daha müraciət etmiş və Naxçıvan dövlətçilik aurasını əsərində göstərməyə çalışmışdır.

Publisist-politoloq Reyhan Mirzəzadə, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, Əməkdar artist, tarzən Sahib Paşayev də çıxış edərək bəstəkarı ürəkdən təbrik etmiş, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanov bu kitabın nəfis şəkildə çap olunmasına, ona göstərilən yüksək diqqət və qayğıya görə, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib, həmçinin bu tədbirin təşkil olunmasında xüsusi əməyi olan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərova təşəkkür edib.

Sonda Bəxtiyar Əsgərov bir daha Tofiq Bakıxanovu anadan olmasının 90 illiyi, yaradıcılıq fəaliyyətinin isə 70 illiyi münasibətilə təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıb.

“AZƏRTAC”

28.12.2020

Joomla 1.5