Naxçıvan Dövlət Filarmoniyasının solisti onlayn solo konsert verib

Mayın 21-də Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin onlayn solo konsertləri çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında növbəti konsert proqramı musiqisevərlərə təqdim edilib. Bu dəfəki onlayn konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solisti, skripka ifaçısı Cahangir Qurbanov Azərbaycan və dünya klassiklərinin əsərlərindən nümunələr səsləndirib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimovanın (fortepiano) və Rauf Bünyətzadənin (skripka) müşayiəti ilə təqdim edilən solo konsertdə istedadlı ifaçı Cahangir Qurbanov ilk olaraq Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi “Məhəbbət əfsanəsi” baletindən bir parçanı musiqisevərlərə təqdim edib. Konsert proqramının davamında istedadlı skripkaçı Azərbaycan bəstəkarlarından Tofiq Bakıxanovun skripka və fortepiano üçün bəstələdiyi “Elegiya”, Fikrət Əmirovun “Nəsimi” dastanından “Rəqs”, Arif Məlikovun özbək şairi və filosofu Mirzə Əbdülqadir BedilinKomde Modanpoeması əsasında bəstələdiyi və librettosu müəllifə aid olan “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” və Asəf Zeynallının skripka və fortepiano üçün yazdığı “Muğamsayağı” əsərlərini uğurla ifa edib.

Dünya musiqi incəsənəti nümunələrinin də ifa edildiyi solo konsertdə istedadlı skripkaçı Hendelin Sonatasının ikinci hissəsini, Frits Kreyslerin I, II və III valslarını, Dmitri Şostakoviçin “Romans”nı, Ennio Morrikonenin “Sevgi cənnəti”, Vittorio Montinin “Çardaş” və Antonin Dvorjakın “Melodiya” əsərlərini səsləndirib.

Böyük izləyici sayı ilə maraqla qarşılanan və təqribən 45 dəqiqə davam edən onlayn solo konsert proqramı Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında canlı olaraq yayımlanıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyası da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi onlayn mədəni tədbirlərdə fəal iştirak edir. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətlə təşkil olunmuş onlayn konserti, “Muğam üçlüyü”nün, “Simli kvartet”in onlayn konserti, Filarmoniyanın solisti, gənc vokalist İlkin Abdullayevin solo konserti də belə tədbirlərdəndir.

Məlumat üçün bildirək ki, may ayının 28-də Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Respublika Gününə həsr olunmuş onlayn konsert proqramının keçirilməsi nəzərdə tutulub.

 

Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
21.05.2020

Joomla 1.5