“Milli dəyərlərimizi virtual aləmdə necə təbliğ edirik?” adlı onlayn diskussiya keçirilib

Mayın 20-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Babək Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə “Milli dəyərlərimizi virtual aləmdə necə təbliğ edirik?” mövzusunda onlayn diskussiya keçirilib.  Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki mədəniyyət müəssisələrində çalışan əməkdaşların iştirakı ilə keçirilən tədbiri Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov açaraq onlayn diskussiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, milli dəyərlərimiz milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi, eyni zamanda, fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur.

Vurğulanıb ki, günümüzün aktual hadisələrindən olan virtual aləmdən istifadə istiqamətlərindən biri də sahib olduğumuz milli dəyərlərimizi nümayiş etmək, onun təbliğinə nail olmaqdan ibarətdir. Virtual aləmin imkanlarından istifadə etməklə milli dəyərlərimizin təbliği həm də ölkəmizin dünya arenasında təbliği deməkdir.

Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadə bildirib ki, milli dəyərlərimizin təbliği hər bir vətəndaşımızın mənəvi borcudursa, onun internet resurslarında təbliği də mədəniyyət sahəsində çalışan əməkdaşların vəzifə borcudur. Folklorumuzun, milli musiqimizin, ümumilikdə, milli mədəniyyətimizin virtual aləmdə tanıdılması günümüzün sosial tələblərindəndir.

Diskussiyada Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Günel Sangur, Türkay Məmmədli, Babək Rayon Yarımca Kənd Mədəniyyət Evinin direktoru Gülşən Güləliyeva, Babək Rayon MKS-nin tərtibatçı rəssamı Fidan Quliyeva, Babək Rayon Uşaq Kitabxanasının əməkdaşı Fəridə Həsənli, Babək Rayon MKS-nin Nehrəm kənd filialının müdiri Nuray Mehdiyeva çıxış edərək xalqımızın əsrlərdən bəri qoruyub yaşatdığı xalq yaradıcılığımızın xüsusilə gənc nəslin yüksək mənəvi dəyərlərə sahib insanlar kimi formalaşmasında əhəmiyyətindən danışıb, bəşər sivilizasiyasına misilsiz töhfələr vermiş milli dəyərlərimizin sosial şəbəkələrdə təbliğinin əhəmiyyəti yollarından bəhs ediblər.

Maraqla qarşılanan diskussiyada müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

20.05.2020

Joomla 1.5