Gənclər arasında növbəti onlayn kitab müzakirəsi keçirilib

Mayın 16-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında "Zoom" mobil tətbiqi vasitəsi ilə Xalid Hüseyninin "Çərpələng uçuran" əsərinin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Nazirliyin Gənclər Təşkilatının sədri Elvin Əhmədov müəllifin yaradıcılığı haqqında məlumat vermişdir.

Daha sonra Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Həcər Əsgərova, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Əzizə Süleymanova və Naxçıvan Musiqi Kollecinin Gənclər Təşkilatının sədri Həlimə İbrahimli müzakirə iştirakçılarına əsərlə bağlı təəssüratlarını çatdırıb.

Qeyd olunmuşdur ki, “Çərpələng uçuran” 21-ci əsrin ən çox oxunan romanlarından biridir, yazıçı isə canlı klassik hesab edilir. Əsərdə dostluq və sadiqlik, satqınlıq və günah işlər kimi təzadlı epizodlarla öz əksini tapır.

Əsərin baş qəhrəmanları Əmir və Həsən yaxın dostlardır. Aralarındakı sosial fərqlər çox olsa da, uşaq dünyasında bunun əhəmiyyəti yoxdur. Hadisələr isə Kabildə cərəyan edir. Bu iki uşağı isə çərpələngə oxşatmaq olar, sonra ayrı-ayrı yerlərə istiqamət götürürlər. Hərəsinin öz taleyi və tragediyası olsa da, onların bir-biriləri ilə olan əlaqəsi heyranedici, təsiredici, qırılmaz və qaçılmazdır.

Roman bu gün müasir ədəbiyyatın təmsilçilərindən birisinə çevrilmişdir. Oxucuları Əfqanıstan, onun və insanlarının başına gələnlər haqqında xeyli informasiya ilə təmin edir. Romanın adı ilə yazıçı əfqan uşaqların kağız çərpələng uçurtmaqla yarış keçirtmələrini xatırladaraq, onların bununla xoşbəxt olduğunu təsvir edir.

Sonda müzakirədə iştirak edən digər gənclər də əsər barədə fikirlərini bölüşüb, suallar cavablandırılıb. 40 dəqiqə davam edən müzakirədə ümumilikdə 20 nəfər iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

16.05.2020

Joomla 1.5