M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı növbəti dəfə onlayn tamaşa göstərib

Mayın 16-da Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov tərəfindən səhnələşdirilən “Qoğalın sərgüzəşti” tamaşasını onlayn olaraq balaca teatrsevərlərə təqdim edib.

Teatr yarandığı dövrdən uşaq və məktəblilərin zövqünü oxşayan tamaşalar hazırlamış, onların estetik zövqünü formalaşdırmış, mənəvi-estetik prinsipləri əsas tutmuşdur. Teatrın son illərdə hazırladığı “Niyyət açarı”, “Göyçək Fatma”, “Ələddinin sehrli çırağı”, “Sirli sözlər”, “Tovuzquşunun nəğmələri”, “Tülkülərə inanmayaq”, “Qırmızı, yaşıl, mavi”, “Qırmızı papaq”, “Buratino” və başqa tamaşalar uşaq və məktəblilər tərəfindən maraqla qarşılanmışdır.

Məşhur rus xalq nağılı olan “Qoğalın sərgüzəşti” haqqında çoxsaylı filmlər, cizgi filmləri çəkilib, tamaşalar hazırlanmışdır. Tamaşada hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulmuşdur.

“Qoğalın sərgüzəşti” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi xeyirin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Bundan başqa lovğalıq, özündənrazılıq kimi hisslər tənqid edilir. Nağıldan fərqli olaraq tamaşa nikbin sonluqla başa çatır. İvan Qoğalı Tülkünün kələyindən xilas edir.

Bu maraqlı tamaşada Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlqar Babayev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, İbad Nəbiyev və başqaları xarakterik və təbii canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.

Qeyd edək ki, tamaşa Naxçıvan Dövlət Televiziyasının efirində və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı yayımlanmışdır.


Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
15.05.2020

Joomla 1.5