Mahnı və nəğmələrdə yaşayan sənətkar ömrü

Məmməd Məmmədov – 100

Görkəmli musiqiçi, bəstəkar, dirijor, xormeystr, pedaqoq, ictimai xadim Məmməd Məmmədovun adı çəkiləndə doğma diyarım Naxçıvanla, bu möhtəşəm yurdun qaynar, inkişaflı musiqi həyatı ilə bağlı bir çox unudulmaz xatirələr gözümün önündə canlanır.

1950–1960-cı illərdə Naxçıvanda keçirilən məhsul bayramlarını yada salaq... Payız aylarında muxtar respublika zəhmətkeşləri Naxçıvan şəhərinin mərkəzi küçələrinin birindən – indiki “Azadlıq” meydanı önündən nizamlı şəkildə keçərək istehsal etdikləri, yetişdirdikləri məhsulları nümayiş etdirirdilər. Bu möhtəşəm tədbirlərdə dirijor Məmməd Məmmədovun rəhbərliyi ilə minlərlə orta məktəb şagirdi -- birləşmiş xor onlarca populyar mahnını böyük həvəslə, məhəbbətlə ifa edərək məhsul bayramlarına rövnəq, gözəllik bəxş edirdi. O tədbirlərdə muxtar respublika zəhmətkeşləri öz nailiyyətlərini nümayiş etdirirdilərsə, Məmməd Məmmədov da musiqi həyatımızın inkişafını ortaya qoyurdu.

Həmin illər hər tədris ilinin sonunda – may ayında orta məktəblərdə “Mahnı və çiçək” bayramı keçirilirdi. Yadımdadır, səhər-səhər hər bir şagird, müəllim, evlərindən məktəbə gül, gül dibçəkləri gətirərdi. Məktəb həyətləri gül-çiçəklə bəzənərdi. Bu bayramlarda minlərlə şagirddən ibarət xor kollektivi Məmməd Məmmədovun rəhbərliyi ilə Vətən, gənclik, dostluq, məktəb həyatını vəsf edən mahnılar ifa edərdilər.

O zaman Məmməd Məmmədovun Naxçıvan pioner və məktəblilər evində yaratdığı və bədii rəhbəri olduğu “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblı Naxçıvan musiqi tarixinin önəmli səhifəsinə çevrilmişdi. Görkəmli bəstəkar, dirijor Əfrasiyab Bədəlbəyli bu ansamblın fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının kiçik qardaşı adlandırmışdı.

Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının repertuarında olan hər bir əsər, ikinci həyatını “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblında yaşayırdı. Bu əsərlər görkəmli bəstəkarlar Cahangir Cahangirovun dördsəsli xor üçün yazdığı suitalar, Səid Rüstəmovun, Tofiq Quliyevin, Rauf Hacıyevin, Rəşid Əfəndiyevin rəqs suitaları, eyni zamanda, müxtəlif xalqların rəngarəng melodiyaları idi. Hətta illər sonra “Əlvan çiçəklər”in üzvlərindən olan tarzənlər – Əkrəm Məmmədovun, Ələkbər Ələkbərovun, Nazim Quliyevin, kamança çalanlar – Adıgözəl Əliyevin, Kamal Əliyevin, Abdulla Abdullayevin, Kamil Məmmədovun, akkardeon ifaçısı Nizami Məmmədovun Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında çalışmaları yaradıcılıq əlaqələrinin davamı kimi qiymətləndirilirdi.

“Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblı bir çox şəhərlərdə, dövlət tədbirlərində çıxış edir, geniş tamaşaçı auditoriyası tərəfindən qəbul edilir, şöhrətlənirdi. Məsələn, 1966-cı ildə “Əlvan çiçəklər” ansamblının 50 nəfərdən ibarət üzvü ümumittifaq Artek pioner düşərgəsində 1 ay istirahət və eyni zamanda, konsert vermək hüququnu qazanaraq mükafatlandırılmışdı. Bu, böyük qələbə idi. Kollektiv Sovet məkanında Azərbaycanı təmsil edirdi. Bir ayın hər bir günü kollektivin çıxışları alqışlarla qarşılanırdı.

Hətta Sovet və Kanada kinorejissorları “Əlvan çiçəklər”ə ekran həyatı ərməğan etmişdilər. Kollektivin hər bir üzvü fəxri fərmanlarla, medallarla doğma Naxçıvana qayıdırdı.

1974–1978-ci illərdə Naxçıvan Televiziya və Radio Verilişləri Komitəsinin Naxçıvan MSSR Mədəniyyət Nazirliyi ilə birgə keçirdikləri genişmiqyaslı məktəb bədii özfəaliyyət kollektivləri müsabiqəsinin sədri olan Məmməd Məmmədovla birlikdə biz – münsiflər heyətinin üzvləri Muxtar Respublikanın şəhər, rayon, kənd orta məktəblərinə gedərək, onların hazırlıqlarına diqqət yetirir, məsləhətlər verirdik. Məmməd Məmmədovun böyük təcrübəsi, musiqiyə, insanlara, doğulduğu məkana olan sonsuz sevgisi, məqsədyönlü musiqi təbliğatının nəticəsində həmin və sonrakı müsabiqələr gözəl nəticələr verirdi.

Məmməd Qəzənfər oğlu Məmmədov 1920-ci il aprelin 28-də Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1927–1934-cü illərdə Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə oxuyur, 7-ci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumunda təhsilini davam etdirir. O illərin ictimaisiyasi hadisələri, bir çox bölgələrdə olduğu kimi, Naxçıvan musiqi həyatından da yan keçmir. Mübarizə əhval-ruhiyyəsində mahnılar, marşlar və onları ifa edən nəfəsli alətlər orkestrləri yaranır.

1938-ci ildə gənc Məmməd müəllimi Məmməd Kəngərli ilə birlikdə Muxtar Respublikada ilk dəfə olaraq Naxçıvan Tibb Məktəbində qızlardan ibarət nəfəsli alətlər orkestri yaradırlar. İlk müəllimi Məmməd Kəngərlinin musiqiyə vurğunluğu, ictimai əsaslarla orkestrlər yaratmaq, tədbirlər keçirmək Məmməd Məmmədovun gündəlik həyatının mənəvi tələbatına çevrilir.

Musiqiyə olan sonsuz həvəsi gənc Məmmədi Bakı şəhərinə – Musiqi Texnikumuna aparır. Məmməd Məmmədov həmin illəri belə xatırlayırdı: “Böyük həvəslə gəlmişdim Bakıya, geniş yaradıcılıq arzularım var idi. Lakin birinci kursda oxuduğum dövrdə bərk xəstələndim. Musiqi texnikumuna rəhbərlik edən dahi bəstəkarımız Üzeyir Hacıbəyovun qayğısı və köməkliyi ilə xəstəxanaya göndərildim. Üzeyir bəy xəstəxanaya mənim yanıma gəldi, səhhətimlə, dolanışığımla maraqlandı, mənə maddi, mənəvi cəhətdən arxa oldu, atalıq etdi. Xəstəliyimdən xəbər tutan atam Qəzənfər kişi Bakıya gəlir. Üzeyir bəy təkidlə atamın cibinə pul qoyur və işçilərinə tapşırır ki, atamı xəstəxanaya mənim yanıma aparsınlar”.

1940-cı ildə Bakı şəhərində idman bayramı keçirilir. Naxçıvanın 350 nəfər idmançısı Azərbaycanımızın paytaxtında şən musiqi təranələri altında öz istedadlarını nümayiş etdirir. Həmin şən təranələrin müəllifi bəstəkar Məmməd Məmmədov, dirijoru isə zəmanəmizin əfsanəsi Niyazi idi. Niyazi kimi dahi sənətkarın əsərə dirijorluq etməsi, artıq Məmməd Məmmədovun gələcək, uğurlu yaradıcılığından xəbər verirdi.

Bir il sonra müharibə başlayır. Çoxları kimi Məmməd Məmmədov da Vətəni qorumaq üçün cəbhəyə yollanır. Doğma elindən, obasından uzaqlarda sevimli truba alətindən ayrılmır, Azərbaycan xalq mahnı və rəqslərini ifa edərək həmyerlilərinin könlünü oxşayır, onlara şəhərlərini, kəndlərini, əzizlərini xatırladır, qələbəyə ruhlandırırdı.

Məmməd Məmmədovun doğma qardaşı AMEA-nın eks-prezidenti akademik Fərəməz Maqsudovun xatirələrindən: “Qardaşım Məmməd böyük bəstəkarlar Fikrət Əmirov, Cahangir Cahangirovla bir sinifdə oxuyurdu. Bəlkə də onlar səviyyəsində bir bəstəkar olacaqdı. Məmmədin böyük bir bəstəkar kimi formalaşmasında ən böyük maneə müharibə oldu. Kiyev altında onların diviziyası mühasirəyə düşdü. Bir qrup döyüşçü yoldaşları ilə mühasirəni yarıb Stalinqrad cəbhəsinə -- döyüşlərin ən qızğın nöqtəsinə yollandı. Müharibəni döyüşə-döyüşə başa vurdu, orden-medallara layiq görüldü.

Yadıma gəlir: 70-ci illərin sonunda Moskva Televiziyası tez-tez reportaj verərək, uşaqlardan ibarət çoxsəsli xor kollektivlərini təbliğ edirdi. Halbuki Məmməd müəllim bundan xeyli əvvəl 50-60-cı illərdə hər il keçirilən “Məhsul”, “Mahnı və çiçək” bayramlarında 1000 nəfər uşaqdan ibarət birləşmiş xor təşkil edirdi və bu böyük kollektivi zərgər dəqiqliyi ilə idarə edirdi.

O, böyük musiqi kollektivlərinin təşkilatçısı, musiqi təbliğatçısı idi. Muxtar respublikanın indiki nəslinin musiqi zövqünün inkişafında Məmməd Məmmədovun rolu əvəzedilməzdir”.

Bəstəkar Məmməd Məmmədov C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi ilə gənc yaşlarından ömrünün sonunadək yaradıcılıq əlaqəsi saxlamış, 30-dan artıq müxtəlif janrlarda yazılmış tamaşalara musiqi bəstələmiş və bir çox əsərlərə musiqi tərtibatı vermişdir. H.Cavidin “Səyavuş”, M.F.Axundovun “Lənkəran xanının vəziri”, B.Vahabzadənin “Ədalət”, Lope de Veqanın “Sevilya ulduzu”, A.Qlobanın “Dağılmış piyalə”, K.Qoldoninin “Mehmanxana sahibəsi”, H.Razinin “Arxalı dağlar”, Ə.Yusiflinin “Vicdan əzabı”, Ə.Qənbərovun “İlan yuvasında fırtına”, H.Arzulunun “İnam” dramlarına və bir çox başqa tamaşalara yaddaqalan, orijinal musiqilər bəstələmişdir. Bəstəkarın “Gənclik mahnısı” (sözləri Hüseyn Razinindir), “Dostluq mahnısı”, “Azərbaycanım”, “Ana Vətən” (sözləri Müzəffər Nəsirlinindir), “Olaydım mən”, “Nəğmə çalır ürəyim” (sözləri Kəmalə Ağayevanındır) mahnıları Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən nəşr olunan “Naxçıvan təranələri” adlı məcmuəyə daxil edilmişdir. Nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün “Kiçik prelüdiyalar”, klarnet və fortepiano üçün “Miniatürlər”, “Qaytağı”, truba və fortepiano üçün “Vals”, “Lirik rəqs”, səs və fortepiano üçün mahnı və romanslar bəstəkarın yüksək sənətkarlıqla yazdığı əsərlərdəndir. Böyük dramaturq, şair Hüseyn Cavidin cənazəsinin doğma şəhərinə -- Naxçıvana gətirilməsi mərasimi Məmməd Məmmədovun fortepiano üçün yazdığı “Marş” əsərində həm böyük sevinc, həm də kədər hisslərilə əks olunmuşdur. Məmməd Məmmədovun mahnılarının bir qismi “Bəstəkar Məmməd Məmmədov” adlı kitaba daxil edilmişdir.

Məmməd müəllimin çoxsahəli yaradıcı fəaliyyəti bir çox fəxri fərman, diplom, orden və medallarla və “Naxçıvan MSSR-in Əməkdar müəllimi” fəxri adı ilə qiymətləndirilmişdir. Muxtar respublika incəsənət xadimlərinin müraciəti əsasında Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 1990-cı ildə Naxçıvan 1 nömrəli uşaq musiqi məktəbinə Məmməd Məmmədovun adı verilmişdir.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov görkəmli musiqiçi, bəstəkar, dirijor, xormeystr, pedaqoq, ictimai xadim Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Onu da qeyd edək ki, bu tədbir indiyədək keçirilən bir çox tədbirlərin davamıdır. Bəstəkarlar Məmməd Nəsirbəyovun, Nəriman Məmmədovun, Ərtoğrol Cavidin, Tofiq Bakıxanovun və bir sıra incəsənət xadimlərinin yubileylərinin keçirilməsi Naxçıvanda mədəniyyətimizə xüsusi diqqətin olmasının bariz nümunəsidir.

Görkəmli bəstəkarlar Tofiq Quliyev, Süleyman Ələsgərov, Arif Məlikov “Bəstəkar Məmməd Məmmədov” adlı kitabda, onun haqqında çəkilən sənədli filmdə öz ürək sözlərini bildirərək Məmməd Məmmədov yaradıcılığını yüksək qiymətləndirmişlər.

Yəqin ki, musiqi tədqiqatçılarımızın əsərlərində Məmməd Məmmədovun həyat və yaradıcılığı bundan sonra daha əhatəli tədqiq ediləcək, əsərlərinə bir çox görkəmli sənətkarlarımız müraciət edəcəklər.

Nazim Paşa QULİYEV,

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar

“Nuhçıxan” İnformasiya Agentliyi

09.03.2020

Joomla 1.5