Hesabat konsertlərinin keçirilməsi bu gün yekunlaşır

Naxçıvan Muxtar Respublikasında musiqi təhsilinin inkişafı və dövlət musiqi təhsili müəssisələrinin şəbəkəsinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanan məsələlərdən biridir. Dövlətimizin göstərdiyi qayğı nəticəsində son illər ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan təhsil müəssisələri üçün yeni binalar tikilir və ya binalar yenidən qurularaq istifadəyə verilir. Naxçıvan Musiqi Kollecində və uşaq musiqi məktəblərində təhsilin yüksək səviyyədə  aparılması üçün hərtərəfli şərait yaradılır.

Uşaq musiqi, incəsənət və bədii yaradıcılıq məktəblərində və musiqi kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə, şagirdlərin, müəllimlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün bir sıra işlər həyata keçirilir. Tədris zamanı elmi biliklərlə yanaşı bacarıq və vərdişlərinin də inkişafına xidmət edən ustad dərsləri təşkil olunur, müəllimlərə düzgün istiqamət vermək və məktəblərdə tədrisin daha səmərəli təşkilini təmin etmək məqsədi ilə metodiki kurslar keçirilir, gənclərə stimul verən müsabiqələr və solo konsertlər hazırlanır.

Dövlət musiqi təhsili müəssisələrində tədrisin keyfiyyət göstəricisi kimi qəbul edilən hesabat konsertləri də gənclərin yaradıcılıq potensialını nümayiş etdirməsi üçün onlara geniş imkanlar yaradır.

Qeyd edək ki, bu il də 2019-2020-ci tədris ilinin birinci yarısının başa çatması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan təhsil müəssisələrində hesabat konsertlərinin keçirilməsinə start verilib.

Naxçıvan şəhərində və rayonlarda keçirilən hesabat konsertlərində Naxçıvan Musiqi Kollecinin tələbələrinin və uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında xalq mahnıları, görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Muğam, saz havaları, xor musiqisi və rəqslər ifa olunub.

Dövlət musiqi təhsili müəssisələrində yaradılan xalq çalğı alətləri orkestrləri, nağaraçalanlar, sazçalanlar, skripkaçalanlar ansamblları və s. yaradıcı kollektivlərin ifasında təqdim olunan musiqi əsərləri konsert proqramlarını daha maraqlı və yaddaqalan edib.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

14.01.2020

Joomla 1.5