Cəmşid Naxçıvanski Muzeyində bu ilin ilk seminar-treninqi təşkil olunub

Bu gün Cəmşid Naxçıvanski Muzeyində “2020-ci ildə muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda seminar-treninq keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muxtar respublikada fəaliyyət göstərən müxtəlif profilli muzeylər bu gün dövlətin göstərdiyi hərtərəfli qayğı ilə əhatə olunur, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu səbəbdən muzey əməkdaşları öz işlərini düzgün qurmağı bacarmalı, öz qonaqlarına yüksək səviyyədə xidmət göstərməlidir.

Hər il mütəmadi olaraq keçirilən seminar-treninqlərin əsas məqsədi də muzey əməkdaşlarının vəzifə funksiyalarını dərindən öyrənməyinə şərait yaradaraq onları muzey işi haqqında ətraflı məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Tədbirdə Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev mədəni-kütləvi tədbirlərin səmərəli təşkili məsələsindən danışaraq bildirmişdir ki, hər il olduğu kimi 2020-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin əsas məqsədi maarifçilik və məlumatlandırmaq istiqamətində olmalı, keçirilən mədəni-kütləvi tədbirlər muzeyin profilinə uyğun olaraq təşkil edilməlidir. Abasət Nuriyev qeyd edib ki, Cəmşid Naxçıvanski Muzeyində mədəni kütləvi tədbirlər təşkil olunarkən bu məsələlər diqqət mərkəzində saxlanılır. Səmərəli tədbirlərin keçirilməsi əsas məqsəd olaraq qarşıya qoyulur.

Sonra Cəmşid Naxçıvanski Muzeyinin əməkdaşı, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova çıxış edərək bildirib ki, mədəni-kütləvi tədbilərin keçirilməsi həm muzey əməkdaşlarının peşə biliklərinin artırılmasına,  həm də tədbir iştirakçılarının dünyagörüşünün inkişafına xüsusi təsir göstərir. Muzeylərdə əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi gənc nəslin maarifləndirilməsinə, onların xalqımızın tarixi, mədəniyyəti ilə bağlı biliklərinin artırılmasına xidmət göstərir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, muzey əməkdaşlarını maraqlandıran sualları cavablandırılıb. Muzey ekspozisiyasına baxış keçirildikdən sonar tədbir yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

09.01.2020

Joomla 1.5