Ötən il bir sıra əlamətdar mədəni hadisələrlə yadda qalacaq

2019-cu il də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətində uğurlu illərdən biri kimi tarixə qovuşdu. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabeliyindəki mədəniyyət müəssisələri tərəfindən ötən ildə də xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliği, muxtar respublika əhalisinin mədəni tələbatının ödənilməsi istiqamətində festival, konsert, müsabiqə, əlamətdar və tarixi günlərlə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, eləcə də tanınmış şəxsiyyətlərin yubileyləri ilə bağlı mədəni-kütləvi tədbirlər, kitab müzakirələri və təqdimatları, dəyirmi masa və diskussiyalar, ədəbi-bədii gecələr və sərgilər təşkil olunmuş, tamaşa və filmlər göstərilmiş, açıq və distant dərslər, ustad dərsləri keçilmişdir.

Novruz bayramı münasibətilə martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən bayram şənliyində Nazirliyin tabeliyində olan Naxçıvan Musiqi Kollecinin, uşaq musiqi və bədii sənətkarlıq məktəblərinin, musiqi, folklor və rəqs kollektivlərinin çıxışları olmuşdur. Bayram günlərində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tamaşalar nümayiş etdirmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirlərin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuş, Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.

Ötən ilin mart ayında Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət və Uşaq filarmoniyaları kollektivlərinin konserti olmuşdur. Bundan başqa, aprel ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı gənclər festivalı”nda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı və Musiqi Kollecinin musiqi və rəqs qrupları, sazçalanlar ansamblı, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri, eləcə də istedadlı yeniyetmə və gənclər, klub müəssisələrinin folklor qrupları və dərnək üzvləri konsert proqramları ilə iştirak etmişlər.

2019-cu il Mədəniyyət Nazirliyinin fəaliyyətində olduqca əlamətdar günlərlə yadda qalacaqdır. Belə əlamətdar hadisələrdən biri də ötən ilin may ayında “Şərur” Xalq Yallı Ansamblının Ukraynanın paytaxtı Kiyev şəhərində konsert proqramı ilə çıxış etməsi olmuşdur. Azərbaycan Diplomatiyasının 100 illiyi, 28 May - Respublika Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə keçirilən həmin tədbirdə ansambl Naxçıvan yallılarını nümayiş etdirmiş, tədbirdə Naxçıvanla bağlı çap məhsulları və Naxçıvan nemətləri sərgilənmişdir. Bundan başqa, iyunun 18-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurum şəhərində keçirilmiş təntənəli mərasimdə “Şərur” Xalq Yallı Ansamblının ifasında Naxçıvan yallılarından nümunələr təqdim edilmişdir.

Ötən ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solo oxuma, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsi keçirilmişdir.

2019-cu ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları - 2019” festivallarının bədii hissələrində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin ifalarında musiqi və rəqs nömrələri təqdim edilmiş, “Fləşmob” nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq, 22 may-19 iyun tarixlərində xalq teatrlarının muxtar respublika festivalı keçirilmişdir. Festival çərçivəsində Naxçıvan şəhər, Şərur, Ordubad, Şahbuz və Babək rayon xalq teatrlarının üzvləri teatrsevərlərə tamaşalar nümayiş etdirmiş, festivalın sonunda xalq teatrları Nazirliyin diplomları ilə təltif olunmuşdur. Ötən dövrdə, ümumilikdə, xalq teatrları 5 yeni tamaşa hazırlamış və bu tamaşalar 10 dəfə nümayiş etdirilmişdir. Şərur Rayon Xalq Teatrı iyun ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan III Respublika Xalq Teatrları Festivalının final mərhələsində “Motsart və Salyeri” tamaşası ilə çıxış etmişdir. Festivalda iştirak edən kollektivlər arasında Şərur Rayon Xalq Teatrının tamaşası II yerə layiq görülmüşdür. Baş rolların ifaçıları Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılmışlar. Adıçəkilən sərəncamına uyğun olaraq, muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində 8 “Xalq yaradıcılığı günü” keçirilmişdir.

İyunun 14-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə əlaqədar Nazirlik tərəfindən müvafiq Tədbirlər Planı hazırlanmış, müxtəlif səpkidə mədəni-kütləvi tədbirlər təşkil edilmişdir. Həmçinin ədibin əsərləri əsasında “Ölülər və dəlilər” tamaşası hazırlanmış, mayın 25-də Türkiyə Respublikasının Qars şəhərində, iyunun 28-də isə Naxçıvan şəhərində həmin tamaşa nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması davam etdirilmişdir. “Şərur” Xalq Yallı  Ansamblının ifasında 21 yallının yallının çəkilişi aparılmış, 94 yallı təhlil edilərək nota köçürülmüş, yallı ilə bağlı müxtəlif mövzularında  dəyirmi masalar və seminarlar təşkil edilmiş, “Keçmişdən bu günə Naxçıvan yallıları”  adlı yallı müsabiqəsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də  “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı ötən ilin aprel ayında Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə müəllim və tələbələri ilə görüş keçirilmişdir. Görüşdə Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı müvafiq ixtisaslar üçün Nazirlik tərəfindən hazırlanmış təkliflər müzakirə edilmişdir.

May ayında norveçli məşhur xor dirijoru Hildre Per Oddvar və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti tərəfindən Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin xor kollektivləri üçün keçilən ustad dərsində Nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələrin də iştirakı təmin edilmişdir.

Ötən ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2 avqust 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı muzeyin internet portalının hazırlanması ilə bağlı iş davam etdirilmişdir. Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley qeyd edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə muzeyin 2 nəfər əməkdaşı "Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adı, 5 nəfər əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur.

Sentyabr ayında Nazirliyin təşkilatçılığı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlər təşkil edilmiş, “Yallı festivalı” keçirilmişdir.

Oktyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsi keçirilmiş, qaliblər diplom və pul mükafatları ilə təltif edilmişlər. Həmçinin oktyabr ayında görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmiş, Naxçıvan televiziyasının hazırladığı “Yarımçıq ömrün akkordları” filmi və istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Yola saldığımız 2019-cu ilin noyabr ayında rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivləri arasında “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu keçirilmiş, qaliblər Nazirliyin diplomları, müsabiqədə fərqlənən iştirakçılar isə fəxri fərmanlarla təltif edilmişlər.

Ötən il nümunəvi muzey xidməti göstərilməsi işi də diqqət mərkəzində saxlanılmış, muzeylərimizi 2019-cu ildə, ümumilikdə, 642 min 220 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 176 min 901  nəfəri əcnəbi vətəndaşlardır. Ötən il də muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi işi mütəşəkkilliklə davam etdirilmişdir. Belə ki, 2019-cu ildə Mədəniyyət Nazirliyinə 1102 maddi-mədəniyyət nümunəsi təqdim edilmiş, 15 eksponat təqdimatı mərasimi keçirilmişdir. Bəhs olunan dövrdə muzeylərə 2346 ədəd yeni eksponat daxil olmuşdur. Bunlarla yanaşı, Nazirlik tərəfindən AMEA Naxçıvan Bölməsinə qədim əlyazma və kitabların verilməsi ilə bağlı 3 təqdimat keçirilmiş, 57 ədəd qədim əlyazma və kitab hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, ötən il muxtar respublikanın müxtəlif muzeylərindən ümumtəhsil məktəblərinin şagirdləri və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün 20 distant dərs keçilmişdir.

2019-cu ildə kitabxanaların da fəaliyyətində nailiyyətlər əldə olunmuş, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Muxtar respublikada fəaliyyət göstərən kitabxanalar tərəfindən ahıl və sağlamlıq imkanları məhdud 318 nəfərə səyyar kitabxana xidməti də göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 599 adda 14 min 79 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə, il ərzində kitabxanalara 1887 adda 16 min 211 nüsxə çap məhsulu daxil olmuşdur. Yanvar-dekabr ayları ərzində kitabxanalarda yeni oxucu sayı 3870, oxucu gəlişi 110 min  213 nəfər təşkil etmişdir. Elektron kataloqa işlənmiş kitabların ümumi sayı 14 min 966-ya çatdırılmışdır. Ümumilikdə, elektron kitabxanadan il ərzində 2342 oxucu istifadə etmişdir.

Ötən il Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş, dekabr ayında Azərbaycan Respublikasının Əməkdar artistləri Rafael İskəndərov və Coşqun Rəhimovun iştirakı ilə “Bu şəhərdə”nin “Hamı 19 ilə” adlı konsertləri keçirilmişdir. Həmçinin sarayda aid təşkilatlar tərəfindən keçirilən 10 günlük “İstedadlı qadınlar və məhdud fiziki imkanlıların əl işləri sərgisi”nin keçirilməsi üçün şərait yaradılmışdır.

2019-cu ildə Naxçıvan Dövlət Film Fondu tərəfindən Azərbaycanın tarixi,  mədəniyyəti və Azərbaycan Kinosu Günü ilə,  əlamətdar və tarixi günlərlə bağlı, eləcə də  Azərbaycan  kinofilmlərinin nümayişini təşkil etmək məqsədilə 63 film nümayiş etdirilmişdir. Bundan başqa, Naxçıvan Dövlət Film Fondunda olmayan 37 adda bədii və sənədli film Fondun arxivinə daxil edilmiş, filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Ötən il C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı,  Elçin Əfəndiyevin “Teleskop” pyesi əsasında hazırlanmış eyniadlı tamaşalar və “Ölülər və dəlilər” tamaşası teatrsevərlərə təqdim edilmiş, Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” tamaşaları istehsalata buraxılmışdır.

2019-cu ildə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qoğalın sərgüzəşti”, “Qızıl xoruz”, “Buratino” və “Qaraca qız” tamaşaları istehsalata buraxılmış, H.X.Andersenin nağılları əsasında “Qar kraliçası” tamaşası hazırlanmış, 128 dəfə tamaşa göstərilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrı isə “Məlik Məmməd”, Siçanlar və pişiklər” və Arzu Soltanın “Adam-badam iysi gəlir” əsəri əsasında eyniadlı tamaşalar hazırlamış, 38 dəfə tamaşa oynamışdır.

Ötən ilin noyabr ayında Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının 55 illik yubileyi qeyd edilmiş, xalq teatrının üzvlərinin təqdimatında Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Axirətdən gələn zəng” tamaşası nümayiş etdirilmişdir. Noyabr ayında həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə keçirilmişdir.

Dekabr ayında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının yeni layihəsi əsasında ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan vokalçıları” festivalının Naxçıvan turu çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə muxtar respublikanın peşəkar və gənc vokal ifaçılarının çıxışları olmudur.

Ötən il Babək və Şərur Rayon Xalq teatrları S.S.Axundovun eyni adlı əsəri əsasında hazırlanmış “Tamahkar” komediyasını və M.F.Axundzadənin əsəri əsasında hazırlanan “Lənkəran xanının vəziri” tamaşasını rayon sakinlərinə təqdim etmişlər.

2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 585 ədəd xalça haqqında məlumatlar hazırlanmışdır.

İl ərzində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri 49-u xeyriyyə, 14-ü bilet satışı ilə olmaqla, 63 konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Dövlət Uşaq Filarmoniyası hesabat dövründə Şahbuz, Culfa, Ordubad  və Kəngərli Rayon mədəniyyət saraylarında, əlamətdar günlərlə bağlı dövlət tədbirlərində, eləcə də Naxçıvan şəhərində keçirilən "Yallı" festivalında konsert proqramları ilə çıxışlar etmişdir. Ötən il Naxçıvan Dövlət Uşaq Filarmoniyasına 21 nəfər istedadlı uşaq cəlb edilmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələri üçün də 2019-cu il uğurlar ili kimi yaddaqalan olmuşdur. Naxçıvan Musiqi Kollecinin bir qrup müəllim və tələbələri mart ayında Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişdir. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi Hacılı Nəcəf Nadir oğlu müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdür. Həmçinin kollecin 1 nəfər müəllimi və 6 nəfər tələbəsi qeyd olunan festival-müsabiqənin qalibləri olmuş, müxtəlif ixtisaslar üzrə I, II, III yerlərə və diplomlara layiq görülmüşlər. Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokolmda keçirilən I Beynəlxalq İncəsənət Festival-Müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüş, Stokolmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış etmişdir.

Nazirliyin təşkilatçılığı ilə ötən ilin aprel və oktyabr aylarında xalq artisti, professor, görkəmli bəstəkar Tofiq Bakıxanov, iyun ayında tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyev, noyabr ayında isə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli dirijor, skripka ixtisası üzrə pedaqoq Teymur Göyçayevin iştirakı ilə Naxçıvan Musiqi Kolleci, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdləri üçün ustad dərslər keçilmişdir.

Ötən il də yaradıcı gənclərlə iş sahəsində bir sıra işlər görülmüş, Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin "Naxçıvanı tanıyaq və tanıdaq" başlığı altında şəhər və rayonlarımızda yerləşən muzeylərə, tarixi abidələrə ekskursiyaları təşkil olunmuş, maarifləndirici tədbirlər keçirilmiş, müxtəlif mövzularda dəyirmi masalar təşkil edilmişdir.

2019-cu ildə mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi işi də diqqətdə saxlanılmış, yanvar ayında Şahbuz Rayon Mədəniyyət Sarayının yeni binasının açılış mərasimi olmuş, Cəmşid Naxçıvanski Muzeyi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Culfa rayonundakı Ərəfsə körpüsü bərpa edilmişdir. Həmçinin 2019-cu il ərzində Ordubad rayonunun Dəstə, Şərur rayonunun Kərimbəyli, Qışlaqabbas, Muğanlı, Alışar, Yeni Havuş, Xətai, Xələc, Babək rayonunun Kültəpə, Gülşənabad və Şahbuz rayonunun Türkeş kənd kitabxana filiallarının və klub müəssisələrinin fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində yüksək iş şərait yaradılmışdır. Bundan başqa, Sədərək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Heydərabad Qəsəbə Kitabxana Filialı və Heydərabad Qəsəbə Klubuna yeni istifadəyə verilən yaşayış binasında yer ayrılmışdır.

Yanvar-dekabr ayları ərzində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə 1 nəfər “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 3 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 10 nəfər isə Prezident mükafatına layiq görülmüş, 1 nəfər “Tərəqqi” medalı, 5 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında"ilə Culfa Şəhər Klubunun pantomim dərnəyinin üzvü Duyqu Əliyeva incəsənət sahəsi üzrə xüsusi təqaüdə layiq görülmüş və adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmışdır.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

07.01.2020

Joomla 1.5