Şahtaxtı qədim yurd yeridir

Naxçıvan Muxtar Respublikası çoxsaylı qədim yaşayış məskənləri ilə tanınır. Belə qədim tarixə malik yaşayış məskənlərindən biri də Kəngərli rayonunun Şahtaxtı kəndidir. Eramızdan əvvəl ikinci minillikdə ətrafı qala divarları ilə əhatə olunan və tarixi qaynaqlarda “Qarahasar” adlanan bu qədim türk yurdu Elxanilər dövründə -XIII əsrdə şəhərtipli yaşayış yeri kimi də qeyd edilir. Möhtəşəm tarixə və mədəniyyətə malik Şahtaxtının böyük tarixi keçmişi, həmçinin burada ilkin məskunlaşmanın hansı tarixi dövrlərə gedib çıxması kimi amillər daim tarixçiləri, arxeoloqları maraqlandırıb. Bu məqsədlə kəndin tarixi yerlərində bir neçə dəfə arxeoloji qazıntı işləri aparılıb, beləliklə də Şahtaxtının qədim keçmişinə ayna tutumaq mümkün olub.

Şahtaxtı kəndinin tarixi keçmişinin araşdırılması və üzə çıxarılması məqsədilə aparılan araşdırmalar və arxeoloji tədqiqat işləri daha çox kəndin şimal-qərb hissəsində yerləşən Şahtaxtı arxeoloji kompleksində həyata keçirilib. Arxeoloji kompleksdə, o cümlədən kompleksə daxil olan və xalq arasında “Govurqala” adlandırılan yaşayış yerində və onun yaxınlığında olan nekropolda ilk dəfə 1936-cı ildə Azərbaycanın görkəmli arxeoloq-etnoqrafı Ə.Ələkbərov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılıb və qazıntılar nəticəsində bu abidənin Son Tunc-İlk Dəmir dövrünə, yəni, eradan əvvəl II minilliyin sonu -I minilliyin əvvəllərinə aid olduğu qənaətinə gəlinib. Şahtaxtı arxeoloji abidələr kompleksində geniş halda qazıntı işlərinə isə 1979-cu ildən başlanılıb. Bu tədqiqat işləri 1988-ci ilə qədər davam etdirilib. Həmin tədqiqatlar nəticəsində mədəni təbəqədə tikinti qalıqları, əmək alətləri, gil qablar aşkar edilib. Əldə edilən həmin maddi-mədəniyyət nümunlələrinin bir çoxu ölkə muzeylərində, rayonumuzda yerləşən Tarix-Diyarşünaslıq muzeyində, həmçinin Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən möhtəşəm Ermitaj muzeyində qorunub saxlanılır.

Şahtaxtı arxeoloji kompleksində 2003 və 2006-cı illərdə də yenidən kəşfiyyat xarakterli tədqiqat işləri aparılıb, 2007-ci ildən etibarən isə abidədə geniş halda tədqiqat işlərinə start verilib. Həmin qazıntılar nəticəsində Govurqalada xalqımızın ən qədim dövrünün həyat tərzi ilə bağlı çox sayda məlumat üzə çıxarılıb.

Şahtaxtı kəndində-Govurqalada 2014-cü ildə aparılan qazıntılar zamanı eradan əvvəl III minilliyə, tunc dövrünə aid olan labirinttipli unikal qəbir də aşkar edilib. Qazıntı işlərinə rəhbərlik edən arxeoloqlar Azərbaycanda arxeoloji qazıntılar zamanı bu tip abidənin ilk dəfə aşkar edildiyini bildirib, həmin məzarda birindən digərinə keçmək üçün qapılar olduğu üçün ona “labirint” adının verildiyini söyləyiblər. Həmçinin Şahtaxtı arxeoloji abidələr kompleksində aparılan arxeoloji qazıntılar nəticəsində bəlli olub ki, bu ərazilərdə ilkin məskunlaşma Tunc dövründən daha qədimdə-Eneolit dövründə başlanıb və bu günə qədər də davam edib. Bu da Şahtaxtını nəinki ölkəmizdə, hətta Qafqazda və Yaxın Şərqdə 8 min illik bir zaman kəsimində intensiv yaşayışın sürdüyü bir yer olması baxımından nadir ərazi kimi qeyd etməyə əsas verir.

Ümumiyyətlə, Şahtaxtı kəndində aparılmış və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulan tədqiqat işləri inanırıq ki, xalqımızın ən əski çağlarına aid həyatı, məişəti, yaşam tərzi, adət-ənənələri və inanc sistemləri barədə bizə dolğun məlumat verəcək və bu qədim yerlərin minilliklərdən bəri oğuz-türk yurdu olmasını bir daha göstərəcəkdir.

 

“Nuhçıxan” İnformasiya Agentliyi

03.11.2019

Joomla 1.5