Uşaqlar və milli rəqslərimiz

“Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və İlahi əmanətidir”- hələ 20-ci əsrin əvvəlində “Füyuzat” jurnalı belə yazırdı...

Bu gün muxtar respublikamızın bütün rayon və kəndlərində gələcəyə hərtərəfli inkişaf etmiş uşaqların, yeniyetmələrin, gənclərin yetişdirilməsi üçün hər cür imkan və şərait yaradılıb. Belə bir şəraitdə inkişaf etməmək, gələcəyə dünyagörüşlü, bilikli və bacarıqlı, milli irsinə sahib çıxan vətəndaşlar yetişdirməmək mümkün deyil.

Elə milli irsimizin ən nəcib, zəngin sahələrindən biri də milli rəqslərimizdir. Rəqs incəsənətin ən qədim tarixə malik olan sahələrindən və xalqımızın adət-ənənəsini, milli etnik məsubiyyətini tərənnüm edən vasitələrdən biridir. Milli rəqslərimiz dövrünün koloritini, ritmini, tempini özündə birləşdirir. Hərəkət və jestlərlə rəqsin məzmununu təyin edir. Onun cəmiyyətə çatdırılması vəzifəsini daşıyır. Bizim milli rəqslərimizin məzmunu olduqca qiymətli, olduqca böyükdür. Burada hər bir hərəkət ən sadə fikirdən, hisdən başlayaraq dərin duyğuları, iztirabları, sevinci, kədəri, ümumilikdə mənəvi yaşantıları fiziki hərəkətlərlə çatdırır. Bu həm də qeyri-adi ünsiyyət formalarından biridir.

Bizim xalqımız 100-dən çox yallı və rəqsə sahib olmaq kimi bir üstünlüyə sahibdir. Bu rəqslərdə bizim milli ruhumuz öz əksini tapıb. Hər bir rəqsimizin öz xarakteri, özünəməxsus cəsurluq, igidlik, nəciblik, incəlik üslubu var. Məsələn, bizim milli rəqslərimizdə kütləvilik xalqımızın birliyini, sarsılmazlığını, əzm və vüqarını təmsil edir. Oğlan və qızların ifa etdiyi  özünəməxsus rəqs elementləri, bizim milli rəqslərimizin böyük məna daşıdığını təsdiqləyir. Kişi rəqslərində diz üstə döyüşmək, barmaq üstə oynamaq öz qoçaqlığını göstərməsi rəqsin dili ilə çatdırılır.

Gəlin və qızlarımızın ifa etdikləri rəqslərdə nazlı baxışlar, incə, hərəkət təsvirləri ismətin, nəcibliyin tərənnümüdür. Təkrarolunmaz gözəlliklər əks etdirən milli rəqslərimizin hər biri özlüyündə bir sənət əsəridir. Çünki bu hərəkətlər təsadüfən yaranmayıb. Bir xalqın mənəviyyatından, düşüncəsindən, dünyagörüşündən süzülərək yetişib.

Müasir dövrdə milli ideologiyamızdan, mənəvi dəyərlərimizdən bəhrələnərək övladlarımızı milli ruhda tərbiyə etməliyik. Çünki bizim milli rəqslərimiz etnopsixologiyamızın daşıyıcısı olaraq xalqımızın tarixini, mədəniyyətini yaşadır. Çevikliyi, cəsarəti, cəldliyi, birliyi şən əhval-ruhiyyəni, təmkini, yumşaq ahəngi və lirikanı, igidliyi ifadə edən “Qazağı”, “Qaytağı”, “Xan çobanı”, “Turacı”, “İnnabı”, “Nəlbəki”, “Uzundərə”, “Şalaxo”, “Dəsmalı”, “Qoçəli”, “Naznazı”, “Vağzalı”, “Yallı” kimi rəqslərimizdə xalqımıza məxsus olan mənəvi-əxlaqi dəyərlər yaşayır. Gəlin övladlarımızı bu rəqslərin verdiyi cəsarətdən məhrum etməyək. Yüz illərdən bəri süzülüb gələn xalqımızın mənəvi kimliyinin təbliğinə elə lap uşaqlıqdan başlayaq.

Amma o da faktdır ki, müasir dövrümüzdə musiqi düşüncəmizin, estetik zövqümüzün formalaşmasına xarici musiqi və rəqslərin də təsiri olub. Çünki informasiya bolluğunun üstünlük təşkil etdiyi bir cəmiyyətdə yaşayırıq. Lakin bu o demək deyil ki, milli rəqslərimizi arxa planda saxlayıb, xarici rəqs və musiqilərin təsirinə düşməliyik. Övladlarımıza xarıcı rəqslərdən öncə öz milli rəqslərimizi öyrətməli, onların zəngin məna daşıyıcısı olduğunu çatdırmalıyıq. Çünki öz xalqının milli dəyərlərindən xəbərsiz olan uşaq, digər bayağı rəqslərin, musiqilərin təsirində böyümüş olar. Biz həm də milli rəqslərimizlə beynəlxalq müsabiqələrdə, festivallarda öz milli kimliyimizi təsdiqləyirik.

Bu gün milli rəqslərimizin təbliği üçün də əlverişli şərait yaradılıb. Məktəbdən kənar tərbiyə müəssisələrində, mədəniyyət evlərində rəqs dərnəkləri təşkil olunur. Həmin dərnəklərdə milli rəqslərimizin təbliğinə diqqət yetirilir. Bu diqqətdən bəhrələnmək, istifadə etmək, yaradılan əlverişli şəraitdə övladlarımızı əsl vətəndaş kimi böyütmək isə biz valideynlərin və müəllimlərin məsuliyyətindən və milli irsimizə sevgisindən asılıdır.

 

“Nuhçıxan” İnformasiya Agentliyi

03.11.2019

Joomla 1.5