Muxtar respublikada mədəni tədbirlərin təşkilinə diqqət artırılmışdır

Oktyabr ayında da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni-kütləvi tədbirlərin keçirilməsi davam etdirilmiş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur.

Ötən ayın yaddaqalan mədəni hadisələrindən biri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsinin keçirilməsi olmuşdur.

Oktyabrın 22-də görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin ifasında istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Son illər ənənə halını almış muxtar respublika sakinləri tərəfindən muzeylərə eksponat hədiyyə edilməsi işi oktyabr ayında da davam etdirilmiş, Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla, 15 ədəd eksponatın təqdimat mərasimi keçirilmişdir. Ümumilikdə, ötən ay ərzində muzeylərə 111 ədəd yeni eksponat daxil olmuşdur.

Görkəmli şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü münasibətilə ədibin ev muzeyi və Xatirə Kompleksində “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir.

Oktyabr ayı boyunca qədim diyarımızda mövcud olan yallı növlərinin araşdırılması ilə bağlı iş aparılmış, 58 sayda yallı növü nota köçürülərək reyestrinin aparılması üçün məlumatlar toplanmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə təhsil alan tələbələrinə açıq dərslər keçilmiş, “Milli-mədəni irsimizin saxlanc yeri olan muzeylər və kadr hazırlığının aktual məsələləri” mövzusunda dəyirmi masa, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün kitab müzakirəsi təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən, muxtar respublakdakı mövcud müzeylər ziyarət edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Ötən ay ərzində muzeyləri, ümumilikdə 53 min 656 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 9 min 170 nəfəri əcnəbi vətəndaşlardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, aid təşkilatlarla birgə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi ilə Şərur rayon Muğanlı və Alışar kənd tam orta məktəbləri, eləcə də Cəlil Məmmədquluzadənin Ev Muzeyi ilə Babək rayon Gülşənabad kənd tam orta məktəbi arasında olmaqla, 2 interaktiv dərs keçilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ay ərzində kitabxanaların fəaliyyəti, kitab müzakirələri, eləcə də əlamətdar və tarixi günlərlə, tanınmış şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi ilə bağlı muxtar respublikada mövcud kitabxanalar tərəfindən mədəni-kütləvi tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur. Bundan başqa, bu ilin oktyabr ayında 26 nəfər sağlamlıq imkanı məhdud və ahıl şəxsə səyyar kitabxana xidməti göstərilmişdir. Ötən ay da kitabxanalara oxucu müraciətində artım müşahidə olunmuşdur. Belə ki, oktyabr ayı ərzində kitabxanalarda yeni oxucu sayı 353 nəfər, oxucu gəlişi 9 min 769 nəfər, kitab verilişi 47 min 145 nüsxə təşkil etmişdir.

Nazirliyin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələri və ali və orta ixtisas təhsili müəssisələri arasında “Ritmi hiss et, sən də qatıl” adlı rəqs müsabiqəsinin 23, 28 və 30 oktyabr tarixlərində seçim turları keçirilmiş və noyabr ayında keçiriləcək final turuna vəsiqə qazanmış iştirakçılar müəyyən edilmişdir.

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Kəngərli Rayon Mədəniyyət Şöbəsi ilə birgə Qarabağlar Türbə Kompleksində “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Oktyabr Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” çərçivəsində Babək rayon Aşağı Buzqov, Ordubad rayon Üstüpü kəndlərində və Sədərək Rayon Mədəniyyət Sarayında, həmçinin Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə film nümayişi təşkil olunmuş, aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların istirahətinin təşkili məqsədi ilə bir film nümayiş etdirilmişdir.

Oktyabr ayında Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Muğanlı və Alışar kənd kitabxana filialları, Alışar Kənd Mədəniyyət Evi, Muğanlı Kənd Klubu, Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Gülşənabad Kənd Kitabxana Filialı və Gülşənabad Kənd Klubunun fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində müasir iş şəraiti yaradılmışdır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqlərini aparmış, stasionarda, eləcə də Şahbuz və Kəngərli rayonlarında qastrol səfərləri çərçivəsində “Ölülər və dəlilər” tamaşasını nümayiş etdirmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ay ərzində “Qaraca qız” və “Üçqismətli varis” tamaşalarının məşqlərini davam etdirmişdir. Kukla teatrı ay ərzində 2-si xeyriyyə olmaqla, 11 tamaşa təqdim etmişdir ki, bunlardan 3-ü Culfa və Ordubad rayonlarında, 8 tamaşa isə stasionarda göstərilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı ay ərzində “Mavi işıq” və “Siçanlar və pişiklər” tamaşalarının məşqlərini davam etdirmiş, Babək rayonunda “Nadan xoruz” tamaşasını nümayiş etdirmişdir.

Ötən ay boyunca Naxçıvan Şəhər Xalq Teatrı T.Həsənovun “Şöhrət ardınca”, Babək Rayon Xalq Teatrı S.S.Axundovun “Tamahkar”, R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı M.F.Axundovun “Lənkəran xanının vəziri” və Ordubad Rayon Xalq Teatrı H.Mirələmovun “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirmişdir.


Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Joomla 1.5