Hüseyn Cavid Poeziya Günü qeyd edilib

"H.Cavidin, onun yaradıcılığının, sözün əsl mənasında, xalqımıza qaytarılmasında və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu misilsizdir. Böyük sənətkara əsl bəraəti dahi rəhbər qazandırmışdır. Məhz dahi rəhbərin qayğısı və diqqəti ilə Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd edildi. Ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Yenə xalqımızın böyük oğlu Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə ədibin məzarı üzərində 1996-cı ildə məqbərə ucaldıldı, Naxçıvanda və Bakıda Hüseyn Cavidin ev muzeyləri açıldı. Sənətkarın yubileylərinin təntənəli şəkildə qeyd olunması Hüseyn Cavidin adı ilə bağlanan növbəti sevincdir ki, bu sevinci də cavidsevərlərə ilk bəxş edən məhz dahi şəxsiyyət Heydər Əliyev olmuşdur".

Bu fikirlər Hüseyn Cavid Poeziya Günü münasibətilə oktyabrın 24-də keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu Hüseyn Cavid məqbərəsini ziyarət edib, Cavidlər məzarı üzərinə tər güllər düzüblər. Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev muzeyində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova böyük söz ustadının ümumbəşəri, həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Vurğulanıb ki, doğma diyarımızda da Cavid irsinin yaşadılması, öyrənilməsi və təbliğ olunması xüsusi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədibin yubileyləri ilə bağlı imzaladığı sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən, qədim diyarımızda da böyük sənətkarın yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuş, elmi konfranslar və simpoziumlar keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” və “İblis” əsərləri tamaşaya hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na Hüseyn Cavidin “Azər” poemasının daxil edilməsi isə ədibin zəngin irsinin gənc nəslə çatdırılması sahəsində atılan mühüm addım kimi dəyərləndirilir. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən keçirilən dahi ədibin oğlu Ərtoğrol Cavidin 100 illik yubiley tədbirləri də Cavid irsinə göstərilən qayğının bariz nümunəsidir.

"Ömrünün son anına qədər öz böyük iradəsindən və ümumbəşəri əqidəsindən dönməyən Cavid 1937-ci ilin qanlı burulğanının qurbanı oldu", - deyən nazir qeyd etmişdir ki, 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və ən soyuq həbs düşərgəsi olan Maqadan şəhərində sürgündə olmuş, 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat etmiş Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı, ona verilən yüksək qiymət haqqında düşünərkən böyük sənətkarın mərhum qızı Turan xanımın dediyi belə bir fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün, birinci növbədə, mən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda çıxış edib. Bildirilib ki, Hüseyn Cavid Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində anadan olub. İbtidai təhsilini M.T Sidqinin Naxçıvandakı "Məktəbi-tərbiyyə"sində alan H.Cavid "Gülçin" və "Salik" təxəllüsü ilə şeirlər, qəzəllər yazıb. 1905-1909-cü illərdə İstanbul darülfünunda təhsil alıb. 1917-ci ildə şairin “Bahar şəbnəmləri” adlı  şeirlər kitabı çap olunur.

Qeyd edilib ki, H.Cavid yaradıcılığında şeirlərlə yanaşı, dram əsərləri də xüsusu yer tutur. Şairin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Uçurum”, “Peyğəmbər”, “Afət”, “Topal Teymur”, “Xəyyam”, “Knyaz”, “Səyavuş”, “İblisin intiqamı” pyesləri, “Azər” poeması Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Onun pyesləri uzun illər Azərbaycanda teatrların inkişafına, qüdrətli aktyor nəslinin yetişməsinə güclü təsir göstərib.

"Hüseyn Cavid və Azərbaycan uşaq ədəbiyyatı" mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimli qeyd edib ki, mütəfəkkir ədib Hüseyn Cavid  müxtəlif vaxt­larda uşaqlar üçün də bəzi əsərlər yazıb, onlardan bir neçəsini “Məktəb” jurnalında dərc etdirib. Bu şeirlərdən “İlk bahar”, “Bir qız”, “İsmayıl bəy”, “Kiçik sərsəri”, “Öksüz Ənvər” və “Çiçək sevgisi” şeirlərində mütəfəkkir şair H.Cavid gələcəyimiz olan uşaqların maariflənməsi, əxlaqi tərbiyəyə yiyələnməsi baxımından uşaq ədəbiyyatımızın incilərindən hesab olunur. H.Cavidin uşaq şeirlərində yeniyetmə nəslin həyata baxışında, onların dünyagörüşündə milli dəyərlərimizin yaşadılması pronsipini əsas amal kimi əks etdirməyə çalışmışdır.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Ölməz ideallar şairi” mövzusundakı çıxışında Hüseyn Cavid yaradıcılığının fövqəlbəşər ideyalarından bəhs edib. Bildirilib ki, dövrünün yalançı fikirlər yığınağına uymayan H.Cavid öz sənət idealına sədaqət göstərərək ədəbiyyat tarixində “söz və fikir zadəganı” olaraq yamaşaqdadır. Bütün ömrünü mənsub olduğu xalqının maariflənməsi, inkişafı və azadlığına həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər və məqalələrində, eləcə də bədii əsərlərində şair maarif, tərbiyə tərəfdarı kimi çıxış edirdi. “Türkə qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fikri böyük şairin maarifçilik ideyalarını özündə ehtiva etməkdədir. O, bəşəriyyətin parlaq gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə görür, ümumbəşəri yaradeıcılığı və bilavasitə müəllimlik peşəsi ilə də bu ideallara yorulmadan xidmət edirdi.

Sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında şairin yaradıcılığından nümunələr bədii qiraət edilib, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin sazçalanlar ansamblının ifasında Ərtoğrol Cavidin “Dağlar” mahnısı səsləndirilib.

Sonda tədbir iştirakçıları Hüseyn Cavidin ev muzeyinin ekspozisiyası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

24.10.2019

Joomla 1.5