Növbəti seminar-müşavirə Şərur rayonunda keçirilib

Oktyabrın 24-də Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Şərur Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın ən qədim ənənəvi rəqsləri - yallı” mövzusunda seminar-müşavirə keçirilib.

Şərur rayonunda fəaliyyət göstərən əksər klub müəssisəsi əməkdaşlarının iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov açıb. Bildirib ki, yallılar əsrlərin süzgəcindən keçərək xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mifoloji inanclarını keçmişimizdən bu günədək daşıyan və yaşadan xalq rəqs­lərimizdir. Yallılar nəsillər arasında mənəvi körpüdür. Qürur hissi duyuruq ki, muxtar respublikamızda bu mənəvi körpü yüksək ehtiramla qorunub saxlanılır.

Qeyd olunub ki, hələ lap qədimdən insanlar rəqs etmək üçün müəyyən müşayiətə və ritmə ehtiyac duymuşlar. Bu gün də yallılarımızı musiqinin müşayiəti olmadan təsəvvür etmək mümkün deyil. Minillik tarixi olan mədəni irsimiz, o cümlədən yallılarımız bu gün beynəlxalq səviyyədə də yetərincə tanıdılır. Ötən il “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi olmaqla, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalq yaradıcılığına diqqət və qayğısı bu uğurun əsas təminatçısıdır. Belə ki, Ali Məclis Sədrinin tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin YUNESKO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Nəticədə, milli dəyərlərimizin tərkib hissəsi olan yallılarımızın YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi kimi əhəmiyyətli tarixi uğur qazanılıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı da xalq yaradıcılığına böyük qayğının daha bir ifadəsidir. Təsdiq olunmuş Tədbirlər Planında yallı ilə bağlı tədqiqatların və nota köçürülmə işinin davam etdirilməsi, onların reyestrinin aparılması və digər mühüm məsələlər öz əksini tapıb.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Nizami Əzizəliyev “Yallılarımızın simvolikası haqqında” mövzusundakı çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, xalqımızın mədəniyyət incisi olan yallı zaman keçdikcə insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, gözəllik və incəliyin, həyatsevərlik və sevincin, mərdlik və mübarizliyin, vətənpərvərlik və insanpərvərliyin təzahürü olmaqla ruhumuzu oxşayan digər çalarlarla zənginləşib. Qədim dövrdə yaranan yallıların mərasim xarakterli olması da diqqəti cəlb edən əsas məsələlərdəndir. Çünki rəqs tayfa və ailə birləşmələri tərəfindən keçirilən müəyyən bir mərasimin vacib elementlərindəndir, xalqın sevincini ifadə edir. Maraqlı faktlardan biri də odur ki, bu sevinc incəsənətin ən geniş yayılmış növlərindən biri olan, yaranması Naxçıvan diyarının Şərur bölgəsi ilə əlaqələndirilən yallılara daha çox hopub. Bu gün muxtar respublikamızda yüzdən çox yallı növü vardır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Qaz-qazı”, “Şahgəldi”, “Tello”, “Nazilə”, “Şərili”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, babalarımızın yer titrədən ayaq səslərini, nərə səslərini özündə yaşadır, hər kəsi Vətən uğrunda birliyə, əməyə çağırır.

“Şərur yallıları” mövzusunda çıxış edən Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin Xalq yaradıcılığı şöbəsinin metodisti Ceyran Ələkbərova bildirib ki, yallılar toylarda və el şənliklərində instrumental ansambl, yaxud mahnı müşayiəti ilə ifa edilir. İfaçıların sayı qeyri-məhdud olur. Yallı rəqsi zamanı əl-ələ tutmuş kişi, yaxud qadınlardan ibarət dəstə düzəldilir. Dəstənin başında duran rəqqas “yallıbaşı”, axırdakı isə "ayaqçı" adlanır. Yallı ağır tempdə başlanır, getdikcə sürətlənir, ifaçılar ritmik hərəkətlərlə dövrəvi rəqs edirlər.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Şərəf Quliyeva yallılarımızın təbliği və yaşadılması məqsədilə keçiriləcək baxış-müsabiqələrin təşkili haqqında məlumat verib, müsabiqə zamanı qiymətləndirmənin aparılması prinsipindən danışıb, yallılarla bağlı diqqət edilməsi vacib olan müvafiq meyarlardan bəhs edib.

Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb, yallılarla bağlı folklor nümunələrinin toplanması qaydaları haqqında tövsiyələr verilib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

24.10.2019

Joomla 1.5