Gənc nəslin yoluna işıq saçan “Cavid günəşi”

Hüseyn Cavid ədəbiyyatımızda romantizm ədəbi cərəyanının, milli romantik şeirin və mənzum faciənin banisi, böyük şair, yazıçı və dramaturqdur. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan ədib mənzum faciələri və tarixi dramları ilə tanınıb. Ümummilli liderimiz Heydər Əliyev deyib: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.

Hələ 30-cu illərin əvvəllərində adı dillər əzbəri olan Cavid 1937-1956-cı illər arası, hətta 1981-ci ilə qədər böhtan və iftiralara məruz qalır. Həqiqətən, ulu öndər Heydər Əliyevin imzası ilə 1981-ci il iyul ayının 21-də Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında verilən qərar böyük ədibə əsl bəraət qazandırır. Onun ədəbi irsinin toplanıb nəşr olunması, əsərlərinin müxtəlif teatrlarda tamaşaya qoyulması, Cavidə həsr edilmiş monoqrafiyaların, əsərlərinin 4 cilddə, habelə rus dilində 2 cilddə, ərəb əlifbası ilə 1 cilddə nəşr olunması, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidə ucaldılması, ev-muzeylərinin yaradılması və digər işlərin həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin dahi şairə olan sonsuz məhəbbətlə imzaladığı qərarda öz əksini tapıb.

Qərardan sonra Naxçıvanda Cavidin vaxtı ilə qədim Əlixan məhəlləsində bazar çayının kənarındakı yaşadığı evdə yaradılan ev-muzeyi nəinki cavidsevərlərin, bütünlükdə ədəbiyyatsevərlərin sevimli ziyarətgahıdır. 1982-ci ildə totalitar sovet rejimi dövründə Hüseyn Cavidin nəşinin qalıqlarının Uzaq Sibirdən vətəninə gətirilməsi Cavid irsinə marağı daha da artırdı.

Ulu öndərin şəxsi təşəbbüsü, qayğısı və göstərişi əsasında Cavidin nəşi onun doğulduğu qədim Naxçıvanda torpağa tapşırıldı. Uzaqgörən siyasətçinin bu addımı onun adının əbədiləşdirilməsinə xidmət edirdi. Xalqımızın böyük oğlu hələ Naxçıvanda Ali Məclisin Sədri işləyərkən, ən ağır və çətin dövrlərdə belə, Cavidi unutmadı və onun 110 illik yubileyinin muxtar respublika səviyyəsində qeyd olunmasını təşkil etdi. Yubiley tədbirində yaddaqalan çıxışı ilə Cavidə, onun irsinə yüksək dəyər verdi: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bütün Türk dünyasının ən görkəmli bir simasıdır, təkrar­olunmaz bir şəxsiyyətdir, bir şairdir, bir yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır”.

Şairə ucaldılan möhtəşəm məqbərə isə Azərbaycan ədəbi-mədəni irsinə yüksək sevgi və ehtiramın ifadəsi idi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə böyük ədibin anadan olmasının 120 illik yubileyi münasibətilə çoxsaylı tədbirlər keçirilmişdir. Ümummilli liderin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” 2007-ci il 17 aprel tarixli Sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin il may ayının 15-də imzaladığı sərəncamla təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq isə 125 illik yubileyi Azərbaycanda geniş qeyd olunmuşdur. Həmin Tədbirlər Planına əsasən hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Azərbaycan ədəbiyyatı tarixində Hüseyn Cavid yaradıcılığı məzmunca yüksək olduğu kimi, bədii forma cəhətdən də zəngin və əlvandır. Novator lirik şeirlər, epik poemalar yazmaqla yanaşı, Cavid Azərbaycan söz sənətinə faciə və dramlardan ibarət incilər də bəxş etmişdir.

Onun yaradıcılığı üslub və forma cəhətdən Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaradıb, milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərib. Mənzum faciə və dramlarının müxtəlif illərdə tamaşaya qoyulması “Cavid teatrı”nın formalaşmasına təsir edib. Ədəbiyyatımızda özünəməxsusluğu, koloriti, ədəbi dilin gözəlliyi və kamilliyi, dövrün fəlsəfi baxışlarına bələdçiliyi ilə səciyyələnən Hüseyn Cavid yaradıcılığı bu gün də gənc nəslin əsas mənəvi kamilləşmə mənbəyidir. Böyük ədibin əsərlərində qoyulan tarixi, fəlsəfi, sosial mövzular, onların həlli və təsviri baxımından apardığı axtarışlar indi də aktualdır, müasirdir. Onun əsərlərinin gənc nəslin tərbiyəsində, formalaşmasında rolu böyükdür. Hüseyn Cavid gənc nəsli əxlaqi cəhətdən yüksəlmiş, cəmiyyət üçün yararlı, zəkalı, vətəndaş-şəxsiyyət kimi görmək istəyirdi. Məhz buna görə də o, ilk növbədə, gələcəyimiz olan uşaqların qayğısına qalmağı özünün ən ümdə vəzifələrindən biri hesab edir, onların hərtərəfli şəxsiyyət kimi formalaşması məsələsinə əsərləri ilə aydınlıq gətirir. Böyük ədibin dillər əzbəri olan “Qız məktəbində”, “Sevinmə, gülmə, quzum”, “Öksüz Ənvər”, “İlk bahar”, “Çiçək sevgisi”, “Hərb və fəlakət”, “Kiçik sərsəri” kimi uşaq ədəbiyyatına daxil edilən şeirləri mövzu etibarilə zəngin, tərbiyə və təhsil nöqteyi-nəzərdən faydalılığı baxımından seçilir. Uşaq yaşına və psixologiyasına uyğun olaraq onlarda dünyagörüşünün, əqlin, təfəkkürün, bədii zövqün və təxəyyülün formalaşmasına müsbət təsir edən bu poeziya nümunələri mədəniyyətə, maarifə, insanpərvərliyə, xeyirxahlığa, dostluğa, əməkdaşlığa çağırış edən, yüksək əxlaqi keyfiyyətlər aşılayan, maraqlı, cəlbedici nümunələrdir. Gələcək həyat üçün vacib olan daxili birlik, bütövlük və məqsəd aydınlığı ilə seçilən bu şeirlərdə böyük ədibin irəli sürdüyü məsələlər müasir günümüzdə də öz aktuallığını itirməyib. Şair bu əsərlərində həm də yüksək pedaqoji ustalığa malik bacarıqlı bir müəllim kimi yetişməkdə olan gənc nəslin inkişafı qayğısına qalır. Onun məktəblə bağlı olan şeirləri içərisində konkretliyi, fikir aydınlığı ilə fərqlənən “Qız məktəbində” adlı şeiri xüsusilə diqqəti cəlb edir. Bu şeirdə əsl zinəti təmizlik və bilgi olan, altun bilərzikləri ilə deyil, sadə geyimi, aydın, zəngin mənəviyyatı ilə fərqlənən Gülbaharın nəciblik və ülviliyi geniş şəkildə mənalandırılır. Azərbaycan şeirində süjetli lirikanın ən mükəmməl nümunəsi sayılmağa layiq şeirdə şair Gülbahardan soruşduğu sual­lara dəyərli və məntiqli cavablar alır:

– Nasıl, zənginmidir baban?

– Əvət, zəngin, bəyzadə...

– Öylə isə geydiyin geyim neçin böylə sadə?

Yoxmu sənin incilərin, altun bilərziklərin?

Söylə, yavrum! Heç sıxılma...

– Var əfəndim, var,.. lakin

Müəlliməm hər gün söylər, onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti…

– Pək doğru söz.

…Bu dünyada sənin ən çox sevdiyin

Kimdir, quzum, söylərmisin?

– Ən çox sevdiyim ilkin –

O Allah ki, yeri, göyü, insanları xəlq eylər.

– Sonra kimlər?

– Sonra onun göndərdiyi elçilər.

– Başqa sevdiklərin nasıl, yoxmu?

– Var…

– Kimdir onlar?

– Anam, babam, müəlliməm, bir də bütün insanlar…

Bu şeirdə irəli sürülən tərbiyəvi ideyalar elə maraqla və reallıqla ifadə edilir ki, hər bir şagird, uşaq həmin məlumat və hadisələri aydın dərk və müqayisə edə, müstəqil mühakimə yürüdə bilir.

Hüseyn Cavidin uşaq şeirləri nəinki uşaqlar, eyni zamanda yaşlı nəslin nümayəndələri üçün də düşündürücü ideyalar sistemidir.

İndiki gənc nəsil də məhz uşaqlıqdan ­Hüseyn Cavid məktəbində dərs keçə-keçə böyüyüb, həyat həqiqətlərini dərk edə, dünya­görüşlərini artıra bilirlər.

Ədibin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynayan əsərlərindən biri “Azər” poemasıdır. Əsərin əsas qəhrəmanı Azər real həyatdan alınmış bir bədii obraz, şairin müasiri daha çox isə onun özünün proobrazıdır. O, yaşadığı mühitə, üzvü olduğu cəmiyyətə, Qərbə və Şərqə baxışları ilə yenitipli bədii obrazdır. Həyata və cəmiyyətə yeni nəzərlərlə baxan, hadisələri obyektiv dərk və təhlil etmək qabiliyyətinə malik olan Azərin əsas arzusu mənsub olduğu xalqı və ölkəni mədəni millətlərin cərgəsində görməkdir. Onun Qərbə və Şərqə səfərlərinin əsas məqsədi də dünyanı öyrənib məmləkətini və millətini irəli aparmaq niyyətindən doğurdu. Poemada Azərbaycanda qurulmuş yeni cəmiyyətə münasibət özünü əsərin “Səlmanın səsi”, “İnqilab xırsızı”, “İsyan” bölmələrində daha çox göstərir. Səlmanın dilindən deyilən “hər gülşənə vardım, çiçəklər güldü, Sevdalı bülbüllər salama gəldi”, yaxud “Susmuş kamançalar ilhama gəldi” kimi nikbin misralar şairin yeni cəmiyyətə yaxşı tərəfdən baxmaq meylinin ifadəsidir. Bu cəmiyyətin mövcud ziddiyyətləri yox deyil. Ədib onlardan xilas olmanın zəruriliyini də qabarıq şəkildə nəzərə çarpdırıb. Poemanın “İnqilab xırsızı” bölməsində şura sədrinin törətdiyi özbaşınalıqların təsviri ilə şair yeni qurulmuş cəmiyyətdəki eybəcərlikləri diqqət mərkəzinə çəkir, yeni quruluşun yaşamasının mümkünsüz olduğunu ifadə edirdi. Poemanın epiloqu kimi düşünülmüş “İsyan” bölməsindəki bu misralar müasir gəncliyin quracağı böyük gələcəkdən xəbər verirdi:

Söz yoq ki, bu gün gəncliyə baqsan,

Bir sel kibi hər an,

Sağlam. Yeni məfkurələr izlər.

... Onlar qoşacaq, çarpışacaqlar,

Bir çoq uçurumlar aşacaqlar. ...

Onlar mədəniyyətlə günəşlər yapacaqlar,

Keçmişlərə üstdən baqacaqlar.

Onlar güləcək, yüksələcəklər.

Bizdən daha xoş gün görəcəklər!

Göründüyü kimi, insanlığın taleyi üçün narahat olan qəhrəmanın düşüncələri yalnız bəşərin səadəti barədədir. O, “Hürr ol!” deyərkən azadlığı, “Sağalır elm ilə hər türlü yara” deyərkən isə xalqın sabahını düşünür. Ədib cəhalətdən xilas yolunu elmləri öyrənib tərəqqi tapmaqda görür, bunun üçün də kitabxana və məktəblərin çox olmasını vacib sayır. Elmin, təhsilin, sosial-mədəni tərəqqinin köməyi ilə “eşi bulunmayan şu sönük torpaqların hər bucağında cənnət qurula bilər”, – deyərək hamını maarifə, elmə səsləyir.

Ümumiyyətlə, poema boyu Hüseyn Cavid Azəri müxtəlif hadisələrlə və şəxslərlə qarşılaşdırır, bütün bunların fonunda müəllif özünün düşüncələrini, Vətən övladlarına arzularını, nəsihətlərini dilə gətirir. Mütəfəkkir ədibin insan nəfsinin əsiri olmamalı, öz mənafeyini güdməməli, haqq, həqiqət naminə fəaliyyət göstərməli, xoşbəxtliyi Vətənə xidmətdə aramalı, xalq üçün çalışmalı, əməyi ilə yurdu, cahanı çiçəkləndirməlidir kimi tövsiyələri müasir dövrdə də gənc nəsil üçün örnək götürüləcək dəyərli sözlərdir.

Bu gün böyük sənətkarımızın arzuları real bir həqiqətə çevrilib. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi ölkəmizdə, eləcə də muxtar respublikamızda gənc nəslin cəmiyyət həyatında rolunu xeyli artırıb. Artıq xalqımız müstəqil dövlətimizin müqəddəratını, Azərbaycanın gələcəyini xalqa, Vətənə səadət bəxş edəcək qüdrətli və məharətli gəncliyə etibar edib.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na böyüməkdə olan nəsillərin hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərə biləcək əsərlərdən biri kimi, Hüseyn Cavidin “Azər” poemasının da salınması həm ümummilli ­liderin ideyalarının davam etdirilməsində, həm də ədibin zəngin irsinin gənc nəslə çatdırılmasında atılan mühüm addımdır.

Romantizmin böyük ustadının lirik-romantik, fəlsəfi şeirləri, monoloq və dialoqları, poemaları, dram əsərləri ideya-bədii mükəmməlliyi ilə söz sənətimizin zənginləşməsinə, gənc nəsildə ədəbiyyata sevgi, mədəni dəyərlərə hörmət hissinin aşılanmasına, onların əsl vətəndaş kimi formalaşmasına xidmət edir.

Bütün ömrü boyu əsas amalı millətini, xalqını azad, xoşbəxt və firavan görmək, milləti üçün layiqli işlər həyata keçirmək olan Hüseyn Cavid yaradıcılığı bu gün də yolumuza işıq salan əbədiyyət günəşidir.

Güntac ŞAHMƏMMƏDLİ

“Şərq qapısı” qəzeti

24.10.2019

Joomla 1.5