Muzeyin yaradılmasının 9 illiyi qeyd olunub

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində müəssisənin yaradılmasının 9 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Kompleksin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 23 oktyabr 2010-cu il tarixli 249-03/S nömrəli Sərəncamı ilə yaradılmış, həmin ilin 17 dekabrında muzeyin açılışı olmuşdur.

Qeyd olunub ki, 75 eksponatla fəaliyyətə başlayan muzeydə sonrakı illərdə görülmüş tədbirlər nəticəsində elmi fondun tərkibi zənginləşdirilmiş, Naxçıvan xanlığına və Kəngərli nəslinə aid 2 minə yaxın eksponat muzeyə daxil olmuş və dövlət qeydiyyatına götürülmüşdür. Hazırda muzeyin yerləşdiyi bina XVIII əsrin sonlarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlığının iqamətgahı, həm də xan ailələrinin yaşayış evi olmuşdur. Xanlıq ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşmiş, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının Qərargahı buraya köçürülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 02 fevral tarixli Sərəncamından sonra “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi adı altında fəaliyyətini davam etdirmişdir.

Qeyd olunmuşdur ki, fəaliyyəti dövründə muzey əhaliyə göstərilən mədəni xidmətin təşkilinə diqqət yetirmiş, 9 il müddətində minlərlə tamaşaçıya bələdçilik edilmiş, regionlardan, əcnəbi ölkələrindən, beynəlxalq təşkilatlardan muzeyə gələn ziyarətçilərə Naxçıvan xanlığının tarixi, mədəniyyəti, Kəngərli nəslinin görkəmli siyasi-dövlət və hərbi xadimləri, nəslin tanınmış şəxsiyyətləri haqqında məlumatlar verilmişdir.

Muzeydə elmi-kütləvi tədbirlərin keçirilməsi və maarifçilik işlərinin təşkili diqqət mərkəzində saxlanılmış, müxtəlif mövzularda 50-yə yaxın tədbir, 2 distant dərs, 100-dən artıq açıq dərslər keçirilmiş, müxtəlif mətbu orqanlarda 30-a yaxın kütləvi və elmi-tədqiqat məqalələri dərc olunmuş, müsahibələr verilmişdir.

Muzey Kompleksi fəaliyyəti dövründə ali və orta ixtisas təhsil müəssisələri ilə əlaqələri genişləndirmiş, aid ixtisaslar üzrə müəsissəyə işə qəbul olunan gənc kadrların peşəkar muzey işçisi kimi yetişməsinə yaxından qayğı göstərmişdir.

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqarfiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi əlaqələri” mövzusunda çıxış edərək bildirib ki, Qafqazda hadisələrin Rusiyanın xeyrinə dəyişdiyi bir zamanda Azərbaycanda yaranan xanlıqlar içərisində Naxçıvan xanlığı çox mühüm bir geosiyasi məkanda yerləşdiyindən yüksək hərbi-siyasi mövqe tuturdu. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması elm, mədəniyyət tariximizdə mühüm hadisədir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı tədqiqatçı alimlərimiz üçün də stimulverici mühüm dövlət sənədi olmuş, dövlətçilik tariximizdə xüsusi yeri olan Naxçıvan xanlığının tarixinin dərindən öyrənilməsinə, tədqiq edilməsinə və muzeydə toplanmış eksponatlarının elmi-tədqiqatlara cəlb olunmasına geniş şərait yaratmışdır. Tədqiqatçı alim qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muzeyin açılışı zamanı bildirmişdir: “Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də qorunub saxlanılmışdır. Muzey o dövrün tarixini özündə əks etdirməli, Naxçıvan xanlığının fəaliyyəti dövrünü gələcək nəsillərə daşıyan bir mənbə olmalıdır".

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin aparıcı mütəxəssisi Nərmin Məmmədova “Naxçıvan xanlığı: Arxiv mənbələri və tarixi həqiqətlər” mövzusunda  çıxış edərək qeyd etmişdir ki, Xan Sarayının fondunun təşkili və ekspozisiyanın elmi tərtibatında arxiv mənbələrindən geniş istifadə olunub. Xan Sarayının ekspozisiyasının qurulmasında arxiv idarəsinin fondunda mövcud olan Naxçıvan xanlığı ilə bağlı mənbələr muzeyə təhvil verilmiş və onların təbliğatı, nümayişi üçün lazimi tədbirlər görülmüşdür. Qeyd olunmuşdur ki, muzey fəaliyyəti dövründə arxiv idarəsi ilə də əlaqəsini genişləndirmiş, hətta 2016-cı ildə muzeyə daxil olan Kəngərli nəslinin tarixi ilə bağlı 370 vərəqdən çox nadir tarixi sənədlərin surəti çıxarılaraq kitab halında Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. Bildirilmişdir ki, bundan sonra da Arxiv idarəsi ilə Muzey Kompleksi arasında əlaqələr genişləndiriləcək, xanlıqlar dövrü mənbələrinin araşdırılması və əldə olunmasında birlikdə çalışmalar aparılacaqdır.

Tədbirin sonunda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin ekspozisiyasına baxış olmuşdur.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

23.10.2019

Joomla 1.5