Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə olunmuş yeni eksponatların təqdimatı keçirilib

Oktyabrın 23-də sakinlər tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla 15 ədəd eksponat təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işinin daim diqqətdə saxlanıldığını və bu işdə muxtar respublika sakinlərinin yaxından iştirak etdiklərini bildirib.

Qeyd olunub ki, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olmuşlar. Tarixi qədim bir dövrü əhatə edən xalçaçılıq sənəti müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz növlərə ayrılaraq, dəyələrin, çadırların, alaçıqların, habelə, evlərin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilib. Nadir sənət nümunələrindən olan xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bu sənət növünün dünyada bir daha tanıdılması deməkdir.

Vurğulanıb ki, xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmışdır. Azərbaycanda toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən möhtəşəm sənət nümunəsi kimi həmişə qəbul edilmişdir. Azərbaycan xalçaları öz ornamentallığı ilə seçilir və xalqımızın yaradıcı təxəyyülünün bənzərsiz yaradıcılıq məhsuludur.

Xalçaçılıq özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Eneolit dövründən məlum olan toxuculuğun mənşəyini Qobustandan tapılan Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Naxçıvandakı Kültəpə abidələrindən tapılan Eneolit dövrünə aid gil, sümük tağalaqlar, iylər əsaslı şəkildə ortaya qoyur.

Tədqiqatçıların fıkrincə, yun xalçalar hələ Tunc dövründə mövcud olmuşdur. Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi həmişə xatırlanmış, onların zərif toxunuşu və gözoxşayan gözəlliyi qeyd olunmşdur. VII əsrdə yaşamış Çin səyyahları Azərbaycanı iri xalça istehsalı mərkəzi adlandırmışdır.

Bildirilib ki, orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətlərindən və tiplərindən də bəhs edilir. IX-X əsr ərəb tarixçisi Təbəri Azərbaycan xalçalarının yüksək keyfiyyəti barədə məlumat vermişdir. X əsrə aid “Hüdud-əl-Aləm” adlı mənbədə Azərbaycanın bir çox şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar istehsal olunduğu qeyd edilmişdir. Naxçıvanda, Xoyda, Muğanda, Səlmasda və Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdır. Azərbaycanda yaradılmış müxtəlif sənət nümunələrindən, o cümlədən Azərbaycan xalçalarından seçmələr dünya əhəmiyyətli müxtəlif sərgilərdə zaman-zaman nümayiş etdirilmiş, beləliklə, xalça nümunələrimiz dünyanı dolaşmışdır.

Qeyd olunub ki, bu gün ölkəmizdə xalçaçılıq sənətinin yaşadılması və inkişafına böyük diqqət göstərilir. “Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk”, - deyən ölkə Prezidenti cənab İlham Əliyevin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirmişdir. Bütün bu tədbirlər Azərbaycan xalçaçılıq sənətinin inkişafı və təbliği ilə yanaşı, xalçaçılıq sənətimizin nüfuzunun daha da artmasına xidmət edir.

Aparılan elmi tədqiqatlardan aydın olur ki, Naxçıvan xalça qrupuna daxil olan xalça və xalça məmulatları Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının ərazisində “Gördəst” üsulu ilə toxunmuşdur. Bu xalçalar uzun müddət Qarabağ, Gəncə kimi xalça qruplarına daxil edilərək öyrənilmişdir. Adıçəkilən bu qrupların nümunələrindən bədii, üslubi xüsusiyyətlərinə, texniki göstəricilərinə, rənglərinə görə fərqlənən Naxçıvan xalçaları və xalça məmulatları bu ərazidə məskunlaşan kəngərli, kolanı, sədli, qarabağ, xələc, bəydili, dəmirçi, qazançı, yaycı, qarxun, yurdçu, muğanlı, əfşar, bayat, quşçu və digər türk tayfalarının yaradıcılıq məhsuludur. Ekspertlər Naxçıvan qrupuna daxil olan xalça nümunələrini naxış, forma, ölçü və material xüsusiyyətlərinə görə yüksək dəyərləndirirlər.

“Naxçıvan xalçaçılıq məktəbinin bu cür özünəməxsusluğuna görə bu gün Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir” - deyən Natəvan Qədimova qeyd etmişdir ki, bu sahənin təbliği və inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Naxçıvan diyarının müxtəlif bölgələrinə aid çoxsaylı xalça nümunələrinin qorunduğu və nümayiş etdirildiyi Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması, muxtar respublikada xalça toxuculuğu emalatxanalarının fəaliyyət göstərməsi, bu istiqamətdə sənətkarların yetişdirilməsi məhz Naxçıvanda xalçaçılıq sənətinin yaşadılması və təbliği işinə bariz nümunədir.  Bugünkü təqdimat mərasimi də muxtar diyarımızda xalçaçılıq sənətinə verilən önəmin göstəricisi olaraq, xalqımızın zəngin mədəniyyət tarixini özündə əks etdirən xalçalarımızın qorunması işinə töhfə kimi dəyərləndirilməlidir.

Nazir çıxışında qeyd etmişdir ki, mədəniyyətimizin inkişafına töhfə olan muzeylərimizə eksponat hədiyyə edilməsi işi bu gün Naxçıvan Muxtar Respublikasında ənənə halını almışdır. Son illər muxtar respublikada fəaliyyət göstərən muzeylərə eksponatların təhvil verilməsi Naxçıvanda mədəniyyətin təbliğinə, bu sahənin inkişafına göstərilən qayğı kimi dəyərləndirilir. Bugünkü təqdimat mərasimi də bu qəbildən olan mədəni hadisə kimi qiymətləndirilməlidir. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyinə təqdim olunan xalçalar, əsas etibarilə, ötən əsrin xalçaçılıq sənəti nümunələri olmaqla, əllə toxunmuşdur. Xalçaçılıq sənətinin xalça, kilim və palaz növlərinə aid bu toxuculuq məhsulları öz ecazkar naxış ornamentləri ilə diqqəti cəlb edir.  Onu da qeyd etmək lazımdır ki, bu gün muxtar respublikada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən 585 ədəd əllə toxunan xalçaların reyestri hazırlanmış və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq edilmişdir.

Nazir çıxışının sonunda maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə vətəndaşlara təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlıq edib.

Sonra Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova, eksponatları muzeyə hədiyyə edənlərdən Şərur şəhər sakini Baxşəliyeva Dilbər çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İnanırıq ki, bu işlər gələcəkdə də davamlı olaraq həyata keçiriləcək.

Sonda tədbir iştirakçıları təqdim olunan yeni eksponatlarla və muzeyin ekspozisiyası ilə yaxından tanış olmuşlar.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyini mətbuat xidməti

23.10.2019

Joomla 1.5