Tarixi körpülər Naxçıvanın memarlıq mədəniyyətinin göstəricisidir

Azərbaycanın qədim diyarı Naxçıvan ərazicə kiçik olsa da, çox zəngin tarixə və mədəniyyətə malikdir. Bu qədim oğuz yurdunun hansı səmtinə üz tutsan, orada mütləq hər hansı bir tarixi tikiliyə rast gəlmək mümkündür. Nekropollar, qədim yaşayış yerləri, məscid və hamamlar, türbələr, qalalar, karvansaraylar Naxçıvanın keçmiş zamanlardan günümüzədək yaşatdığı tarixi abidələrdir. Bu tarixi abidələr sırasında öz əhəmiyyətinə görə seçilən tikililərdən biri də körpülərdir. Yaşı yüz illərlə ölçülən bu körpülər tarixi mədəniyyətimizin bir hissəsi kimi Naxçıvanın mühüm ticarət, elm, mədəniyyət mərkəzlərindən biri olmasının da göstəricisidir. Ümumiyyətlə, körpülərin mahiyyətinə vardıqda aydın olur ki, bu cür tikililər, əsasən, keçid rolunu oynasa da, eyni zamanda müxtəlif əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.

Tarixən Naxçıvanın Çindən Avropaya uzanan Böyük İpək Yolu üzərində yerləşməsi isə buradakı körpülərin tarixi rolunu daha qabarıq şəkildə ortaya qoyur. Naxçıvanda salınmış körpülərin tarixinə diqqət etsək, görərik ki, onların əksəriyyəti orta əsrlər dövründə tikilib. Bu dövr isə, ümumilikdə, Şərqdə elm və ticarətin, mədəniyyətin inkişaf etdiyi mühüm tarixi dövr olub. Bundan əlavə, tikilən körpülər yerli əhalinin də digər yaşayış məntəqələri ilə əlaqə yaratmasında əsas rol oynayıb. İndinin özündə də bu körpülərdən istifadə olunur. Sevindirici haldır ki, muxtar respublikamızda tarixi abidələrə göstərilən dövlət qayğısı hazırda mövcud olan belə tarixi körpülərdən də yan keçməyib. Culfa rayonunun Qazançı kəndindəki Qazançı körpüsünün əsaslı şəkildə qurulması bunu bir daha təsdiq edir. Qazançı körpüsü XVII əsrin əvvəlində Şərq memarlıq üslubunda inşa edilmiş tarixi-memarlıq abidəsidir. Birtağlı körpünün tikintisində müxtəlifhəcmli çaydaşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilib. Vaxtilə bu körpüdən Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Körpünün diqqətçəkən tərəflərindən biri də odur ki, bu tikili Azərbaycanın biraşırımlı körpülərinin әn yaxşı nümunəsi sayılır. Eni 3,55, uzunluğu 10,85, hündürlüyü isə 8,8 metr olan körpüdə bərpa işləri aparılan zaman əsas yükdaşıyan hissənin aşınmış daşları dəyişdirilib, daşların arası təmizlənərək əhəng məhlulu ilə bərkidilib. Körpünün şimal tərəfdən yol ilə birləşmə hissəsi orijinallığı saxlanılmaqla bərpa edilib, nəticədə, onun uzunluğu 50 metrə çatıb. Bundan əlavə, tikilinin ətrafında da sahilbərkitmə işləri aparılıb, buradakı istinad divarlarının üzəri dağ daşları ilə üzlənib.

Ardını oxu...

 

Yallılarımız dövlət səviyyəsində himayə olunur

Xalq yaradıcılığının ən qədim sahələrindən biri də folklordur. Azərbaycan ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana gəlməsi dövrü ilə bağlıdır. Dünyanın qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq xalq yaradıcılığında öz tarixini bu və ya digər şəkildə əks etdirib. Xalqımızın mifoloji-bədii dünyagörüşünün izləri indi də folklorda özünü büruzə verməkdədir.

Bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb. Muxtar respublikamızda bu qiymətli sərvətin daha geniş tədqiqi və təbliği onu gələcək nəslə olduğu kimi çatdırmaq məqsədi daşıyır. Xalq yaradıcılığının ən qədim növlərindən biri də yallılardır.

“Şərur yallıları haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixli Sərəncamında deyilir: “Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallıları xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir”.

Muxtar respublikamızda xalqımızın milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan yallı sənətinin inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, yallılar nota köçürülüb, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Ardını oxu...

 
 

Batabat karvansarası-“Fərhad evi”

“Fərhad evi” və ya “Ağ karvansara” Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təxminən 1 kilometr şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılıb. Divarların dibində səki düzəldilib. Birinci otağın sağ küncündə quyu ocaq yeri var. Giriş qapısının hündürlüyü 2,20 metr, eni 1,3 metrdir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda qadın rəsmi həkk olunub. Qayanın şimal-şərq yamacında buradan keçən qədim karvan yolunun səviyyəsindən 2 metr hündürlükdə, uzunluğu 5 metr, eni 80 metr, dərinliyi 30 santimetr olan səki qazılıb. Səki boyunca 3 sətirlik qədim yazı (çox güman ki, mixi yazı) həkk olunub (məzmunu oxunmaz vəziyyətə salınıb). Yaxınlıqdakı kurqan tipli abidə üzərindəki tikmədaş oğurlanıb. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılırdı. Batabat yaylağında “Fərhad evi” adı ilə tanınan dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar “Fərhad evi” abidələrinin eramızdan əvvəl birinci minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılıb.

Ardını oxu...

 
 

Aşıq Nabat yaradıcılığında yurd sevgisi

Müxtəlif dövrlərdə yazıb-yaratmış Aşıq Sona, Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Bəsti, Aşıq Sənəm və adı dillər əzbəri olan digər klassik qadın aşıqlarımızın ənənəsini davam etdirən, dövrünün mühüm yeniliklərini telli sazında dindirən, fitri istedadı ilə şöhrət tapmış və ədəbi irsi hələ indiyədək tam öyrənilməmiş aşıqlardan biri də Aşıq Nabatdır. Nabat Cavadova 1914-cü ildə Şərur rayonunun Parçı (sonralar Xanlıqlara birləşdirilmişdir) kəndində dünyaya göz açıb. Kiçik yaşlarında ata və anasını itirən Nabat qardaşlarının himayəsində yaşayıb.

Nabat qoşma və bayatı yazmağı qarşısına məqsəd qoymayıb. Onun yaradıcılığı əsasən başına gələn hadisələrin, məcaraların tərənnümü kimi bədahətən yaranıb. Otuzuncu illərin əvvəllərində sevib-seçdiyi bir milis işçisi ilə ailə həyatı qurur və ərinin işi ilə əlaqədar Qərbi Azərbaycanın Dərələyəz mahalında yaşayırlar. Lakin bu izdivac bir il çəkmir, həyat yoldaşını erməni qaçaqlar öldürürlər.

Sevgi uğursuzluğundan taleyi üzünə gülməyən Nabat yurdunu tərk edərək 1934-cü ildə Bərdə rayonuna köçüb. O, burada Göyçəli Aşıq Musadan bu sənətin sirlərini öyrənib. Bərdə, Yevlax, Gəncə şəhərlərində Aşıq Əsəd, Borsunlu Məzahir, Pərvanə Həsən, Aşıq Teymur kimi ustad sənətkarlarla görüşüb, sənətdə get-gedə püxtələşib ad-san qazanıb.

Ardını oxu...

 
 

Tamaşa balaca izləyicilərdə xoş təəssürat yaradıb

Sədərək Rayon Mədəniyyət Sarayında müxtəlif konsert proqramları, tamaşalar və filmlər izlənilir. Bu dəfə balaca tamaşaçıların görüşünə Naxçıvan Dövlət Uşaq Teatrı gəlib. Teatr “Bu günün çay dəsgahı” tamaşasını təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Nurbəniz Niftəliyeva, musiqi tərtibatçısı isə Mirsaleh Seyidovdur. Nurlan Qafarzadənin, Səkinə Məmmədovanın, Uğur Nəsirlinin, Mirmehdi Seyidovun, Ülvü Bədəlovun, Heyran Abdullayevanın, Aysu Dünyamalıyevanın, Tunca Əşrəfovun və Nihad Məmmədquluyevin oynlarını balaca tamaşçılar maraqla izləyiblər.

Qeyd edək ki, Naxçıvan Dövlət Uşaq Teatrı repertuarında uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında rol oynayan əsərlər yer alır.

"NUHÇIXAN" iNFORMASİYA AGENTLİYİ

06.01.2019

 
 

Səhifə 198 > 234-dən

Joomla 1.5