Həmzə Sadiqovun rəsm əsərlərinin təqdimat mərasimi keçirilib

Noyabrın 5-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı keçirilib.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, təsviri incəsənətin ən qədim növlərindən biri olan rəssamlıq sənəti insan ruhunu oxşayan, insanın mənəvi aləmindəki daxili duyğularını ifadə edən sənət növüdür.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına böyük dövlət qayğısı göstərilir. Son illər muxtar diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında rəssamlığın inkişafına göstərilən böyük dövlət qayğısının bariz ifadəsidir.

“Bu günlərdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov bir neçə rəsm əsərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərə hədiyyə etmişdir.”- deyən nazir buna görə Əməkdar rəssam Həmzə Sadiqova təşəkkür edib ona yaradıcılıq uğurları arzulayıb.

Həmzə Sadiqovun həyat və yaradıcılıq fəaliyyətindən  bəhs edən Natəvan Qədimova vurğulayıb ki, ilk dəfə 1977-ci ildə fərdi sərgisi keçirilən Həmzə Sadiqov 1980-ci ildə Moskvadakı Xalq İncəsənəti Universitetini bitirmişdir. 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Təşkilatının Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunan bütün sərgilərdə iştirak edir. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Ardını oxu...

 

Şahtaxtı qədim yurd yeridir

Naxçıvan Muxtar Respublikası çoxsaylı qədim yaşayış məskənləri ilə tanınır. Belə qədim tarixə malik yaşayış məskənlərindən biri də Kəngərli rayonunun Şahtaxtı kəndidir. Eramızdan əvvəl ikinci minillikdə ətrafı qala divarları ilə əhatə olunan və tarixi qaynaqlarda “Qarahasar” adlanan bu qədim türk yurdu Elxanilər dövründə -XIII əsrdə şəhərtipli yaşayış yeri kimi də qeyd edilir. Möhtəşəm tarixə və mədəniyyətə malik Şahtaxtının böyük tarixi keçmişi, həmçinin burada ilkin məskunlaşmanın hansı tarixi dövrlərə gedib çıxması kimi amillər daim tarixçiləri, arxeoloqları maraqlandırıb. Bu məqsədlə kəndin tarixi yerlərində bir neçə dəfə arxeoloji qazıntı işləri aparılıb, beləliklə də Şahtaxtının qədim keçmişinə ayna tutumaq mümkün olub.

Şahtaxtı kəndinin tarixi keçmişinin araşdırılması və üzə çıxarılması məqsədilə aparılan araşdırmalar və arxeoloji tədqiqat işləri daha çox kəndin şimal-qərb hissəsində yerləşən Şahtaxtı arxeoloji kompleksində həyata keçirilib. Arxeoloji kompleksdə, o cümlədən kompleksə daxil olan və xalq arasında “Govurqala” adlandırılan yaşayış yerində və onun yaxınlığında olan nekropolda ilk dəfə 1936-cı ildə Azərbaycanın görkəmli arxeoloq-etnoqrafı Ə.Ələkbərov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılıb və qazıntılar nəticəsində bu abidənin Son Tunc-İlk Dəmir dövrünə, yəni, eradan əvvəl II minilliyin sonu -I minilliyin əvvəllərinə aid olduğu qənaətinə gəlinib. Şahtaxtı arxeoloji abidələr kompleksində geniş halda qazıntı işlərinə isə 1979-cu ildən başlanılıb. Bu tədqiqat işləri 1988-ci ilə qədər davam etdirilib. Həmin tədqiqatlar nəticəsində mədəni təbəqədə tikinti qalıqları, əmək alətləri, gil qablar aşkar edilib. Əldə edilən həmin maddi-mədəniyyət nümunlələrinin bir çoxu ölkə muzeylərində, rayonumuzda yerləşən Tarix-Diyarşünaslıq muzeyində, həmçinin Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən möhtəşəm Ermitaj muzeyində qorunub saxlanılır.

Ardını oxu...

 
 

Uşaqlar və milli rəqslərimiz

“Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və İlahi əmanətidir”- hələ 20-ci əsrin əvvəlində “Füyuzat” jurnalı belə yazırdı...

Bu gün muxtar respublikamızın bütün rayon və kəndlərində gələcəyə hərtərəfli inkişaf etmiş uşaqların, yeniyetmələrin, gənclərin yetişdirilməsi üçün hər cür imkan və şərait yaradılıb. Belə bir şəraitdə inkişaf etməmək, gələcəyə dünyagörüşlü, bilikli və bacarıqlı, milli irsinə sahib çıxan vətəndaşlar yetişdirməmək mümkün deyil.

Elə milli irsimizin ən nəcib, zəngin sahələrindən biri də milli rəqslərimizdir. Rəqs incəsənətin ən qədim tarixə malik olan sahələrindən və xalqımızın adət-ənənəsini, milli etnik məsubiyyətini tərənnüm edən vasitələrdən biridir. Milli rəqslərimiz dövrünün koloritini, ritmini, tempini özündə birləşdirir. Hərəkət və jestlərlə rəqsin məzmununu təyin edir. Onun cəmiyyətə çatdırılması vəzifəsini daşıyır. Bizim milli rəqslərimizin məzmunu olduqca qiymətli, olduqca böyükdür. Burada hər bir hərəkət ən sadə fikirdən, hisdən başlayaraq dərin duyğuları, iztirabları, sevinci, kədəri, ümumilikdə mənəvi yaşantıları fiziki hərəkətlərlə çatdırır. Bu həm də qeyri-adi ünsiyyət formalarından biridir.

Bizim xalqımız 100-dən çox yallı və rəqsə sahib olmaq kimi bir üstünlüyə sahibdir. Bu rəqslərdə bizim milli ruhumuz öz əksini tapıb. Hər bir rəqsimizin öz xarakteri, özünəməxsus cəsurluq, igidlik, nəciblik, incəlik üslubu var. Məsələn, bizim milli rəqslərimizdə kütləvilik xalqımızın birliyini, sarsılmazlığını, əzm və vüqarını təmsil edir. Oğlan və qızların ifa etdiyi  özünəməxsus rəqs elementləri, bizim milli rəqslərimizin böyük məna daşıdığını təsdiqləyir. Kişi rəqslərində diz üstə döyüşmək, barmaq üstə oynamaq öz qoçaqlığını göstərməsi rəqsin dili ilə çatdırılır.

Ardını oxu...

 
 

Muxtar respublikada mədəni tədbirlərin təşkilinə diqqət artırılmışdır

Oktyabr ayında da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni-kütləvi tədbirlərin keçirilməsi davam etdirilmiş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur.

Ötən ayın yaddaqalan mədəni hadisələrindən biri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsinin keçirilməsi olmuşdur.

Oktyabrın 22-də görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin ifasında istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Son illər ənənə halını almış muxtar respublika sakinləri tərəfindən muzeylərə eksponat hədiyyə edilməsi işi oktyabr ayında da davam etdirilmiş, Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla, 15 ədəd eksponatın təqdimat mərasimi keçirilmişdir. Ümumilikdə, ötən ay ərzində muzeylərə 111 ədəd yeni eksponat daxil olmuşdur.

Görkəmli şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü münasibətilə ədibin ev muzeyi və Xatirə Kompleksində “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir.

Ardını oxu...

 
 

Xalq ruhunu yaşadan folklor örnəkləri Hüseyn Cavid yaradıcılığında

Şifahi ədəbiyyat örnəklərini yazılı ədəbiyyata gətirmək ənənəsi çox qədimlərdən şair və yazıçılarımızın yaradıcılığına böyük uğur qazandırmışdır. Ən yaxşı yazılı ədəbiyyat nümunəsi məhz şifahi ədəbiyyat örnəkləri ilə zəngindir. Şifahi ədəbiyyat yazıçı və şairlərin əsərlərində fikir və ideyanı oxucuya asan yolla çatdırmaq üçün əsas silah idi. Yəni xalqa lazım olanı elə xalqın dilində çatdırmaq daha məqsədəuyğundur. Digər bir tərəfdən, şifahi ədəbiyyatı yazılı ədəbiyyata əsas dayaq hesab edən yazarlar öz milli kökünə, soyuna dərindən bələd olan insanlardır və onu qoruyub saxlamağın, gələcək nəsillərə ötürməyin bir yolunun da bu üsul olduğunu çox gözəl bilirdilər. Onlar həm də əsərlərinin dil-üslub xüsusiyyətlərinin sadə və anlaşılan olması üçün xalq yaradıcılığı janrlarından istifadəyə daha çox diqqət edirdilər.

Nəsimi, Füzuli, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Hüseyn Cavid və onlarla digər sənətkarımız xalq yaradıcılığı qaynaqlarına dönə-dönə müraciət etmişdir. Bu gün də zəngin poeziyamızı, dramaturgiyamızı və nəsrimizi xalq qaynaqlarından kənarda düşünmək, təbii ki, mümkün deyil.

Ölməz sənətkar Hüseyn Cavidin istər lirik, lirik-epik şeirləri, istərsə də mənzum və mənsur dramları atalar sözləri, məsəllər, yeri gəldikcə, bədii aforizmlərlə də çox zəngindir. Bu hikmətli sözlərin əksəriyyətində qəhrəmanlıq, həyat sevgisi, mübarizə eşqi, nikbinlik, əməyə məhəbbət, insanpərvərlik, sülhsevərlik, ağıl və mərifət kimi gözəl xüsusiyyətlər təbliğ edilir:

Ardını oxu...

 
 

Səhifə 19 > 172-dən

Joomla 1.5