Naxçıvan Musiqi Kollecinin tələbələri ilə “İdeyadan başlanğıca” startap layihələri ilə bağlı görüş keçirilib

Noyabrın 14-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Musiqi Kollecinin hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil tarixində yeni dövrün başlanğıcı qoyulmuş, “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsi hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, startap ilk növbədə mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması nəzərdə tutulur. Həmçinin daha əvvəldən mövcud olan hər hansı bir ideyanı təkmilləşdirən inkişafa meyilli təşəbbüslər nəzərdə tutulur. Layihələr ilk növbədə dövlətin və xalqın maraqları çərçivəsində həyata keçirilməlidir. Belə olan halda həm xalqın maariflənməsi, həm də vətəndaşların dünyagörüşünün artması və insanların asudə vaxtlarının səmərəli təşkili işi həyata keçirilmiş olur.

Ardını oxu...

 

Polis əməkdaşları tərəfindən muzeylərə eksponatlar təqdim olunub

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən Naxçıvan Dövlət Tarix Muzeyinə və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə edilmiş maddi mədəniyyət nümunələrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamların icrası nəticəsində maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə maraq artıb. Muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması da bunun bariz ifadəsidir. Bu gün muzey fondlarının zənginləşdirilməsində təkcə muzey əməkdaşları deyil, muxtar respublikada yaşayan vətəndaşlar, o cümlədən tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, rəssamlar və incəsənət adamları yaxından iştirak edirlər. Artıq 3 ildir ki, xalqımızın tarixini özündə yaşadan maddi mədəniyyət nümunələri, xalçalar, qədim əlyazmalar və rəsm əsərlərinin muzeylərə təqdim edilməsi təqdirəlayiq ənənəyə çevrilib. 2019-cu ilin noyabr ayınadək 12 eksponat təqdimatı keçirilib. Bu ilin 10 ayı ərzində muxtar respublikanın muzeylərinə 2044 yeni eksponat daxil olub. Sevindirici haldır ki, bu aksiyaya artıq muxtar respublikanın müxtəlif mərkəzi icra hakimiyyəti orqanları da qoşulur. Keçirilən bu təqdimat mərasimində də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edirlər. Bu gün onlar tərəfindən muzeylərə 27 sayda yeni eksponat təqdim edilir. Həmin eksponatların muzey ekspozisiyalarında sərgilənməsi nəzərdə tutulur.

Ardını oxu...

 
 

Milli mədəniyyətimizin bilicisi və fədakar təəssübkeşi

Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavidin nakam övladı, parlaq istedad sahibi Ərtoğrolun şeirə, sənətə, poeziyaya olan vurğunluğu hələ uşaq yaşlarından özünü büruzə verib. O, hələ ikinci sinifdə oxuduğu zaman “Ay” adlı şeir yazmış və bununla diqqət çəkmişdi.

Ərtoğrol Cavid 1936-cı ildə Vladimir İliç Lenin adına Pedaqoji İnstituta (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olmuş, 1940-cı ildə isə ali təhsilini uğurla başa vurmuşdu. İnstitutda oxuya-oxuya o, dahi bəstəkar Bülbülün rəhbərliyi ilə fəaliyyət göstərən Musiqi Elmi-Tədqiqat Kabinetində (METK) çalışıb. Hər iki elm ocağı Ərtoğrol Cavidin filoloq-alim, dramaturq, tərcüməçi, musiqişünas və bəstəkar kimi yetişməsinə zəmin yaratmışdı. Əgər ali məktəbdə Ərtoğrol Cavidə ictimai-pedaqoji hərəkatın əsas simaları sayılan Mir Cəlal Paşayev, Əli Sultanlı, Cəfər Xəndan, Məmməd Cəfər, Əkbər Ağayev, Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə kimi Azərbaycan elminin klassikləri mühazirələr oxumuşdularsa, musiqi sahəsində də Bülbül, Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Cabbar Qaryağdı, Seyid Şuşinski kimi nəhənglərdən dərs almış, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev və başqa parlaq şəxsiyyətlərlə çiyin-çiyinə işləmişdi.

Ərtoğrol Cavid ali təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş (1941) və musiqi təhsilini daha da təkmilləşdirmişdi. Yaradıcılığa “TOƏC” (Türk Oğlu Ərtoğrol Cavid) imzası ilə başlamışdı. Sovet rejiminin tüğyan etməsinə, atasının repressiyaya məruz qalmasına baxmayaraq, Ərtoğrol imzasını dəyişməyərək milli kökə, milli ruha ömrünün sonuna qədər sadiq qalmışdı.

“Göyərçinin naləsi”, “Sönük həyat”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla” kimi şeirlərində ömrünün qayğısız günləri və yaşına uyğun gəlməyən bədbinlik notları öz əksini tapıb. Ərtoğrol Cavidin çoxçalarlı yaradıcılığına nəzər salanda görürük ki, onun əsərlərində nəcib əxlaqi keyfiyyətlər öz qabarıq əksini tapır. O keyfiyyətlər Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldırmaq ideyası ilə birləşir.

Ərtoğrol Cavidin əsas amalı xalqını azad, müstəqil görmək idi. Onun bütün yaradıcılığı Azərbaycan xalqının soykökünə bağlılığa, milli azadlığa və müstəqilliyə çağırır. Yüksək mədəniyyətə malik vətənpərvər, humanist, işgüzar, dərin düşüncəli pedaqoq, fədakar mədəniyyət xadimi Ərtoğrol Cavidin vur-tut 24 illik (1919-1943) ömür yolu hər mənada gənclərə nümunə sayıla bilər.

Ardını oxu...

 
 

Gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub

Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “9 noyabr – Dövlət Bayrağı Günü” münasibətilə Nazirliyin tabe müəssisələrində çalışan və nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub.

Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi İlkin Cabbarov giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun milli bayrağı - Dövlət bayrağıdır. Azərbaycanın üçrəngli bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Ardını oxu...

 
 

Bədii yaradıcılıq müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solooxuma (xanəndəlik və vokal), rəqs, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsi keçirilib. Fiziki imkanları məhdud vətəndaşlar, eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında istedadlıları üzə çıxarmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, cəmiyyətə inteqrasiyalarına köməklik göstərmək məqsədilə keçirilən yaradıcılıq müsabiqəsində iştirakçılar münsiflər qarşısında bir-birindən maraqlı nömrələrlə çıxış ediblər.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasında keçirilən tədbirdə çıxış edən Mədəniyyət naziri Natəvan Qədimova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev belə tədbirlərin müvafiq kateqoriyadan olan şəxslərin həyatındakı əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda qalib və fərqlənən iştirakçılar təltif olunub, onların ifalarında növbəti çıxışlar dinlənilib.

Qeyd edək ki, muxtar respublikanın bütün bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin iştirak etdiyi müsabiqə qaliblərinin Bakı şəhərində bu kateqoriyadan olan şəxslər arasında keçiriləcək VIII Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsində iştirakı nəzərdə tutulub.

“Şərq qapısı” qəzeti

08.11.2019

 
 

Səhifə 18 > 172-dən

Joomla 1.5