Onlayn konsertlər davam etdirilir

Avqustun 19-da Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının “Muğam studiyası”nın onlayn konserti olub. Konsert proqramında xalq mahnıları, təsniflər və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib. Ansamblın bədii rəhbəri İlqar Hüseynovdur.

Qeyd edək ki, filarmoniyada Muğam studiyası uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər. Muğam studiyasına İlqar Hüseynov rəhbərlik edir. Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığını və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Xalqımızın yaratdığı bu sənət nümunəsi zənginliyi, ucalığı, kamilliyi, müdrikliyi, hikməti, əbədiyaşarlığı ilə insanı düşündürür. Təsadüfi deyil ki, 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına salınmışdır.

Ardını oxu...

 

Ömürdən doymamışam, həyatdan doymamışam

Şair-dramaturq Adil Qafar oğlu Babayev 1925-ci il yanvar ayının 27-də Naxçıvan şəhərində dünyaya gəlmişdir. Atası Qafar Babayev Naxçıvan Fövqəladə Komissiyasının sədri, Daxili İşlər komissarı vəzifəsində işləməsinə baxmayaraq, 1925-ci ildə SSRİ Xalq Komissarları Sovetinin sədri A.Rıkovun Naxçıvan səfərindən sonra güllələnmişdir. Adil Babayev uşaqlıq illərindən atasına 1956-cı ildə verilən bəraətə qədər “Xalq düşməninin oğlu” damğasını qorxa-qorxa gəzdirməyə məhkum olmuşdu. Bəlkə də, məhz bu nisgilli həyat onun ömrünün tez başa çatmasına, 52 yaşında dünyasını dəyişməsinə səbəb olmuşdur. O, 1977-ci il avqust ayının 19-da dünyasını dəyişmişdir.

Ata nəvazişi görməyən şair “Üç miras qalıbdır atamdan mənə: bir adım, bir dilim, bir də ürəyim”, – deyirdi. Adil Babayev şeirlərinin birində atasızlığın onun həyatına təsirini belə qələmə almışdır:

Mən atamı görməmişəm at belində,

Ata-baba ocağında, dost elində.

Simasını yaratmışam xatirələr qaynağından,

Neçəsinin heyrətindən, neçəsinin sorağından.

Anam nağıl deyən zaman gözlərimə atam gəlib,

Şeir yazıb, söz qoşmuşam, sözlərimə atam gəlib.

Şairin dostu və müasiri Xalq şairi Bəxtiyar Vahabzadə Adil Babayevin həyatını belə təsvir etmişdir: “Adilin atası repressiya qurbanlarından biri idi. Buna görə də Adil çox yerdə sıxıntı keçirir, çox yerdə sözünü açıq deyə bilmirdi…”

Ardını oxu...

 
 

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən müşavirəni nazir Natəvan Qədimova açıb. Bildirilib ki, Mədəniyyət Nazirliyinin tabeliyində 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 2 respublika əhəmiyyətli kitabxana, 1 musiqi kolleci, 30 muzey və muzeytipli müəssisə, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 400-dən çox klub, mədəniyyət evi, kitabxana və kitabxana filialları, mədəni-maarif müəssisələri və digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu mədəniyyət müəssisələrinin payız-qış mövsümünə lazımi səviyyədə hazırlığı daim diqqət mərkəzindədir.

Məlumat verilib ki, nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlardan 1-i ümumiləşdirilmiş havalandırma sistemi, 66-sı qazanxana və kombi­tipli sistemlə, 340-ı ümumi istilik sistemi ilə, 50-si dizel yanacağı, 2-si maye qaz, 6-sı isə təbii qazla qızdırılır. Hazırda 12 mədəniyyət müəssisəsində tikinti işləri aparılır. Vurğulanıb ki, müəssisə rəhbərləri kitabxana, klub müəssisələri təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xüsusilə mövcud vəziyyətlə əlaqədar tibb-sanitariya işi diqqətdə saxlanılmalı, müəssisələrdə elektrik enerjisindən qanunsuz istifadəyə yol verilməməlidir. Müəssisə rəhbərləri elektrik sayğacı olmayan obyektlərdə sayğac quraşdırılması məsələsini indidən həll etməli, müvafiq orqanlar tərəfindən keçirilən reydlər zamanı belə nöqsanlara rast gəlinməməlidir. Mədəniyyət müəssisələrində payız-qış mövsümünə hazır­lıqla bağlı məsul şəxslər oktyabr ayının 15-dək nazirliyə yazılı məlumat verməlidirlər.

Ardını oxu...

 
 

Tarixi şəxsiyyətləri və müasir inkişafı ilə qürurlanan diyar: Cəlilkənd

Hər hansı bir yaşayış yeri ilk olaraq qədim tarixi və yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə tanınır. Bu baxımdan Şərur rayonundakı Cəlilkəndin adını çəkmək kifayətdir. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə və görkəmli rəssamımız İbrahim Safinin adı ilə qoşa çəkilən Cəlilkənd 1961-ci ildən bu adı daşıyır. Bu yurd yeri Şərur şəhərindən 4 kilometr şimal-şərqdə, Naxçıvan-Sədərək avtomobil yolunun kənarında yerləşir. Ən qədim yaşayış məskənlərindən biri olan bu kənddə II minilliyin əvvəllərinə aid edilən və xalq arasında “qalaça” adlandırılan siklop tikililər mövcuddur. Şərur rayonundakı yeganə “Buzxana” tarix-memarlıq abidəsi də bu kəndin payına düşüb. Ümumiyyətlə, Cəlilkənd qədim tarixi və dəyərli şəxsiyyətləri ilə muxtar respublikamızın sayılıb-seçilən yaşayış məntəqələrindən biridir.

Bu yaşayış məntəqəsinin qədimliyini olmasını buradakı qəbiristanlıq sübuta yetirir. El arasında “qalaça” deyilən bu xarabalıqda xeyli siklop tikililəri var. İnşa üsulu və texnikasına görə bu “qalaçalar” eramızdan əvvəl II minilliyin əvvəllərinə aid edilir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazıb ki, “Qəbiristanlıq ətraf yerlərə nisbətən hündür təpənin üzərində yerləşir. Orta əsrlərə aid olan qəbirlər başlıca olaraq qəbiristanlığın cənub və qərb tərəflərindədir. Başdaşılarının bir qismi torpağın aşınması nəticəsində yerə düşmüşdür. Başdaşıları çəhrayı və boz rəngli daşlardan dördkünc formada hazırlanmışdır. Onların mərkəzi hissəsi taxça şəklində oyulmuş və ərəb əlifbası ilə kitabələr yazılmışdır. Tarixlər hicri təqvimi ilə verilmişdir. Başdaşılarında hicri 1210, 1310, 1334 və sair tarixlərə rastlanır. Araşdırmalar göstərir ki, qəbiristanlığın ərazisindən uzun müddət istifadə edilmişdir. Arxeoloji və epiqrafik materiallara əsaslanaraq qəbiristanlığı XVIII-XX əsrlərə aid etmək olar”.

Ardını oxu...

 
 

Bütün zamanların sevimli sənətkarı

17 avqust Müslüm Maqomayevin doğum günüdür

Hər il avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılır.

Bu gün Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 78-ci ildönümü tamam olur.

On dörd yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" sərlövhəli məqalə dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib.

Ardını oxu...

 
 

Səhifə 12 > 234-dən

Joomla 1.5