Hüseyn Cavidin anım günü qeyd olunub

Dünən Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində dahi şair və dramaturqun anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Hüseyn Cavidin məqbərəsi ziyarət edilib.

Muzeydə davam edən tədbiri giriş sözü ilə Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov açaraq böyük Azərbaycan şairinin həyat və yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından danışıb.

Bildirilib ki, məhz görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin böyük qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirilib, cənazəsi Uzaq Sibirdən Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağına tapşırılıb. Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələri ucaldılıb, xatirə muzeyləri yaradılıb.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli “Azərbaycan ədəbiyyatında repressiya dövrü”, pedaqogika üzrə elmlər doktoru, dosent Kamal Camalov “Əbədiyaşar Cavid”, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin bələdçisi Sona Mirzəyeva “Vətənə qayıdış” mövzularında çıxış ediblər.

Tədbirin sonunda görkəmli şairin şeirləri bədii qiraət edilib, muzeyin ekspozisiyasına baxış olub.

“Şərq qapısı” qəzeti

06.12.2019

 

Seminar-treninq keçirilib

Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Tarix-diyarşünaslıq muzeylərinin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda muzey əməkdaşları üçün seminar-treninq keçirilib.

Muzey əməkdaşlarının iştirak etdiyi tədbiri Nazirliyin baş məsləhətçisi Qumral Əsədova giriş sözü ilə açaraq bildirib ki, keçirilən seminar-treninqlərin əsas məqsədi muzey işinin təşkili ilə bağlı muzey əməkdaşlarının nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Bu tədbirlər zamanı muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında da ətraflı məlumat alırlar. Eyni zamanda seminar-treninqlər muzey işçilərinin qədim diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmasına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Qeyd olunmuşdur ki, bu gün keçirilən seminar-treninq il ərzində təşkil olunmuş 12-ci seminar-treninqdir. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Vurğulanıb ki, 2019-cu ilin 11 ayında muxtar respublikanın muzeylərinə 2179 yeni eksponat daxil olmuşdur. Bu müddətdə muzeyləri ümumilikdə 584 min 810 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 166 min 233 nəfəri əcnəbi vətəndaşlardır. Muzeylərdə 12 seminar-treninq keçirilmiş, muzey işi ilə bağlı 4 dəyirmi masa təşkil edilmişdir.

Daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimov “Tarix-diyarşünaslıq muzeylərinin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, onlardan tarix-diyarşünaslıq muzeylərinin özünəməxsus yeri vardır. Tarix-diyarşünaslıq muzeyləri yerləşdiyi bölgənin həm tarixini, həm mədəniyyət və incəsənətini, həm də məişət və etnoqrafiyasını özündə əks etdirir. Muxtar respublikada yerləşən tarix-diyarşünaslıq muzeyləri fondunun zənginliyi ilə də seçilir. Qədim tarixə malik olan muxtar respublikamızın bütün rayonlarında öz qədimliyi və gözəlliyi ilə seçilən maddi-mədəniyyət nümunələrini toplamaq, qoruyub saxlamaq və təbliğ etmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Ardını oxu...

 
 

Muxtar respublikada mədəni tədbirlər noyabr ayında da davam etdirilmişdir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən ötən ay muxtar respublikanın bölgələrində və paytaxtı Naxçıvan şəhərində konsert proqramları təşkil edilmiş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər nümayiş olunmuşdur.

Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik etmişdir. Tədbirdə muzey işçiləri təltif edilmiş və Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan Dövlət Tarix Muzeyi-95” filminə baxış olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşlarından 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adı, 5 nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.

Noyabr ayında 170-ə yaxın gəncin iştirak etdiyi və muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların peşəkar sənətə istiqamətləndirilməsi, eləcə də mədəniyyət müəssisələrinin yaradıcılıq fəaliyyətinin daha da canlandırılmasına töhfə ola biləcək “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu və yekun tədbiri keçirilmiş, qaliblər nazirlik tərəfindən təltif edilmişlər.

Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Musiqi Kollecinin hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələri ilə görüş keçirilmiş, tədbirdə “startup.nakhchivan.az” internet portalı haqqında məlumat verilmişdir. Bundan əlavə Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın məşq prosesi tələbələrə nümayiş etdirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Ardını oxu...

 
 

İslam mədəniyyətinin beşiyi, dini dəyərlərimizin ehtiramla qorunub yaşadıldığı Ordubad

“Şərqin qapısı” adlandırılan Naxçıvan əsrlərboyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bu gün muxtar respublikamızın bütün rayonlarında dini dəyərlərin, tolerantlıq mühitinin yaşadılması və yüksək səviyyədə qorunub saxlanması beynəlxalq ictimaiyyətin diqqətini hər zaman cəlb edir.

Belə rayonlarımızdan biri də Ordubaddır. Azərbaycanın qədim tarixə malik bölgələrindən biri olan Ordubad gözəl təbiəti və özünəməxsus dəyərləri ilə seçilir. Bu rayon hələ qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən tarixi abidələri ilə məşhur olub. Avropanın qabaqcıl şəhərsalma təcrübəsi tətbiq edilərək yenidən qurulan, hər il neçə-neçə müasir abidələr ucaldılan muxtar respublikamızın hər yerində olduğu kimi, Ordubadda da bu, tarixi-memarlıq abidələrinə göstərilən diqqət və qayğının təzahürüdür. Rayon ziyalıları ilə söhbət zamanı da onlar bildirdilər ki, Naxçıvanın hər bir bölgəsində, o cümlədən Ordubad rayonunda aparılan abadlıq, quruculuq tədbirləri bütün sahələri əhatə edib. Qədim tarixi tikililərin bərpa edilməsi tarixi-memarlıq abidələrinə göstərilən qayğı milli və dini dəyərlərin ən yüksək səviyyədə qorunub saxlanılmasının nəticəsidir.

Tarixi-memarlıq abidələri sırasında olan məscidlər rayonun görünüşünə gözəllik qatmaqla yanaşı, həm də İslam mədəniyyətinin qoruyucusu rolunu oynayır. Demək olar ki, Ordubadın kəndlərinin hamısında kənd məscidləri mövcuddur. Məscid tikintisi rayonda intensiv aparılır. Artıq Ordubad rayonunun Anaqut kəndində 255 kvadratmetr ərazini əhatə edən yeni məscid binasının da tikintisi başa çatıb. Ordubadda hazırda 20-dən çox məscid fəaliyyət göstərir. Belə tarixi qədimliyi qoruyub saxlayan dini-memarlıq abidələri “Came”, “Ambaras”, “Sərşəhər” və “Mingis” məscidləridir. Qalanları isə şəhər küçələrinin bəzəyi olan məhəllə məscidləridir.

Əvvəlcə yolumuzu “Came” tərəfdən saldıq. Bu məscid İslam dini qaydalarına uyğun şəhər-memarlıq üslubunda inşa olunub. Orta əsrlərə aid memarlıq abidəsi şəhərin mərkəzi meydanının ən hündür yerində ucalır və möhtəşəmliyi ilə diqqəti cəlb edir. Hər namaz vaxtı verilən azan səsi insanları Uca Allaha ibadət üçün məscidə səsləyir. Kvadrat­şəkilli, yastı damlı məscid binasının 6 kiçik günbəzi olsa da, minarəsi yoxdur. Ona görə də burada minarədən yox, İslamın ilk dövrlərində olduğu kimi məscid damının üstündən azan verilir.

Ardını oxu...

 
 

Uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə ustad dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müxtəlif ixtisaslar üzrə müəllim və şagirdlər üçün ustad dərsləri keçirilib. Dərslər başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova qeyd edib ki, ustad dərslərin keçirilməsində əsas məqsəd  tədrisin səviyyəsinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə, onlarda ixtisaslarına olan marağın daha da artırılmasından ibarətdir. Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə  Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Dünyamalı Abdullayev, Naxçıvan Musiqi Kollecinin fortepiano ixtisası üzrə müəllimi Zülfiyyə Sadiqova, kamança ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova, skripka ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Cahangir Qurbanov, qarmon ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Elşən İsmayılov müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Müəllimlər tədris prosesində şagirdlərə yalnız elmi bilikləri deyil, təcrübə vərdişlərini də aşılamalı, onların dünyagörüşünü formalaşdırmağı, şagirdlərin psixoloji, fiziki və digər fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmağı tövsiyə etdilər. Ustad dərs  başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

03.12.2019

 
 

Səhifə 11 > 172-dən

Joomla 1.5