Xatirə Muzeyində keçirilən açıq dərs Xocalı soyqırımına həsr olunub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin tələbələrinə Naxçıvan şəhəridə yerləşən Xatirə Muzeyində Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş ingilis dilində açıq dərs keçirilib.

Əvvəlcə tələbələrə muzeyin bələdçisi tərəfindən muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin ekspozisiyasında Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırım və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənədlər fotoşəkillər və şəxsi əşyalar nümayiş olunur. Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərində, o cümlədən Babək, Sədərək, Şahbuz, Culfa rayonunun və digər yaşayış məntəqələrində minlərlə günahsız insan erməni vandalizminin qurbanına çevrilib ki, bütün bu məlumatlar da muzeydə öz əksini tapır.

Muzeydə erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında ümummilli lider Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər də nümayiş etdirilən eksponatlar sırasındadır.

Sonra “Naxçıvan” Universitetinin Xarici dillər kafedrasının müəllimi Elmira Hüseynova tərəfindən ingilis dilində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş dərs keçirilib.

Seyfur Hacımuradov

Nuhçıxan” İnformasiya Agentliyi

19.02.2020

 

“Səsin sehri, sözün sirri” müsabinin seçim turları başa çatıb

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika üzrə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin seçim turları yekunlaşıb.

Gənc istedadların axtarışı, onların üzə çıxarılması və peşəkar inkişafının istiqamətləndirilməsi, mədəni dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan milli musiqilərin, bədii əsərlərin yeniyetmə və gənc nəsil arasında təbliğinin təmin edilməsi, mədəniyyət müəssisələrinin yaradıcılıq fəaliyyətinin canlandırılması məqsədi ilə keçirilən müsabiqənin seçim turlarına muxtar respublikanın rayon (şəhər) mədəniyyət şöbələrinin tərkibində fəaliyyət göstərən 8 ansambl, 13 musiqi dərnəyi , 25 bədii-qiraətçi qatılıb.

Fevralın 12-də Naxçıvan Dövlət Uşaq Teatrında keçirilən birinci seçim turunda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 1 musiqi dərnəyi, 3 bədii qiraətçinin ifasında 7 nömrə,  Babək Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 7 musiqi dərnəyi, 3 bədii qiraətçinin ifasında 14 nömrə, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 5 bədii qiraətçinin ifasında 7 nömrə, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 4 bədii qiraətçinin ifasında 6 nömrə səsləndirilib.

Ardını oxu...

 
 

Əcnəbi tələbələr muzeylərdə olub

Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, ekskursiyanın təşkil olunmasında məqsəd  Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəsissələrinə daxil olmuş əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdir.

Gənclərin gəzintiləri yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin Cəlil kənddə yerləşən Ev Muzeyindən başlanıb. Muzeyin bələdçisi  gənclərə böyük ədibin həyat və yaradıcılığı, onun mütaliə etdiyi əsərlər və şəxsi kitabxanası haqqında məlumat verib. Sonra gənclər Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar. Yengicə Hamamı və Şərur rayonunda yerləşən İdman Kompleksi ilə tanış olan qonaqlar üçün çay süfrəsi təşkil olunub.

Qeyd edək ki,  20 nəfər əcnəbi tələbənin  iştirak etdiyi  ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının və  Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

“Nuhçıxan” İnformasiya Agentliyi

19.02.2020

 
 

“Kitabxanalar və gənclik” mövzusunda konfransı

AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanası Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə “Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirib.

Tədbiri kitabxananın direktoru Tamella Əsgərova açaraq ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün Naxçıvanda da uğurla həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu gün gənc­lərin kitabxanalara cəlb olunmasına, mütaliə mədəniyyətinin formalaşmasına, xidmət edən hər cür şəraitə malik zəngin ənənəvi və elektron kitabxanalar yaradılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərin mütaliə mədəniyyətinin inkişafında, kitabların daha geniş təbliğində mühüm rol oynayır.

AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanasının direktoru Sahab Əliyeva “Gənc nəslin formalaşmasında kitabxanaların rolu” mövzusunda çıxış edərək gənc nəsildə mütaliəyə marağın artırılması baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsidir ki, mütaliəyə maraq əvvəlki illərlə müqayisədə                        ­nəzərəçarpacaq dərəcədə artıb.

Sonra çıxışlar dinlənilib.

AMEA Naxçıvan Bölməsinin

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

“Şərq qapısı” qəzeti

20.02.2020

 
 

“Qaraca qız” tamaşası Babək rayonunda göstərilib

Fevralı 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında Aybəniz Ağaqızının səhnələşdirdiyi “Qaraca qız” tamaşasını Babək rayonunda uşaq və məktəblilərə göstərmişdir.

“Qaraca qız” tamaşasında hadisələr əsərdə olduğu kimi cərəyan edir. Belə ki, zəlzələ zamanı valideynlərini itirən Tutunu Yasəmən adlı bir qaraçı övladlığa götürür. Hamı bu qıza “Qaraca” deyir. Lakin Yasəmən gənc bir qaraçı ilə qaçıb getdiyindən Qaraca Orucla qalmalı olur. Oruc onu küçələrdə oynadıb pul qazanır. Günün birində Qaraca bəy evinə düşür və onun qızı Ağca ilə dostluq edir. İlan çalan Ağcanın əlindən zəhəri sorub çıxardan Qaraca çox sevdiyi müdrik Piri babanın yanında ölür.

Tamaşada Qaraca qız rolunu gənc aktyor Ləman Əhmədova təqdim edir. Digər aktyorlar Ulduz Süleymanova (Yasəmən), Vəsmə Quliyeva (Ana), Əfqanə Ələsgərova (Ağca), Arzu Səfərov (Hüseynqulu bəy), İbad Nəbiyev (Rəhim bəy), İlqar Babayev (Səlim bəy), İlham Babayev (Yusif) və başqaları personajları peşəkarlıqla canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov maraqlı tamaşa yaratmağa nail olmuşdur. Quruluşçu rəssam Ədalət Quliyevin səhnə tərtibatı uğurludur. Tamaşanın bəstəkarı Əli Məmmədov isə tamaşanın ahəngini tutmağı bacarmışdır.

“Qaraca qız” tamaşası Babək rayonunda yaşayan uşaq və məktəblilər tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətuat xidməti

19.02.2020

 
 

Səhifə 7 > 186-dən

Joomla 1.5