Cəlil Məmmədquluzadə irsi və onun Ədəbiyyat muzeyində təbliği

“Dünyada hər kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır ” – deyən böyük yazıçı, ictimai xadim, mütəfəkkir, məşhur  “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadə əsərləri ilə Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlər göstərib.

Cəlil Məmmədquluzadə məslək adamı olub. O, xalqın azadlığı üçün yollar axtarıb, qurtuluşu üçün çarələr düşünüb. Bir dəfə yazıçı dostları Cəlil Məmmədquluzadəyə ehtiyatlı olmağı, özünü düşmənlərdən qorumağı məsləhət görüb, ədib isə onlara belə cavab verib: “Mənim məqsədim eybəcərlikləri görmək, gülmək və yazmaqdır. Adını yazıçı qoyub ortalığa çıxan gərək hər bir vəziyyəti nəzərdə tutsun. Yəqin ki, haqqı müdafiə edən yazıçının düşməni çox olacaq... Düşməndən qorxanın adını yazıçı qoymağa haqqı yoxdur”.

Cəlil Məmmədquluzadənin bədii nəsri Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə idi. O, ədəbiyyatımızda kiçik hekayənin böyük ustadı kimi daha çox şöhrət qazanıb. Onun hekayələri, əsərləri yaşadığı dövr Azərbaycan həyatının güzgüsüdür. Real həyat hadisələrinin tipik bədii vasitələrlə təqdim edilməsi, sıravi, zəhmətkeş insanların maraqlı və qəribə taleyinin təsviri, milli oyanış və dirçəlişə çağırış, sadə dil və üslub yazıçının bədii nəsrinin əsasını təşkil edir.

Həyatının, elmi, ədəbi-ictimai fəaliyyətinin ən yüksək mənasını, amalını doğma xalqına, Azərbaycan ictimai fikrinin inkişafına və tərəqqisinə xidmət etməkdə görən görkəmli ədib yazırdı: “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı”. Ömrü boyu xalq üçün yazıb-yaradan, vətənin, millətin tərəqqisi naminə çalışan böyük sənətkarın xatirəsi daima uca tutulur, ehtiramla yad edilir.

Ardını oxu...

 

Dilimiz milli sərvətimizdir

Dil - bir millətin millət kimi formalaşıb özünün dünyanın digər xalqları arasında təsdiqləməsində xüsusi əhəmiyyət daşıyan ünsürlərdən biridir. Dil bütün millətləri birləşdirən, onun tarixin müxtəlif ağır sınaqlarından keçməsində müstəsna rol oynayan, varlığını bütün bəşəriyyətə çatdıran, onun müstəqilliyinin, suverenliyinin simvollarından biridir.

YUNESKO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Bu günün qeyd olunmasında məqsəd ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir.

Məlum olduğu kimi, dilimizə qarşı düşmənlərin hər zaman məkirli niyyətləri olub. Təkcə XX əsrdə əlifbamız sovet imperiyasının əsarəti altında üç dəfə təzyiqə məruz qalıb. Yalnız 2001-ci ildə ümummilli lider Heydər Əliyev sayəsində rəsmi olaraq latın əlifbasına keçildi, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qüvvəyə mindi. Ana dilimizi milli varlığımız hesab edən ulu öndər deyirdi: “Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli yer tutması üçün daha geniş perspektivlər açılmışdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır”...

Nəhayət, 2003-cü ildə “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunun qəbul olunması Ümummilli lider Heydər Əliyevin bu işdə nə qədər həssas və tələbkar olduğunu bir daha sübut etdi. Lakin bununla da görülən işlər bitmir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev bu sahədə görülən işləri  uğurla davam etdirərək dilimizin inkişafina və tətbiqi işinə xidmət edən yeni qərarlar qəbul edib. Prezident İlham Əliyev 12 yanvar 2004-cü il tarixdə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam imzalayaraq dövlətçiliyimizin təməl daşlarının möhkəmlənməsi sahəsində böyük addım atdı. Xüsusi qayğı baxımından dövlət başçısının Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında 12 yanvar 2004-cü il tarixli Fərmanı əhəmiyyətlidir. O zamandan etibarən hər il avqust ayının 1-i Ana Dili Günü kimi qeyd olunur.

Ardını oxu...

 
 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşa göstərilib

Fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün tanınmış yazıçı Əyyub Abbasovun “Keçinin qisası” tamaşası göstərilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulmuş, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulmuşdur. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçirilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar respublikamızda bu qəbildən olan uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzindədir.

Azərbaycanlı yazıçısı Əyyub Abbasovun “Şəngülüm, Şüngülüm, Məngülüm” adlı nağılı əsasında hazırlanmış “Keçinin qisası” tamaşanın müəllifi də məhz yazıçının özüdür. Uşaqlar arasında məşhur və sevilən “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı haqqında çoxsaylı cizgi filmləri çəkilib, tamaşalar hazırlanmışdır. Tamaşada hadisələr Canavarın keçinin 3 balasını yeməsi və keçinin balalarını qurtarmaq üçün canavarla apardığı mübarizə üzərində qurulmuşdur. Tamaşanın əsas personajları Keçi, Canavar və Şəngülüm, Şüngülüm, Məngülümdür.

Ardını oxu...

 
 

“Azərbaycan dili milli varlığımızdır” mövzusunda interaktiv dərs

21 fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı ümumtəhsil məktəbləri ilə Cəlil Məmməd­quluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında “Azərbaycan dili milli varlığımızdır” mövzusunda interaktiv dərs keçilib.

Dərsdə ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə geniş məlumat verilərək şagirdlərin diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparmışdır. Görkəmli dövlət xadimi 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında, 1995-ci ildə isə ilk milli Konstitusiyamızda ana dilimizin dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur.

Bildirilib ki, hazırda bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamları və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Qeyd olunub ki, muxtar respublikamızda da dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir, ana dilimizin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə reallaşdırılan tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir.

Ardını oxu...

 
 

Ədəbiyyat və mətbuatımızın sönməz istiqlal günəşi

“Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur!”


Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) bütün şüurlu həyatı və yaradıcılığı boyu sadiq qaldığı bu müqəddəs məramı ilə milli ziyalılıq mücəssəməsinə çevrilmiş, əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. O, milli-mənəvi xəzinəmizdə mütərəqqi ideyalar carçısı, ictimai fikrin bayraqdarı, bədii ədəbiyyatımızda və publisistikamızda Azərbaycançılıq ideologiyasının yaradıcılarından biri kimi yaşayır.

“Kiçik hekayənin böyük ustadı”, tənqidi-realist nəsrin banisi olan məşhur ədibin adının ədəbiyyat tariximizdə əbədiləşməsi üçün təkcə onun sadə mətləblərlə dərin mənalar ifadə edən, bu gün də bədii nəsrimizin şedevr nümunələrindən sayılan hekayələri belə, yetərli idi. XX əsrin əvvəllərindən bədii yaradıcılıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri sadə və rəvan təhkiyə dili, Azərbaycan danışıq üslubu, ibrətamizliyi, ən əsası isə büllur kimi saf və tükənməz söz çeşməmiz – xalq folklorundan qaynaqlandığı üçün bu gün də sevilə-sevilə oxunur. Onun “Rus qızı”, “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi sovet dövründə qələmə aldığı hekayələrində cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.

Ustad Mirzə Cəlil Azərbaycan dramaturgiyası tarixində tragikomediya mərhələsinin də yaradıcısıdır. Onun ilk dram əsəri, ilk alleqorik və mənzum pyesi “Çay dəsgahı”dır. Ədibin kinayəli gülüşdən acı göz yaşlarına aparan dramaturgiyası komediya və faciə janrlarının üzvi vəhdəti ilə seçilir. Azərbaycan tragikomediyasının zirvəsi sayılan məşhur “Ölülər” əsəri, bütövlükdə, türk-müsəlman dünyasının cəhalət və mövhumatına qarşı ən kəsərli silahdır. Onun “Anamın kitabı” məşhur dramına isə görkəmli mirzəcəlilşünas, akademik İsa Həbibbəyli “Azərbaycançılığın ədəbi manifesti”, “Azərbaycana aid olmayan fərqli düşüncələrə malik üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramı” elmi-bədii dəyərini vermişdir. “Kişmiş oyunu” və “Kamança” kimi pyesləri öz ideyasına görə bu gün də aktuallığını, ədəbi-bədii dəyərini qorumaqdadır. Mirzə Cəlilin sovet hakimiyyəti illərində yazdığı “Dəli yığıncağı” pyesində, həmin dövrə məxsus, akademik İsa Həbibbəyli tərəfindən tapılıb elmi-ədəbi ictimaiyyətə təqdim edilən “Ər” pyesində, “Lal”, “Lənət”, “Oyunbazlar” səhnəciklərində sovet cəmiyyətinin eybəcərlikləri, cəhalət və nadanlıq tənqid olunur.

Ardını oxu...

 
 

Səhifə 5 > 186-dən

Joomla 1.5