Qara Qarayevin 100 illik yubileyi qeyd edilib

Fevralın 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, 2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi tamam olur. Prezident cənab İlham Əliyev 2017-ci il 17 oktyabr tarixdə “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən görkəmli bəstəkarın yubileyi ölkəmizdə müxtəlif mədəni tədbirlərlə qeyd olunur.

Vurğulanıb ki, bəstəkarın dahi Nizami Gəncəvinin eyniadlı poeması əsasında “Yeddi gözəl”, Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri, fransız yazıçısı Anri Barbüsün novellası əsasında “Zəriflik” monooperası, Aleksandr Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları, fransız dramaturqu Edmond Rostanın “Sirano de Berjerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müzikli və digər əsərləri öz orijinallıqları ilə daim yadda qalacaq və seviləcəkdir.

Ardını oxu...

 

Tamaşaya ictimai baxış

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında məşhur “1001 gecə nağıl­ları”ndan olan “Ələddinin sehrli çırağı” tamaşasına ictimai baxış olub.

Teatrın bədii rəhbəri-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovun səhnələşdirdiyi nağıl real və fantastik elementlərlə zəngindir. Ələddinin maraqlı macəra və sərgüzəştləri tamaşanı baxımlı edir. Tamaşa-nağılın əsas mövzusu insanın çətinliklərə qalib gələrək öz xoşbəxtliyinə, səadətinə qovuşmasıdır. Ələddinin ­sehrli çırağı tapması, sonra isə onun cadugər tərəfindən ələ keçirilməsi, sehrli qüvvələrlə rastlaşması tamaşada maraqlı səhnələrdəndir. Bütün çətinlikləri dəf edən Ələddin (aktyor Arzu Səfərov) tamaşanın sonunda xoşbəxtliyə çatır.

Tamaşadakı Ələddinin anası (ak­trisa Ulduz Süleymanova), Cadugər (aktyor İlqar Babayev), Cin (aktyor İlham Babayev), Div (aktyor İbad Nəbiyev) və başqaları nağıl qəhrəmanlarını dolğun canlandırırlar.

Tamaşanın quruluşçu rəssamı Rəfael Qədimov, musiqi tərtibatçısı Əli Məmmədovdur.

Sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, xalq artistləri Kamran Quliyev, Şirzad Abutalıbov və başqaları çıxış edərək tamaşa haqqında fikir və rəylərinin bildiriblər.

Yaxın həftələrdə “Ələddinin sehrli çırağı” tamaşasının balacalara göstərilməsi nəzərdə tutulub.

 
 

Dəyirmi masa təşkil edilib

Fevralın 14-də Naxçıvan Dövlət Tarix Muzeyində “Muzey fondlarına daxil olan eksponatların bazasının yaradılması işinin təşkili və qarşıya çıxan çətinliklər” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Əsədova açaraq bildirib ki, muxtar respublikamızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları müasir tələblər səviyyəsində qurulur. Qədim diyarımızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması və muzey şəbəkələrinin genişləndirilməsi sahəsində işlər 2017-ci ildə də davam etdirilib. Ötən il muzeyləri 110 min 425-i əcnəbi olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət edib. Bu ilin ilk ayında isə muzeylərdə 5 min 359 nəfəri əcnəbi vətəndaş olmaqla, 24 min 434 nəfər tamaşaçı olub.

Bildirilib ki, muzeylərdə açıq dərslərin, seminar-treninqlərin təşkili də müntəzəm xarakter alıb. Muzey fondlarının zənginləşdirilməsi sahəsində görülən işlər öz bəhrəsini verir. Belə ki, ötən il muzeylərimizə 1340 yeni eksponat daxil olub. Bu ilin yanvar ayında isə bu mədəniyyət müəssisələrinə 130 eksponat verilib.

Ardını oxu...

 
 

Bəhruz Kəngərli yaradıcılığına aid 3 orijinal rəsm əsəri muzeyə təqdim olunub

Fevralın 2-də Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən görkəmli rəssam Bəhruz Kəngərli yaradıcılığına aid olan üç rəsm əsərinin Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinə daimi olaraq təhvil verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşmasında mühüm rol oynayıb. Onun yaratdığı rəsmlər, portretlər, mənzərələr, natürmortlar, süjetli kompozisiyalar, teatr dekorasiyaları, karikaturalar, qrafik əsərlər bunun gözəl nümunəsidir. Bu əsərlərin sayı 2000-ə yaxın olsa da, bu günə yalnız 500-ə qədəri gəlib çatıb.

Ardını oxu...

 
 

“Lira” musiqili-intellektual oyununun III mərhələsi olub

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən “Lira” musiqili-intellektual oyununun III mərhələsi başa çatıb.

Maraqlı və gərgin keçən musiqili­-intellektual oyunda musiqi məktəblərinin şagirdləri fəallıq göstəriblər. Onlar görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləmə yolu ilə təyin edib, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.

Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıb. Naxçıvan Şəhər S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Simayi-Şəms” komandasına birinci, Şərur Rayon Şəhriyar Kənd Uşaq Musiqi Məktəbinin “Köçəri” komandasına ikinci, Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Qala” komandasına üçüncü dərəcəli diplom və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin “Xəmsə” komandasına isə həvəsləndirici diplom təqdim edilib.

Qeyd edək ki, “Lira” musiqili-intellektual oyununun dördüncü mərhələsi fevral ayında keçiriləcəkdir.

 
 

Səhifə 290 > 292-dən

Joomla 1.5