Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Azərbaycan musiqi mədəniyyəti zəngin və çoxəsrlik tarixə malikdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında zəngin məlumat verir. Hələ XIII əsrdən Azərbaycan musiqisinin nəzəri məsələləri araşdırılmış, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazılmışdır. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir”.

Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, aşıq musiqimiz min illərin sınağından keçərək bu günə gəlmişdir. Bu gün zəngin musiqimiz dünyada sevilə-sevilə dinlənilir, könülləri fəth edir. Həmçinin ölkəmizdə yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi də formalaşmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Dahi bəstəkarın yaradıcılığı Azərbaycan musiqisinə dünya şöhrəti qazandırmışdır. Onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyov təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.

Ardını oxu...

 

Milli Musiqi Gününə həsr olunmuş konsertlər davam edir

Dünən Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində konserti olub.

Orkestr dahi Üzeyir Hacıbəyovun milli musiqimizin incilərindən olan “Koroğlu” operasından möhtəşəm “Uvertüra”nı ifa edib. Bu ölməz musiqidən sonra xor kollektivinin ifasında böyük bəstəkarımız Qara Qarayevin “Xoşbəxtlik nəğməsi” səslənib. Onu da qeyd edək ki, kollektivin xormeysteri Naxçıvan ­Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərovadır.

Gənc müğənni İlkin Abdullayev görkəmli bəstəkar Süleyman Ələsgərovun Şıxəli Qurbanovun sözlərinə yazdığı “Baharın nəğməsi” mahnısını ifa edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli müasir bəstəkarlarımızdan Eldar Mansurovun “Bahar oğlu” mahnısını təqdim etdikdən sonra Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva Üzeyir Hacıbəyovun “Firuzə” operasından Firuzənin ariyasını səsləndirib. Gənc müğənni Rahim Əsgərzadənin Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın, “Koroğlu” operasından Həsən xanın ariyalarını ifa etməsi alqışlarla qarşılanıb.

Kamera orkestrinin Qara Qara­yevin ölməz “Yeddi gözəl” baletindən səsləndirdiyi “Vals” konsertə rəngarənglik qatıb.

Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Mübariz Əsgərovun ifa etdikləri Müslüm Maqomayevin “Odlar yurdu” mahnısı, “Qalalı” xalq mahnısı, Oktay Kazımovun “Bayram mahnısı” tamaşaçılarda xoş ovqat ­yaradıb.

Ardını oxu...

 
 

Növbəti seminar-treninq

Cəlil Məmmədquluzadənin ev-muzeyində muzey bələdçiləri üçün növbəti seminar-treninq keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muzey bələdçisi muzeyi ziyarətə gələn insanlarla davranış qaydalarına ciddi əməl etməli, özünün geyim tərzi, intellektual dünyagörüşü ilə bura gələnlərdə xoş təəssürat yaratmalıdır. Muzey bələdçiləri ziyarətçilərin suallarını diqqətlə dinləyib elmi əsaslarla və tarixi faktlarla cavablandırmağı bacarmalıdırlar. Bütün bu sadalanan vəzifələrin öhdəsindən layiqincə gəlinməsində təcrübə mübadiləsinə imkan verən ­seminar-treninqlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Sonra muzeyin ekspozisiyasına baxış olub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

 
 

Xalq artistinin yubileyi qeyd edilib

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, qədim diyarımızda tanınmış sənət adamları daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sənət adamlarına, aktyorlara, rəssamlara, musiqiçilərə göstərdiyi diqqət və qayğı bunun bariz ifadəsidir. Məhz Ali Məclis Sədrinin göstərişinə əsasən onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu gün keçirilən yubiley də bu ənənələrin uğurlu davamıdır.

Diqqətə çatdırılıb ki, yubileyi qeyd edilən tanınmış aktyor Kamran Quliyev teatrda 80-ə yaxın dolğun obraz yaradıb. Bu obrazlar dərin psixoloji dünyası ilə seçilən xarakterlərdir. 1980-ci ildə teatrın baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Vəli Babayevin dəvəti ilə bu sənət ocağında fəaliyyətə başlayan sənətkar Naxçıvan teatrının səhnəsində müxtəlif taleli obrazlar canlandırıb. Aktyorun yaratdığı rəngarəng obraz və personajlar onu teatrsevərlərə sevdirib. Kamran Quliyev həm də gözəl rejissor və pedaqoq kimi tanınır.

Naxçıvan teatrının səhnəsində 44 səhnə əsərinə uğurlu rejissorluq edən Kamran Quliyev “İtilənən xəncərlər”, “Əlincə qalası”, “Səyavuş”, “Şeyx Sənan”, “Topal Teymur”, “İblis”, “Yarımçıq şəkil”, “Pompeyin Qafqaza yürüşü”, “Araz sahilində doğan Günəş”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı” və digər tamaşaların rejissoru olub.

Ardını oxu...

 
 

Milli Musiqi Günü ilə bağlı tədbirlərə start verilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Milli Musiqi Gününə həsr olunmuş tədbirlərin qrafikini təsdiq etmişdir. Bu qrafikə əsasən muxtar respublikanın paytaxtında və rayon mərkəzlərində, ­­o cümlədən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində konsertlər təşkil olunacaqdır. Eyni zamanda dahi bəstəkar Üzeyir Hacı­bəylinin həyat və yaradıcılığından bəhs edən “Üzeyir ömrü” bədii filminin nümayiş olunması, musiqi tariximizlə bağlı mühazirələrin oxunması nəzərdə tutulub.

Sentyabrın 8-də Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Qarabağlar Türbə Kompleksi qarşısında Milli Musiqi Gününə həsr olunmuş konserti ilə bu tədbirlərə start verilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan bu musiqi kollektivi haqqında ətraflı məlumat verilib.

Konsertə Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin solisti, Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun, Tural Nəcəfovun ifa etdikləri mahnılar alqışlarla qarşılanıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Elçin Nağıyevin ifalarında Azərbaycan bəstəkarlarının populyar estrada mahnıları səsləndirilib.

Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli, Elçin Nağıyev və başqalarının ifasında estrada mahnıları ilə bərabər, Azərbaycan və dünya musiqisinin görkəmli sənətkarlarının marş, vals, caz, tanqo, rəqs musiqi janrında yazdığı melo­diyalar da səsləndirilib.

Ardını oxu...

 
 

Səhifə 282 > 292-dən

Joomla 1.5