“Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin konserti olub.

Tədbirdə fondun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, bu gün qədim Türk dünyasının mədəniyyət mərkəzlərindən və ən gözəl guşələrindən biri, İslam Mədəniyyətinin Paytaxtı, Türk dünyasının böyük oğlu, ulu öndər ­Heydər Əliyevin Vətəni olan Naxçıvanda olmaqdan çox şadıq. Bu gün Naxçıvan qədim olduğu qədər də müasirdir. Biz ikiqat sevinc və qürur hissi keçiririk ki, belə gözəl bir tədbir Türk dünyasının inkişafına, onun güclənməsinə dəstək verən ulu öndərimizin adını daşıyan möhtəşəm Heydər Əliyev Sarayında keçirilir.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Bizim məqsədimiz, ilk növbədə, türkdilli xalqları yaxınlaşdırmaq, qardaş xalqları daha da doğmalaşdırmaq və eyni zamanda o xalqların sahib olduqları zəngin mədəni irsi dünyaya tanıtmaqdır. Bu istiqamətdə fond müxtəlif layihələr həyata keçirir. Belə layihələrdən biri də “Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Bu il sentyabr ayının əvvəlində Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində orkestrin yaradılması dövlət başçıları tərəfindən imzalanan Bəyannamədə öz əksini tapıb. Türk dünyasının ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un baş qəhrəmanının adını daşıyan kamera orkestri özündə Türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovdur.

Ardını oxu...

 

Naxçıvanda “İslam filmləri həftəsi”nin açılışı olub

Sentyabrın 24-də “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”nə start verilib.

Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, iyun ayından açılışına start verilən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” çərçivəsində qədim diyarımızda bir sıra tədbirlər keçirilib. Bu həftə ərzində keçiriləcək “İslam filmləri həftəsi” də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” Tədbirlər Planında əksini tapıb.

Vurğulanıb ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam dininin yayılmasında, eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində, o cümlədən Naxçıvan torpağında ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.

Qeyd olunub ki, bu gün İslam ölkələrinin mədəniyyətinə, incəsənətinə töhfə verən sahələrdən biri də kino sənətidir. Kino sənəti xalqların maariflənməsində, milli və vətənpərvərlik duyğularının aşılanmasında, milli dəyərlərin yaşadılmasında mühüm rol oynamaqla, həm də mərhəmət, şəfqət, insanlığa sevgi, ictimai məsələlərin ön plana çəkilməsində xüsusi əhəmiyyətə malikdir.

Ardını oxu...

 
 

136-cı teatr mövsümünün açılışı olub

Sentyabrın 20-də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Əli və Nino” tamaşası ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 136-cı teatr mövsümünü açıb.

Yeni teatr mövsümünün açılışı münasibətilə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, yeni mövsümdə Naxçıvan teatrı öz ənənələrini davam etdirərək gözəl səhnə əsərləri ilə tamaşaçıların görü­şünə gəlməyi nəzərdə tutur.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər bu diyarda teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu gün Naxçıvanda fəaliyyət göstərən teatrlar tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır. 
Nazir deyib ki, müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv tariximizin və milli dəyərlərimizin daşıyıcısına çevrilib. Üç əsrin şahidi olan Naxçıvan teat­rında səhnəyə qoyulan tamaşaların müasirlik kontekstində təqdimatı tamaşaçı zövqünün formalaşmasına xidmət edən amillərdəndir.

Diqqətə çatdırılıb ki, 2012-ci il fevral ayının 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla bərabər, həm də bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir.

Ardını oxu...

 
 

Şagirdlərin iştirakı ilə etüd təşkil edilib

Dünən Naxçıvan Dövlət Rəsm Qalereyasında Milli Musiqi Günü ilə bağlı muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə təhsil alan şagirdlərinin iştirakı ilə etüd təşkil edilib.

Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri kollektivlərinə göstərilən dövlət qayğısından danışan nazirliyin əməkdaşı Leyla Əlimərdanova qeyd edib ki, bu məktəblərin bir neçəsində uşaqlar həm də rəsm ixtisası üzrə təhsil alırlar. Hazırda 30-dək şagird rəsm ixtisası üzrə təhsil almaqla bu sahəyə maraq göstərir. Nazirlik və müəllimlər tərəfindən istedadlı şagirdlərə diqqət və qayğı göstərilir. Rəsm ixtisası üzrə təhsil alan şagirdlərin müsabiqəsi, həmçinin onların rəsmlərindən ibarət sərgilər təşkil edilir.

Çəkiləcək etüdlərin musiqimizə və böyük bəstəkarımız Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilməsi əsas şərtlərdən biridir. Böyük bəstəkarımızın əsər və felyetonları mövzusunda rəsm əsərləri çəkmək həm də şagirdlərin dahi bəstəkarımızla bağlı biliklərinin ifadəsi kimi də qiymətləndiriləcək. Böyük bəstəkarımızın publisist yaradıcılığı bütün ruhu, canı, qanı, həm də mövzu dairəsi etibarı ilə “Molla Nəsrəddin” jurnalı ilə səsləşdiyi üçün şagirdlər üslub yaxınlığını aydın tuta bilərlər.

Şagirdlərin çəkdikləri etüdlər tədbirin sonunda müəllimlər tərəfindən qiymətləndirilib.

 
 

Naxçıvanda Milli Musiqi Günü qeyd olunub

18 sentyabr – Milli Musiqi Günü münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək deyib ki, ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan musiqi sənətinin inkişafı üçün böyük işlər həyata keçirilib. Ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov və başqa dünya səviyyəli sənətkarlarımızın yaradıcılığını yüksək qiymətləndirib, Azərbaycan musiqi mədəniyyətinin inkişafına daim böyük qayğı göstərib. Onun qayğısı ilə ölkəmizdə musiqi mədəniyyətinin inkişaf dinamikası sürətlənib, Azərbaycan bəstəkarlarının beynəlxalq əlaqələri genişlənib, respublikada müsabiqələr, nəzəri konfranslar, müəllif gecələri, mahnı bayramları təşkil olunaraq gənc nəslin musiqi-estetik tərbiyəsinə böyük diqqət yetirilib.

Bu gün ölkəmizdə musiqimizin inkişafı sahəsində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli musiqi ənənələrimiz yaşadılır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Son illərdə bu sahədə görülən işlərin miqyası, xüsusilə genişlənib. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni musiqi məktəbləri inşa olunaraq istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün iş şəraiti təmin edilib.

Ardını oxu...

 
 

Səhifə 281 > 292-dən

Joomla 1.5