Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Şərur rayonu

Mart ayının 19-da Şərur şəhərində də ümumrayon bayram şənliyi keçirilib. Əvvəlcədən baharı, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş meydanda rayon Mədəniyyət Şöbəsi musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb. Tədbirin aparıcıları rayonda həyata keçirilən sosial-iqtisadi inkişafdan danışıblar.

Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sevil Hacıyeva ilə söhbətimiz zamanı dedi ki, müstəqillik illərində Şərur rayonunun 50-dək yaşayış məntəqəsində geniş quruculuq tədbirləri həyata keçirilib. Hazırda bir neçə kənddə yeni obyektlərin tikintisi davam etdirilir.

Tədbirin musiqili-əyləncəli hissəsi başa çatdıqdan sonra qədim misgərlik, dulusçuluq və mətbəx nümunələrinin, toxuculuq məmulatlarının, kənd təsərrüfatı alətlərinin nümayiş etdirildiyi sərgiyə baxış olub. Sərgiyə Şərur şəhərindən və rayonun, demək olar ki, bütün kəndlərindən milli dəyərlərimizi əks etdirən nümunələr çıxarılmışdı.
Şənlikdə arzular, diləklər də bildirilib, Dədə Qorqud babamızın müdrik kəlamları xatırlanıb: “Torpağımız bərəkətli olsun, tonqallarımız heç vaxt sönməsin!”

Babək rayonu

Babək rayonunda keçirilən bayram tədbirində rayonun mədəniyyət və incəsənət ustalarının ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Xalq çalğı alətləri, nağaraçalanlar və sazçalanlar ansambl­larının ifaları, rayon Mədəniyyət Sarayının yallı qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə yundarama, cəhrədə yunəyirmə, xalçatoxuma, kirkirədə qovut­çəkmə, daşda ətdöymə kimi qədim el nümunələrimiz də nümayiş etdirilib.

Rayonun məktəbdənkənar müəssisələri üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib, iaşə xidməti göstərilib. Qeyd edək ki, rayonun iri yaşayış məntəqələri olan Nehrəm və Cəhri kəndlərində də bayram şənlikləri təşkil edilib.


Ordubad rayonu

Ordubad rayonunda da bayram şənliyi yüksək səviyyədə keçirilib. Rayon mərkəzindəki tədbirlər meydanında təşkil olunan şənlikdə Ordubad mətbəxinin inciləri sayılan məcmeyi paxlavası, şəkərbura, qayğanaq, alana, sucuq, miyanpur, bir-birindən ləziz Ordubad yeməkləri, səmənilər, sənətkarların əl işləri, qədim məişət avadanlıqları göz oxşayırdı.

Aparıcılar vurğulayıblar ki, bu gün muxtar respublikamızda Novruz bayramı xüsusi təmtəraqla keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli dəyərlərimizə hörmət və ehtiramı Novruzun ümumxalq şənliyinə çevrilməsini təmin edib. Xalq yaradıcı­lığı günləri çərçivəsində muxtar respublikamızda bir-birindən maraqlı tədbirlərin keçirilməsi Novruz bayramının ümumxalq şənliyinə çevrilməsinin göstəricisidir.

Tədbirdə rayonun musiqi kollektivlərinin rəngarəng, maraqlı çıxışları olub.

Ardını oxu...

 

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq”.

Hər il Naxçıvan Muxtar Respublikasında Novruz bayramının quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak etmişdir. Milli geyimli qız Ali Məclisin Sədrinə səməni təqdim etmişdir. El ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək demişdir: “Bu gün Oğuz yurduna Novruz gəlir. El-obaya yeni il qədəm qoyur. Ötən il də böyük əməllərlə yadda qaldı. Naxçıvanımız İslam mədəniyyətinin və Azərbaycan gənclərinin paytaxtı kimi möhtəşəm tarix yazdı; qədim Oğuz igidləri yurdumuzun bir parçası olan Günnütdə bayrağımızı yenidən dalğalandırdılar. Qorqud babanız deyir ki, uğurunuz davamlı olsun! Vuran əlləriniz var olsun! Adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını elimiz-obamız neçə illərdir ki, əmin-amanlıq içində qarşılayır. Düşərli olsun! Ey bayram libaslı Naxçıvanım! Qazanılan uğurların dillər əzbəridir. Hünərvər oğul və qızların abad olmuş ulus-oymaqda toy-büsat qurur, bugünkü xoş növrağınla fəxr edirlər. Qorqud atanız deyir ki, bu uğurların bir səbəbkarı, bir yaradanı var. Ömrü uzun olsun! Yaradan qollarınız var olsun! Siz xalqı yaşadırsınız, xalq da Sizi yaşadacaqdır!"

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Novruz bayramı və ilin axır çərşənbəsi olan Od çərşənbəsi münasibətilə muxtar respublika əhalisini, şəhid ailələrini, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin şəxsi heyətlərini təbrik etmiş, xoş bayram ovqatı arzulamışdır.

Ali Məclisin Sədri demişdir: Novruz bayramı göstərir ki, Azərbaycan xalqı nə qədər böyük tarixə və zəngin mənəvi irsə sahibdir. Ulu öndərimiz Heydər Əliyev xalqımızın tarixi yaddaşının, Novruz ənənələrinin yaşadılması qayğısına qalaraq demişdir: “Novruz bayramının müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Bu gün ulu öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı müəyyənləşdirdiyi yol uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli-mənəvi dəyərlərimiz də dünyada tanınır və qəbul edilir. Xalqımızın milli dəyərləri içərisində Novruz bayramı mühüm yer tutur. Bu bayramın ən böyük üstünlüklərindən biri xalqımızın quruculuq əzmini yaşatmasıdır. Hər il olduğu kimi, bu il də Novruz bayramı ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və iqtisadi yüksəliş şəraitində qeyd olunur. Ötən il muxtar respublikada həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin etmiş, bütün makroiqtisadi göstəricilər üzrə artım əldə edilmişdir. Bu gün qeyd etmək xoşdur ki, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar əhali gəlirlərinin artmasına, məskunlaşmaya və demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı əvvəlki illərlə müqayisədə artaraq 456 min nəfərdən çox olmuşdur.

“Şübhəsiz ki, insan əməyi, zəhməti olmadan bu inkişaf mümkün deyil”, - deyən Ali Məclisin Sədri muxtar respublikamızın inkişafına öz töhfəsini verənlərin hamısına təşəkkürünü bildirmişdir.

Ali Məclisin Sədri demişdir: "Builki Novruz bayramını Naxçıvanın muxtariyyət qazanmasının 95 illiyi və muxtar respublikada elan olunmuş "Ailə təsərrüfatları ili"ndə qeyd edirik. Əminik ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət və bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi ölkəmizi və onun Naxçıvan Muxtar Respublikasını daha böyük tərəqqiyə qovuşduracaq, dövlət müstəqilliyimiz və sabitlik daha da möhkəmlənəcəkdir".

Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarının Novruz bayramını təbrik etmiş və bayram tonqalını yandırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada xalq yaradıcılığının öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması istiqamətində mühüm işlər görülmüşdür. Novruz bayramında "Xalq yaradıcılığı günləri"nin keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Builki Novruz bayramında da musiqi kollektivlərinin və xalq sənətkarlarının iştirakı, Novruz adətlərimizin və milli dəyərlərimizin nümayişi böyük marağa səbəb olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin ifasında “Naxçıvan” rəqsi təqdim olunmuşdur. Xalqımızın qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan qədim musiqi alətlərimizin təbliği və tanıdılması vacib məsələdir. Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının formalaşması və fəaliyyəti bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şənlikdə ansamblın və muğam studiyasının ifasında xalq mahnılarımız səslənmişdir. Naxçıvan şəhər sakinləri Bəyməmməd Ağaməmmədov və Gülsüm Novruzova Ali Məclisin Sədri ilə görüşərək bayram təbriklərini çatdırmışlar. Azərbaycan aşıq sənəti xalq yaradıcılığının mühüm tərkib hissələrindən sayılır. Dastanlarımızdan, xalq deyimlərindən də məlum olduğu kimi, əcdadlarımızın bir əlində qılınc olanda, bir əlində də saz olub. Bu gün də xalqımızın milli dəyərlərinin, vətənpərvərlik duyğularının, torpaq, yurd sevgisinin yüksək poetik tərənnümü olan aşıq sənətinə muxtar respublikada xüsusi qayğı ilə yanaşılır. Keçirilən el şənliklərində saz havalarına geniş yer verilməsi bu diqqət və qayğının təzahürüdür. Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərinin ifa etdikləri "Naxçıvani" aşıq havası tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Musiqi kollektivlərinin ifasında təqdim olunan “Doğma yurdum Naxçıvanım” mahnısı və “Qarabağ” yallısı alqışlarla qarşılanmışdır. Tulum, zurna, balaban kimi qədim çalğı alətlərimiz musiqi mədəniyyətimizlə yanaşı, həm də dəyərlərimiz və adət-ənənələrimizlə sıx bağlıdır. "Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eləcə də şair və yazıçılarımızın əsərlərində adları çəkilən qədim musiqi alətlərinin hər biri özünəməxsusluğu ilə fərqlənir. Bu gün muxtar respublikada bu alətlərinin bərpası diqqət mərkəzində saxlanılır, musiqi məktəblərində tədris olunur. Tədbirdə tulum, zurna, balaban və nağaradan ibarət “Tulum” kvartetinin ifası olmuşdur. Muxtar respublikanın beynəlxalq titullu şahmatçıları Ali Məclisin Sədrini bayramlar münasibətilə təbrik etmiş, xatirə şəkli çəkdirmişlər.

Ardını oxu...

 
 

Naxçıvanda xalq yaradıcılığı sahələri yeni dövrünü yaşayır

Doğma diyarımız Naxçıvanda minilliklərboyu təşəkkül tapan adət-ənənələr, xalq yaradıcılığı örnəkləri, milli dəyərlər xalqımızın ən qiymətli sərvətidir. Naxçıvanlılar bu dəyərlərə həmişə böyük ehtiramla yanaşıb, onların qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir.

Xalq yaradıcılığının yaşadılması, təbliği üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib, müşavirədə müxtəlif aidiyyəti qurumların bu sərəncamla bağlı fəaliyyət istiqamətləri göstərilib, vəzifələr müəyyənləşdirilib. Ötən dövr ərzində bu istiqamətdə görülən işlər sistemli xarakter alıb.

AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanmış üç cilddə “Naxçıvan folkloru antologiyası”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazır-lanmış “Naxçıvan teatrının salnaməsi”, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi tərəfindən hazırlanmış “Naxçıvan milli geyimləri” və “Naxçıvan tikmələri”, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabları nəşr olunub, Şərur yallılarından ibarət disk buraxılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində 21 yallı qrupu fəaliyyət göstərir. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disklər hazır­lanıb. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. 2018-ci il 26 noyabr-1 dekabr tarixlərdə keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Folklorun aparıcı qolunu təşkil edən ozan-aşıq yaradıcılığının geniş tətbiq olunması, Naxçıvanda aşıq poeziyasının inkişaf mərhələlərinin araşdırılması davam etdirilir, xalq mahnı və rəqslərinin sistemli şəkildə təbliği, unudulmuş mahnı və rəqslərin bərpa olunması, onların aşkar edilib nota köçürülməsi, həmin nümunələrin folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilməsi və qədim xalq çalğı alətlərində ifaların nümayiş etdirilməsi sahəsində müvafiq tədbirlər görülüb, muxtar respublikanın ayrı-ayrı bölgələrindən toplanan yallı və saz havaları nota salınıb. Bu tədbirlərin davamı kimi muxtar respublikada yaşayan peşəkar və həvəskar aşıqlar haqqında məlumat bazası yaradılıb, 2009-cu il dekabrın 22-dən Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlayıb.

Muxtar respublikanın mədəniyyət müəssisələrində yeni folklor kollektivlərinin yaradılmasına diqqət artırılıb, mədəniyyət müəssisələrinin kollektivlərindən ibarət yeni folklor kollektivləri, folklor və yallı qrupları yaradılıb.

Naxçıvan Dövlət Universitetində xalq çalğı alətləri orkestri, Naxçıvan Musiqi Kollecində Qədim xalq çalğı alətləri ansamblı yaradılıb, unudulmuş qədim musiqi alətlərinin bərpası işinə başlanılıb. Peşəkar musiqi kollektivlərinə, folklor kollektiv və qruplarına, bədii özfəaliyyət kollektivlərinə milli geyim dəstləri verilib. Dövlət tədbirlərində, əlamətdar və tarixi, həmçinin bayramlarda həmin musiqi kollektivlərinin çıxışları təşkil edilir, gənclərdə qədim musiqi alətlərinə maraq oyadılır.

Ardını oxu...

 
 

“Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib

Martın 18-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart tarixi Beynəlxalq Poeziya Günü elan olunmuşdur. Azərbaycanda isə “Beynəlxalq Poeziya Günü” 2007-ci ildən etibarən qeyd olunur.

Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır. Poeziya danışıq nitqi ilə musiqi arasında bir növ orta mövqe tutur. O da musiqi kimi adi danışıqla tam ifadə edilməyən gərgin emosiyadan, böyük həyəcandan yaranır.

Ən qədim zamanlardan başlayaraq poeziya insanın mənəvi ehtiyacına çevrilmiş, onun arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olmuşdur. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, özünəməxsus poeziya məktəbi yaratmışlar. Bu poeziya məktəbi nümayəndələrinin yaradıcılığında yüksək peşəkarlıq, sözün poetik imkanlarından istifadə bacarığı özünü daha aydın göstərmişdir.

Qeyd olunub ki, ədəbiyyatın ən böyük amalını və tarixi missiyasını mənsub olduğu xalqa xidmətdə görən xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına çalışmış, yaradıcı ziyalıları himayə etmiş, sağlam ədəbi mühitin yaradılmasını əsas vəzifələr sırasına çəkmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə milli dəyərlərimizə qayğı, adət-ənənələrimizin qorunub yaşadılması, mədəniyyətimizin və incəsənətimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ədəbiyyatımızın, eləcə də poeziyamızın yeni çalar qazanmasına səbəb olmuşdur. Bu dövrdə repressiya qurbanlarının əsərlərinə ikinci həyat verilmiş, Azərbaycan ədəbiyyatının qorunması və təbliği məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Ardını oxu...

 
 

Naxçıvan Musiqi Kollecinin tələbələrinin böyük uğuru

Naxçıvan Musiqi Kolleci bu günlərdə - mart ayının 13-dən 17-dək Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak etmişdir. Festival-müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi-sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil edilmişdir. Festival-müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Litva, İsrail və İtaliyadan olan nümayəndələr yer almışdır. Münsiflər heyətinin tərkibinə Pelenyaqre Viktor (sədr, Moskva Xalq şairi), Ağaverdi Paşayev (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor, Azərbaycan Respublikasının Xalq artisti), Françeska Pedoçi (İtaliya, Bolonya Konservatoriyasının vokal müəllimi), Petras Kunçsa (Vilnüs Teatr və Musiqi Akademiyasının professoru, skripkaçı), Lyudmila Sinyaqovskaya (M.P.Musorqski adına Sankt-Peterburq Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini, fortepiano müəllimi), Bibigul İzdenova, Gulnara Fyodorova (Moskva şəhər “Zolotoya tufelka” xalq rəqsləri ansamblının bədii rəhbəri, baletmeyster) kimi nüfuzlu və tanınmış sənət adamları daxil idi.

Azərbaycan, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya, Gürcüstan və digər ölkələrdən müxtəlif yaş qrupları üzrə 180-ə yaxın iştirakçının qatıldığı müsabiqədə Naxçıvan Musiqi Kollecindən 10 nəfər - 9  tələbə və 1 müəllim olmaqla instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişlər.

Ardını oxu...

 
 

Səhifə 1 > 62-dən

Joomla 1.5