Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin doqquz ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2019-cu ilin doqquz ayı ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ötən dövrdə əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən yanvarın 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında və 02-03 yanvar tarixlərdə stasionarda 1-i xeyriyyə olmaqla, ümumilikdə 10 tamaşa nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrında “Yeni il bayramı” münasibəti ilə 01-05 yanvar tarixləri ərzində ümumilikdə 7 tamaşa nümayiş olunmuşdur. Bundan əlavə 01 yanvar tarixdə rayon (şəhər) mədəniyyət şöbələrinin təşkilatçılığı ilə bayram şənlikləri təşkil edilmiş və bir sıra tədbirlər keçirilmişdir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişdir.

Fevralın 1-də Nazirliyin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmiş,  Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti olmuşdur. Fevralın 2-də isə muxtar respublikanın rayonlarında aid təşkilatlarla birgə keçirilən “2 fevral-Gənclər Günü”nə həsr edilmiş tədbirlərdə rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə iş aparılmış, müvafiq tədbirlər planı təsdiq edilmiş, Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda “Naxçıvan Muxtar Respublikası – 95” mövzusunda guşələr yaradılmışdır. Fevralın 5-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı tədbir keçirilmiş, sonda qədim diyarımıza həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Fevralın 8-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur. Martın 2-də Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin konserti olmuşdur. Martın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı nümayiş olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş 2 distant dərs, 5 rəsm müsabiqəsi, 5 viktorina, konsertlər və s. olmaqla 60-a yaxın tədbir keçirilmişdir.

21 fevralda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilmişdir.

Fevralın 25-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar və “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən analoji tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında martın 9-da “Milli Teatr Günü”, martın 27-də isə “Beynəlxalq Teatr Günü” münasibətilə tədbirlər keçirilmişdir. Martın 18-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, M.T Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin, Naxçıvan Musiqi Kollecinin musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng nömrələr tamaşaçılara təqdim olunmuşdur. Muxtar respublikanın rayon mərkəzlərində keçirilən analoji tədbirlərdə mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları ilə çıxış etmişlər. Bayram konsertləri 20-24 mart tarixlərində də davam etdirilmiş, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramları təqdim etmişdir. Bayram günlərində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tamaşalar nümayiş etdirmişdir. Bayram günlərində həmçinin Nazirliyin sisteminə daxil olan muzey və muzeytipli müəssisələr tərəfindən muxtar respublika sakinlərinə və şəhərimizə gələn qonaqlara muzey xidməti göstərilmişdir. Muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən bayram tədbirləri təşkil olunmuşdur.

15-18 və 23-26 mart tarixlərdə Azərbaycanın müxtəlif bölgələrindən muxtar respublikaya səfər etmiş “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasında gəzinti zamanı 5 nəfər bələdçi ilə təmin edilmişdir.  “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları üçün 16 və 23 martda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, 17 və 24 martda Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı “Duzdağ” oteldə, 26 mart tarixdə isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsertlər vermişdir.

Aprelin 2-də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə uşaq kitablarından ibarət sərgi qurulmuş, uşaqlar arasında bilik yarışı keçirilmiş və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşası nümayiş olunmuşdur.

Aprelin 15-də Naxçıvan Dövlət Uşaq Teatrında “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı, Babək Rayon Nehrəm Kənd Mədəniyyət Evinin nağara, Babək Rayon Mədəniyyət Sarayının rəqs, Babək Rayon Vayxır Kənd Mədəniyyət Evinin balaban, Culfa Şəhər Klubunun dram dərnəkləri maraqlı proqramla çıxış etmişlər.

Aprelin 18-də Qarabağlar Türbə Kompleksində Nazirliyin təşkilatçılığı ilə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilmişdir. Tədbirdə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə şagirdləri arasında etüd-dərs keçirilmiş, fərqlənənlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur. Tədbirdə Naxçıvan Muxtar Respublikası ərazisində olan abidələrlə bağlı nəşr olunmuş çap məhsullarından, rəsm əsərlərindən ibarət sərgi təşkil edilmiş, Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın və “Şərur” Xalq Yallı Ansamblının ifasında konsert olmuşdur.

Aprelin 23-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında və Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də əlamətdar günlə bağlı analoji tədbirlər keçirilmişdir.

Aprelin 25-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Hesabat dövründə böyük mütəfəkkirin yubileyi münasibətilə Nazirliyin sstemində fəaliyyət göstərən  müəssisələrdə müxtəlif xarakterli tədbirlər təşkil edilmişdir.

Aprelin 27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı gənclər festivalı”nda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış etmişdir. Festivalda Naxçıvan Musiqi Kollecinin musiqi qrupu, rəqs qrupu və sazçalanlar ansamblı, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri və istedadlı yeniyetmə və gənclər, klub müəssisələrinin folklor qrupları, dərnəkləri iştirak etmişdir. Naxçıvan Musiqi Kollecinin rəqs qrupu birinci yerə, musiqi qrupu ikinci yerə, Culfa Şəhər Klubunun “Haçadağ” dram kollektivi I yerə, Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı II yerə layiq görülmüşdür.

Nazirliyin təşkilatçılığı ilə mayın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan teatrının yaradılmasından 136-cı ildönümü münasibətlilə tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı göstərilmişdir.

Mayın 17-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Beynəlxalq Muzeylər Günü” qeyd edilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının və Ordubad Rayon Mədəniyyət Sarayının yaradıcı kollektivlərinin ifasında konsert proqramı təqdim edilmişdir.

Mayın 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilmiş, kitabxanalarda ədibin əsərlərindən ibarət sərgilər hazırlanmış, tədbirlər keçirilmişdir.

25 mayda “Şərur” Xalq Yallı Ansamblı Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Diplomatiyasının 100 illiyi, “28 may - Respublika Günü” və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış edərək Naxçıvan yallılarını nümayiş etdirmiş, tədbirdə Naxçıvanla bağlı çap məhsulları və Naxçıvan nemətləri sərgilənmişdir. Bundan əlavə 18 iyun tarixdə Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurumda təntənəli mərasim keçirilib. Tədbirdə “Şərur” Xalq Yallı Ansamblının ifasında müxtəlif yallı nömrələri təqdim edilmişdir.

30 may tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə birgə tədbirlər təşkil etmişdir. Aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlara Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qızıl xoruz” tamaşası təqdim edilmişdir. Bu kateqoriyalardan olan uşaqların muzeylərə ekskursiyası təşkil edilmiş, 31 mayda Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində Naxçıvan Dövlət Kukla Teatrı tamaşa nümayiş etdirmişdir.

Əlamətdar günlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətlərinin birgə keçirilən tədbirlərinin bədii hissələrində rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri maraqlı konsert proqramları ilə çıxış etmişlər.

Hesabat dövründə aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar üçün aidiyyatı təşkilatlarla birgə sağlamlıq imkanı məhdud uşaq və yeniyetmə arasında rəsm müsabiqəsi, muzeylərə ekskursiya, film və tamaşa nümayişi və s. olmaqla 14  müxtəlif tədbir keçirilmiş, 126 nəfər sağlamlıq imkanları məhdud uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

16-17 apreldə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” və iyunun 3 və 4-də keçirilən IV “Göycə” ,  28-29 sentyabr tarixlərdə keçirilən ənənəvi “Bal” festivallarının bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər. “Kətə” və “Bal” festivallarında Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə “Flaşmob” nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq 22 may-19 iyun tarixlərdə “Xalq teatrlarının muxtar respublika festivalı-2019” keçirilmişdir. Festival çərçivəsində Naxçıvan şəhər, Rza Təhmasib adına Şərur, Ordubad, Şahbuz və Babək rayon xalq teatrları tamaşalarını teatrsevərlərə təqdim etmişdir. Festivalın sonunda xalq teatrları Nazirliyin diplomları ilə təltif edilmişdir. Ötən dövrdə ümumilikdə xalq teatrları 5 yeni tamaşa hazırlamış və 10 tamaşa nümayiş etdirmişdir. Şərur Rayon Xalq Teatrı 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan III Respublika Xalq Teatrları Festivalının final mərhələsində "Motsart və Salyeri" tamaşası ilə çıxış etmişdir. Festivalda iştirak edən kollektivlər arasında Şərur Rayon Xalq Teatrının tamaşası II yerə layiq görülmüşdür. Baş rolların ifaçıları Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılmışlar.

İyunun 14-də Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “Milli Qurtuluş Günü”nə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələrində, mədəni-maarif ocaqlarında isti yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtın mənalı keçirilməsi üçün müxtəlif tədbirlər, açıq havada konsertlər təşkil edilmişdir.

Hesabat dövründə müəssisələrin və görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli 323-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” nın icrası ilə bağlı iş aparılmışdır. Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Cəlil Məmmədquluzadənin Nehrəm Kəndindəki Xatirə Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində və Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində görkəmli dramaturqun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin əsərləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşası hazırlanmış, mayın 25-də Türkiyə Respublikasının Qars şəhərində nümayiş etdirilmişdir. Həmçinin Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda ədibin yubileyi ilə bağlı sərgilər hazırlanmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-lərdə müxtəlif tədbirlər keçirilmişdir. Hesabat dövründə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı, ümumilikdə oxucu konfransı, kitab müzakirəsi, dəyirmi masa, mühazirə və s. olmaqla 40-dan çox tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illik, Azərbaycan Respublikasının alq artistləri Şirzad Abutalıbovun və Çingiz Axundovun, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun 60 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir. Fevralın 18-də Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş, Babək Rayon Xalq Teatrının 40 və Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 30, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının yaradılmasının 60 illik yubileyləri, Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 127-ci ildönümü münasibətilə tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı iş aparılmış, Nazirliyin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmiş, sərgilər, göstərici ədəbiyyat siyahısı, gənclərin Hüseyn Cavidin Ev Muzeyinə ekskursiyaları, dəyirmi masa, və s. müxtəlif səpkili tədbirlər keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması ilə bağlı tədbirlər davam etdirilmişdir. “Şərur” Xalq  Yallı  Ansamblının ifasında bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür. Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Adət-ənənələrimizin simvolikası – yallı” mövzusunda dəyirmi masa, həmçinin Şərur, Şahbuz və Sədərək rayonlarında olmaqla 4 dəyirmi masa, “Keçmişdən bu günə Naxçıvan yallıları”  yallı müsabiqəsi, 2 seminar keçirilmişdir.

“Novruz bayramı” və “26 iyun-Silahlı Qüvvələr Günü” münasibətilə muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə 29 olmaqla, doqquz ay  ərzində ümumilikdə 39 konsert verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nazirlikdə iş aparılmış, ekspert qrupu yaradılmışdır. Aprelin 19-da Nazirliyin Aparatı, Nazirliyə tabe olan müəssisələrin rəhbərləri və ekspert qrupunun üzvlərinin iştirakı ilə Nazirlikdə görüş keçirilmiş, Sərəncamın və müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilmişdir. Aprelin 24-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə müəllim və tələbələri ilə görüş keçirilmişdir. Tədbirdə Sərəncamın icrası ilə bağlı təkliflər müzakirə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən hesabat dövründə 2 görüş, muzey işi üzrə 4 və kitabxana işi üzrə 4 olmaqla 8 açıq dərs, 4 kitab müzakirəsi, Naxçıvan Musiqi Kollecinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə vokal, xoreoqrafiya, bədii yaradıcılıq, xanəndəlik, Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinə 11 ustad dərs keçirilmiş, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği ilə bağlı tələbələrə 2 mühazirə oxunmuş və film nümayiş etdirilmişdir. 13 mart tarixdə Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinə  ustad dərsi Yuğ Teatrının ədəbi-dram hissə müdiri, yazıçı-dramaturq Xaqani Əliyev və İrəvan Teatrının baş rejissoru, Xalq artisti Sərvər Əliyev aparmışdır.

May ayında norveçli məşhur xor dirijoru Hildre Per Oddvar və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin xor kollektivlərinə keçirilən ustad dərsdə Nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələr də iştirak etmişlər.

Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Qazançı körpüsünə, Qarabağlar Türbə Kompleksinə, Kəngərli Rayon Tarix-Diyarşünaslıq və Şahtaxtinskilər muzeylərinə ekskursiyası təşkil edilmişdir.

Həmçinin Ali və orta ixtisas təhsili müəssisələri ilə razılaşdırılmaqla qrafik hazırlanmış, may ayında tələbələrin həftədə iki dəfə Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin yaradıcı kollektivlərinin, teatrların məşqlərində, kitabxana və muzeylərdə iş prosesində birbaşa iştirakına şərait yaradılmış, əyani şəkildə dərslərinin keçirilməsi təmin edilmişdir. İstedadlı tələbələr konsert proqramları və teatr tamaşalarına dəvət edilmişdir. Digər tərəfdən hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin tədris planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə təcrübə keçməsi təmin olunmuşdur. Təcrübə dövründə tələbələr tərəfindən açıq dərslərin keçirilməsi, kitabxana və muzey işinin incəliklərini öyrənməsi, teatr işinin spesifikasını mənimsəməsi diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli  Sərəncamının və 15 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilmiş tapşırıqların 2019-2020-ci tədris ilində icrası ilə bağlı Nazirliyin müvafiq ali və orta ixtisas təhsili müəssisələri ilə birgəTədbirlər Planı təsdiq edilmişdir.

Avqust ayında Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” və Naxçıvan Dövlət Film Fondunda “Milli Kino Günü” münasibətilə tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır.

Sentyabrın 11-dən başlayaraq Nazirliyin təşkilatçılığı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlər keçirilmişdir. Silsilə tədbirlərə “Görüş yeri” kafesinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə start verilmiş, tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının və digər yaradıcı kollektivlərin çıxışı, həmçinin “Yallı festivalı” keçirilmişdir. Əlamətdar günlə əlaqədar keçirilən tədbirlər çərçivəsində Naxçıvan Musiqi Kolleci tərəfindən hazırlanmış fləşmob təqdim olunmuş, Filarmoniyanın, Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivlərinin ifasında xor əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Bundan əlavə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yuxarı sinif şagirdləri və Naxçıvan Musiqi Kollecinin tələbələri üçün “Azərbaycan musiqi tarixindən” mövzusunda mühazirə oxunmuş, film nümayişi olmuşdur. Tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulmuşdur. Bundan əlavə muxtar respublikanın rayon mərkəzlərində və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Milli Musiqi Günü ilə əlaqədar analoji tədbirlər keçirilmişdir.

Sentyabrın 20-də yazıçı-dramaturq Xaqani Əliyevin "Ehsan xan Kəngərli" tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 137-ci teatr mövsümünün açılış mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı iş aparılmış, 4 vəkalətnamə qeydiyyata alınmış, qazıntılara nəzarət edilmiş, 3 yaşayış yerində aparılmış arxeoloji qazıntının hesabatı qəbul edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərdə muzey əməkdaşlarının iştirakı ilə 9 seminar-treninq, müxtəlif mövzularda 3  dəyirmi masa keçirilmişdir.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış 10 eksponat təqdimatı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə hesabat dövründə 3-ü Heydər Əliyev, 3-ü Xatirə Muzeyində, 2-si  Dövlət Bayrağı Muzeyində, 2-si  Naxçıvan Dövlət Tarix Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Naxçıvan Dövlət Xalça, Bəhruz Kəngərli  və Cəlil Məmmədquluzadənin Ev muzeylərindən olmaqla ümumtəhsil məktəblərinin şagirdləri və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün, ümumilikdə 14 distant dərs keçirilmişdir.

Nazirliyin təsdiq etdiyi qrafikə əsasən fevral ayından etibarən muzeylərin əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələləri, 15 iyun tarixdən 1 iyul tarixədək fond mühafizlərinin peşə biliklərinin möhkəmləndirilməsi məqsədilə seminar təşkil olunmuşdur.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması məqsədilə fevral ayından etibarən Nazirliyin təşkilatçılığı ilə 11 bələdçi ingilis dili üzrə kurs keçmişdir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə “Milli adət-ənənələrimiz” mövzusunda maarifləndirici tədbir keçirilmiş, onların Xan Sarayı Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilmişdir.

Yanvar-sentyabr  aylarında muzeylərdə tarixi və əlamətdar günlərlə, yubileylərlə  bağlı 32 tədbir keçirilmiş,  40 sərgi qurulmuş, muzeylərlə təhsil müəssisələri arasında birgə hazırlanmış qrafiklərə əsasən 195 açıq dərs keçirilmiş, muzeylərə 1933 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 467 min 650 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 144 min 973 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövründə kitabxanaların da fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzi kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmış, 9 ayda ümumilikdə 404 tədbir keçirilmişdir. Hesabat dövründə kitabxanalarda keçirilən kütləvi tədbirlərin sayı 758, sərgilərin sayı 455 olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı “Oxunması zəruri olan kitablar”ın müzakirələri hər ay mütəmadi olaraq keçirilmiş, ötən dövrdə ümumilikdə 223 kitab müzakirəsi olmuşdur.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) MKS-lər tərəfindən ahıl və sağlamlıq imkanları məhdud 233 nəfərə səyyari kitabxana xidməti göstərilmişdir. 2019-cu ilin 9 ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən rayon (şəhər) MKS-lərinə müxtəlif mövzularda 40 adda 320 metodiki məktub göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 376 adda 9311 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə ötən doqquz ayda kitabxanalara 1401 adda 10234   nüsxə çap məhsulu daxil olmuşdur.

Hesabat dövründə kitabxanalarda yeni oxucu sayı 2768, oxucu gəlişi 79 min 447 nəfər, kitab verilişi 444  min 123 nüsxə təşkil etmişdir. Elektron kataloqa 3960 adda kitab işlənmiş və elektron kataloqda olan kitabların ümumi sayı 13 min 868-ə çatdırılmış, şəbəkəyə isə 1937 kitab (PDF) işlənmiş və ümumi sayı 2567 olmuşdur. Elektron kitabxanadan uzaq məsafədən (virtual xidmət) 1182, lokal şəbəkədən isə 1160 oxucu istifadə etmişdir. Ümumilikdə elektron kitabxanadan hesabat dövründə 2342 oxucu istifadə etmişdir.

Hesabat dövründə “Mütaliə Günü” ilə bağlı 91, “Nağıl Günü” ilə əlaqədar 202, “Kitabxanaçı Günü” və “Kitabxana Günü” ilə əlaqədar olaraq, ümumilikdə 180 tədbir keçirilmişdir.

Ötən dövrdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlar və klub müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət dərnəklərinin yenyetmə və gənc üzvləri arasında bir sıra müsabiqələr və yarışmalar keçirilmişdir. Belə ki, hesabat dövrü ərzində yeniyetmə və gənclər arasında “Maddi mənəvi irsim Naxçıvan” adlı rəsm müsabiqəsi, “Keçmişdən bu günə Naxçıvan yallıları” yallı müsabiqəsi və müsabiqənin yekun konserti olub. Bundan əlavə “Yaşa və öyrən” intellektual bilik yarışı keçirilmiş, həmçinin klub müəssisələrində fəaliyyət göstərən musiqi, dram, rəqs və yallı dərnəklərinin ortaq iştirakı ilə “15 Aprel Beynəlxalq Mədəniyyət Günü” adlı tədbir təşkil olunmuşdur.

Qeyd olunanlarla yanaşı mədəni-kütləvi tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövrü ərzində “Yeni il”, “02 Fevral Gənclər Günü”, “9 fevral Naxçıvan Muxtar Respublikası – 95”, “26 fevral-Xocalı faciəsi”, “08 mart-Beynəlxalq Qadınlar Günü”, “21 mart -Novruz Bayramı”, “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”, “15 aprel-Beynəlxalq Mədəniyyət Günü”, “02 aprel-Kəlbəcər rayonunun işğalı”, “Beynəlxalq Rəqs Günü”, “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “9 may-Faşizm üzərində Qələbə Günü”, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü”, “28 may-Respublika Günü”, “15 iyun-Milli Qurtuluş Günü”, “26- iyun-Silahlı Qüvvələr Günü”, “Azərbaycan dili və Azərbaycan Əlifbası Günü”, “Milli Kino Günü”, “Milli Musiqi Günü” və s. münasibətilə tədbirlər, seminarlar, dəyirmi masalar, konfranslar və s. keçirilmişdir. Ümumilikdə ötən dövrdə klub müəssisələrində 1156 mədəni kütləvi tədbir keçirilmiş, 192 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli sərəncamın icrası ilə əlaqədar da işlər davam etdirilmişdir. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon (şəhər) mədəniyyət şöbələri birgə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində olmaqla 7 “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Hesabat dövrü ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz və Heydər Əliyev Sarayı tərəfindən 28 adda 224 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən hesabat dövrü ərzində 12296 manatlıq 441 adda 2598 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Naxçıvan Dövlət Film Fondunda mədəniyyət müəssisələrinin rəhbərləri üçün “Mülki müdafiə və fövqəladə hallara hazırlıq kursu”, Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və Culfa Rayon Mədəniyyət Şöbəsində maarifləndirici tədbirlər,  Naxçıvan Musiqi Kollecində “Fövqəladə hallarda fəaliyyət göstərməyi hər kəs bacarmalıdır” mövzusunda konfrans olmaqla, ümumilikdə 7 tədbir keçirilmişdir.

Yanvar-sentyabr aylarında Naxçıvan Şəhər Təqaüdçülər Klubunda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivlərinin 9 konserti keçirilmişdir.

Culfa rayon Mədəniyyət evlərinin dərnək üzvləri tərəfindən “O olmasın bu olsun” və Kəngərli rayon mədəniyyət evləri dərnək üzvləri tərəfindən “Şahsənəm və Gülpəri” tamaşaları hazırlanaraq nümayiş etdirilmişdir. Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə Ü.Hacıbəyovun musiqili komediyaları və felyetonları əsasında hazırlanmış səhnəciklərdən ibarət tədbir  keçirilmişdir.

Hesabat dövründə rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və mənəvi istirahətinin səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Ötən dövrdə rayon mədəniyyət saraylarında Nazirliyin təşkilatçılığı ilə 41 konsert 31 tamaşa və 4 film nümayişi  olmaqla, ümumilikdə 76 tədbir keçirilmişdir.

Ağbulaq İstirahət Mərkəzində “Şərur” Xalq Yallı Ansamblının 1 və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin 10 konserti, Naxçıvan Dövlət Kukla Teatrının 1 tamaşası  təşkil edilmişdir. Eyni zamanda Naxçıvan Musiqi Kollecinin 35 nəfər tələbəsi və 2 nəfər müəllimi, həmçinin “Yaşa və öyrən” İntellektual Bilik Yarışmasının 3 nəfər qalibi 3-6 avqust tarixlərdə “Yay məktəbi”ndə iştirak etmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Dövlət Film Fondu tərəfindən 2019-cu ilin 9 ayında bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Ənvər Rəhimov tərəfindən Naxçıvan Dövlət Film Fondunun muzeyinə verilən 25 ədəd müxtəlif kino avadanlığının təqdimat mərasimi olmuşdur.

Doqquz ayda əlamətdar və tarixi günlərlə, görkəmli kino xadimlərinin yubileyləri ilə bağlı müxtəlif tədbirlər keçirilmiş, film nümayişləri olmuşdur.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2018-2019-cu tədris  ili üçün tədbirlər planı”na əsasən ümumtəhsil məktəblərinin şagirdlərinə 4, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinə 1 film nümayişi olmuş, fevral-may aylarında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr edilmiş “Milli filmlərimiz” adlı kinoviktorinanın seçim turları, yarımfinal və final turu keçirilmişdir. Qalib komandalar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondunda olmayan 37 adda bədii və sənədli film Fondun arxivinə daxil edilmişdir.

Filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

9 ay ərzində ümumilikdə “Azərbaycan Kinosu Günü” ilə bağlı 25, əlamətdar tarixi günlərlə bağlı 8, Azərbaycan kinofilmlərinin nümayişini  təşkil etmək məqsədilə ümumtəhsil məktəblərində 4, digər tədbirlərlə əlaqədar 6 olmaqla 43 film nümayişi olmuşdur.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2019-cu ilin repertuar planında olan Xaqani Əliyevin “Ehsan xan Kəngərli” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq “Ölülər və dəlilər” tamaşaları hazırlanmış və istehsalata buraxılmışdır.

28 iyunda “Ölülər və dəlilər” tamaşası ilə 136-cı teatr mövsümünə yekun vurulmuşdur. Avqust və sentyabr aylarında isə Dram Teatrda Elçin Əfəndiyevin “Teleskop” və Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri aparılmışdır. Dövr ərzində teatrda 7-si xeyriyyə, 20-si bilet satışı ilə olmaqla 27 tamaşa oynanılmışdır. Tamaşalardan 7-si muxtar respublikanın rayonlarında nümayiş etdirilmişdir.

Hesabat dövründə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən hazırlanan “Qoğalın sərgüzəşti”, “Qızıl xoruz” və “Buratino” əsərləri əsasında hazırlanmış tamaşalar istehsalata buraxılmış, sentyabr ayında “Qaraca qız” tamaşasının məşqləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara iyul və sentyabr aylarında Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşa təqdim edilmiş, 10 iyulda Naxçıvan Dövlət Film Fondunda “Dərs” bədii filmi nümayiş olunmuşdur.

Dövr ərzində Kukla Teatrı 12-i xeyriyyə, 49-u bilet satışı ilə olmaqla 61 tamaşa göstərmişdir. Tamaşalardan 8-i muxtar respublikanın rayonlarında nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrında Arzu Soltanın “Adam badam iysi gəlir” və Tofiq Seyidovun ssenarisi əsasında “Məlik Məmməd” tamaşaları hazırlanmış, avqust və sentyabr aylarında isə Naxçıvan Dövlət Uşaq Teatrında  “Mavi işıq”, həmçinin “Siçan və pişik” tamaşasının məşqləri davam etdirilmişdir. Teatr ötən dövrdə 22 tamaşa oynamışdır ki, bunlardan 8-i rayon mədəniyyət saraylarında balaca tamaşaçılara göstərilmişdir.

Hesabat dövrü ərzində konsert müəssisələri də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmış, bir sıra işlər görülmüşdür.

Şahbuz Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinn müşayiəti ilə solo konserti, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşayiəti ilə istedadlı müğənni Vəli Səfərovun, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadənin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş solo konsertləri təşkil olunmuşdur. Həmçinin Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri rayon mədəniyyət saraylarında konsertlər vermişdir.

Naxçıvan Dövlət Filarmoniyasının rəqqasları Rauf İsmayılov və Fatimə Kazımova iyul ayında Türkiyədə keçirilən “21-ci Sevgi, Sülh, Dostluq Beynəlxalq Sənət Festivalı”nda çıxış etmişlər.

Bundan əlavə Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Festivalının, Boks üzrə Muxtar Respublika Çempionatının açılış mərasimində, karate-do turnirinin, Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi və digər tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri 40-ı xeyriyyə, 9-u bilet satışı ilə olmaqla 49 konsert vermiş, kollektivlər məşqlərini qrafikə uyğun olaraq davam etdirmişlər.

Naxçıvan Dövlət Uşaq Filarmoniyası hesabat dövründə Şahbuz, Culfa, Ordubad və Kəngərli rayon mədəniyyət saraylarında, “8 mart - Beynəlxalq Qadınlar Günü”nə, “15 may-Beynəlxalq Ailə Günü”nə, “1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü”nə həsr olunmuş dövlət tədbirlərində, Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konsertdə, Novruz Bayramı münasibətilə keçirilən Xalq Yaradıcılığı Günündə , “Yallı” festivalında konsert proqramları ilə çıxış etmişdir.

Filarmoniyanın yaradıcı kollektivlərinə yeni istedadlı uşaqlar cəlb edilmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Naxçıvan Musiqi Kollecinin 1 müəllim və 9 tələbəsi mart ayının 13-dən 17-dək Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişdir. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi Hacılı Nəcəf Nadir oğlu müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdür. Qanun ixtisası üzrə kollecin müəllimi Sevinc Babayeva və tar ixtisası üzrə kollecin IV kurs tələbəsi Məmməd Məmmədli I yeri, balaban ixtisası üzrə III kurs tələbəsi Sərxan Əliyev, qanun ixtisası üzrə III kurs tələbəsi İnci Bağırlı, tar ixtisası üzrə III kurs tələbəsi Murad Behbudov və skripka ixtisası üzrə Rauf  Bünyətzadə II yeri, fortepiano ixtisası üzrə III kurs tələbəsi Arzu Abbasova III yeri tutmuşlar. Fortepiano ixtisası üzrə III kurs tələbələri Lamiyə Quliyeva və Nilufər Əliyeva diplomla təltif edilmişdir. Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokholmda keçirilən I Beynəlxalq İncəsənət Festival-müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüş, Stokholmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış etmişdir.

11 aprel tarixdə Xalq artisti, professor, görkəmli bəstəkar Tofiq Bakıxanovla Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdlərinin görüşü və ustad dərsi keçirilmişdir. İyunun 7-də isə Naxçıvan Musiqi Kollecində tanınmış pianoçu, Beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyev tələbə, şagird və müəllimlər üçün ustad dərs keçmişdir.

Hesabat dövrü ərzində kollecin “Buta” muğam və “Gənclik” instrumental ansamblları rayon mədəniyyət saraylarında və müxtəlif tədbirlərdə konsert proqramları ilə çıxış etmişdir.

“Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin Xalq Çalğı Alətləri Orkestrinin konserti, kollecin orkestr alətləri ixtisası üzrə IV kurs tələbəsi, “Testene Art Baku” III beynəlxalq festival-müsabiqəsinin laureatı Rauf Bünyətzadənin “Renessans” kamera orkestrinin müşayiəti ilə solo konserti keçirilmişdir. Həmçinin Kollecdə Cəlil Məmmədquluzadənin 150, Ərtoğrol Cavidin 100 illik yubileylərinə həsr olunmuş tədbirlər, müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrin sinif konsertləri keçirilmişdir.

Naxçıvan Musiqi Kollecində 2018-2019-cu tədris ilinin yekunu ilə əlaqədar bütün şöbələr üzrə təşkil olunan imtahan sessiyası 05 iyul 2019-cu il tarixində yekunlaşdırılmışdır. 2018-2019-cu tədris ilində  Naxçıvan Musiqi Kollecini 9 nəfəri fərqlənmə diplomu ilə olmaqla 129 tələbə bitirmişdir.

Nazirliyin sistemində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin təşkili, müxtəlif tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Musiqi Kollecində Culfa Şəhər Uşaq Musiqi Məktəbinin fortepiano sinfinin şagirdlərinin konserti, Babək və Culfa rayon mədəniyyət saraylarında Cəhri Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlərinin, Culfa Rayon Mədəniyyət Sarayında Culfa Şəhər Uşaq Musiqi Məktəbinin konserti, “Gənclik” Mərkəzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinin rəsm sərgisi və hesabat konserti, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin qanun ixtisası üzrə müəllimi Sevinc Babayevanın və onun şagirdlərinin sinif konserti, Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə müəllimi Yaqut Əliyevanın solo konserti, Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi, xor kollektivləri və nağaraçalanlar ansamblları arasında muxtar respublika müsabiqələri keçirilmişdir. Müsabiqələrin qalibləri Nazirliyin diplomları, fəal iştirak edənlər isə fəxri fərmanla təltif edilmişdir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 2018-2019-cu tədris ili üzrə 686 nəfər şagird bitirmişdir ki, onlardan 36 nəfəri fərqlənmə, 650 nəfəri isə ümumi şəhadətnamə almışdır.

Nazirliyin iş planına uyğun olaraq, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagird və müəllimləri üçün 5 ustad dərs, məktəblərin xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə müəllimləri üçün 5 metodiki kurs, müxtəlif fənlər üçün 4 açıq dərs, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinə 4, Naxçıvan Musiqi Kollecinin tələbələrinə 4 “Lira” musiqili- intellektual oyunu keçirilmişdir.

Təhsil müəssisələrində “20 Yanvar Ümumxalq Hüzn Günü”, muxtar respublikanın 95 illik yubileyi, “Azərbaycan Gəncləri Günü”, “8 mart Beynəlxalq Qadınlar Günü”, Novruz bayramı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi  və s. ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilmişdir.

Ötən dövrdə yaradıcı gənclərlə iş sahəsində bir sıra işlər görülmüşdür. Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin Muzeylərə və tarix-mədəniyyət abidələrinə 6 ekskursiyası təşkil olunmuşdur.

Babək, Culfa, Şahbuz və Kəngərli rayon gənclərinə müxtəlif mövzularda 5 maarifləndirici tədbir, “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Muxtar Respublikanın təbliğində sosial şəbəkələrin rolu” və “Milli mənəvi dəyərlərimiz və gənclər” mövzusunda 2 dəyirmi masa keçirilmişdir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanı məhdud uşaqların, istedadlı yeniyetmə və gənclərin məlumat bankı hazırlanmış, istedadlı gənclərin məlumat bankı vaxtaşırı yenilənmişdir.

Naxçıvan Şəhər Gənclər Mərkəzində rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc əməkdaşları arasında “Mədəni irs” intellektual oyunu keçirilmiş, qaliblər Nazirliyin diplomları ilə təltif edilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmişdir. Nazirliyə 176-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 666 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 119-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 494 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 62 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 36 nəfər işə qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Dövr ərzində altı kollegiya iclası keçirilmiş, 9 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Hesabat dövründə mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. 30 yanvar tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayının yeni binasının açılış mərasimi olmuşdur. Həmçinin doqquz ay  ərzində Ordubad rayon Dəstə, Şərur rayon Kərimbəyli və  Qışlaqabbas, Babək rayon Kültəpə  kənd kitabxana filiallarının, Dəstə, Kərimbəyli və Kültəpə kənd mədəniyyət evlərinin və Qışlaqabbas Kənd Klubunun fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində şərait yaradılmış, Sədərək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Heydərabad Qəsəbə Kitabxana Filialı və Heydərabad Qəsəbə Klubuna yeni istifadəyə verilən yaşayış binasında yer ayrılmışdır. 23 sentyabr tarixdə Cəmşid Naxçıvanski Muzeyi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Yanvar-sentyabr ayları ərzində Mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə 1 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 1 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına, 10 nəfər Prezident mükafatına layiq görülmüş, 1 nəfər “Tərəqqi” medalı ilə təltif edlmişdir.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 65, yerli qəzetlərdə 40 məqalə dərc olunmuşdur. Naxçıvan Dövlət Teleradiosunda 20 material efirə verilmişdir. NTV kanalında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 299 xəbər süjeti efirə getmişdir.

Ötən dövrdə Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 110 məqalə, 364 xəbər materialı işlənmişdir.

Joomla 1.5