Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin avqust ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi avqust ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Avqust ayının 1-də Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilmiş, əlamətdar günə həsr olunmuş sərgi hazırlanmışdır. Bundan əlavə əlamətdar günlə bağlı digər kitabxanalar tərəfindən də analoji tədbirlər keçirilmişdir.

Avqust ayının 2-də Naxçıvan Dövlət Film Fondunda “Milli Kino Günü” münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan bədii filmlərinin afişalarından ibarət sərgiyə baxış olmuşdur. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra 1923-cü ildə ekranlaşdırılmış tammetrajlı “Qız qalası əfsanəsi” səssiz bədii filmi nümayiş olunmuşdur.

Avqustun 29-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun 60 illik yubiley tədbiri qeyd edilmişdir.

Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunmuşdur. Təqdim olunan qədim musiqi alətləri içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər filarmoniyada ilk dəfə istifadə ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Babək rayonunda yerləşən Uçan Ağıl yaşayış yerində arxeoloji tədqiqat aparmaq üçün verilən müvafiq vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmış, Muxtar Respublika ərazisində aparılan arxeoloji qazıntılara Nazirliyin müvafiq komissiyası tərəfindən nəzarət edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə avqustun 8-də Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “Ərtoğrol Cavid irsinin qorunmasında və təbliğ olunmasında Hüseyn Cavidin Ev Muzeyinin rolu” adlı seminar-treninq keçirilmişdir.

Avqustun 9-da “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində general-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının 124-cü ildönümünə həsr olunmuş, avqustun 22-də Dövlət Bayrağı Muzeyində muzeyin yaradılmasının 5 illiyi münasibətilə tədbirlər və avqustun 16-da Naxçıvan Dövlət Tarix Muzeyində “Muxtariyyətin müstəqillik dövründə Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafının muzeylər vasitəsilə təbliğinin forma və üsulları” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Ay ərzində muzeylərə 129 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 59 min 795 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 22 min 67 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə “Ana dilimiz varlığımız, şərəf və ucalığımızdır”, “Beynəlxalq Azərbaycan Muğamı Günü”, İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı “Nəsimi irsini öyrənək” və digər tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin C.Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamının icrası istiqamətində tədbirlər davam etdirmiş, 21 avqustda A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki binaların həyətində “Sizi deyib gəlmişəm” başlıqlı kitab sərgisi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 4-ü klub müəssisələrində olmaqla 24 kitab müzakirəsi keçirilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər də daxil olmaqla əlamətdar və tarixi günlərlə bağlı 26, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı 13 tədbir keçirilmişdir.

Ötən dövrdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Şəhər Gənclər Mərkəzində “Gənclərdə mütaliə vərdişinin formalaşdırılması” adlı tədbir, “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Kitabi-Dədə Qorqud” dastanının “Görüş Yeri” kafesində, “İslamda müdrik kəlamlar” kitabının isə Naxçıvan Şəhər Təqaüdçülər Klubunda müzakirələri və digər tədbirlər keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Faruk Sumerin “Oğuzlar” kitabının müzakirəsi, Naxçıvan şəhərinin park və meydanlarında, yaşayış binalarının həyətində Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar kitab sərgisi və kitab müzakirələri, 6 uşaq bağçasında nağıl günü ilə bağlı tədbirlər keçirilmiş, kitabxananın əməkdaşları Şahbuz rayon MKS-nin Uşaq Kitabxanasına yerində əməli və metodiki köməklik göstərmişlər. Həmçinin A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən I-VI sinif şagirdlərini növbəti dərs ilinə hazırlaşdırmaq məqsədilə hər həftənin II-V günləri olmaqla təşkil edilən “Yay oxu zalı”nın fəaliyyəti davam etdirilmiş və hesabat ayında oxu zalının 5 məşğələsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 7, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3, rayon (şəhər) MKS-lər tərəfindən isə 12 olmaqla ümumilikdə 22 nəfərə səyyar kitabxana xidməti göstərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Kütləvi tədbirlərin təşkili” adlı 1 adda 8, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası tərəfindən isə “Dil hər bir xalqın mənəvi sərvətidir” və “İşğal altında olan torpaqlarımız” adlı 2 adda 16 olmaqla ümumilikdə 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərə göndərilmişdir.

Avqust ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 2 adda 18 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır.

Ümumilikdə, kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 50 adda 59 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 258 nəfər, oxucu gəlişi 3 min 726 nəfər, kitab verilişi 10 min 475 nüsxə təşkil etmişdir. Ay ərzində elektron kataloqa 590 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 12 min 658-dən 13 min 248-ə çatdırılmışdır. Şəbəkəyə isə 47 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 473-dən 2 min 520-ə qədər artmışdır. Elektron kitabxanadan 66 nəfər qlobal, 80 nəfər lokal şəbəkədən olmaqla, ümumilikdə 146 oxucu istifadə etmişdir.

Hesabat dövrü ərzində Mütaliə Günü ilə bağlı 10, Nağıl Günü ilə bağlı 17 Kitabxanaçı və Kitabxana Günü ilə bağlı isə ümumilikdə 20 tədbir keçirilmişdir.

Hesabat ayı ərzində kitabxanalarda ümumilikdə 107 mədəni-kütləvi tədbir keçirilmiş, 41 sərgi qurulmuşdur

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamın icrası ilə əlaqədar 23 avqustda Ordubad rayonunun Dırnıs kəndində “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Hesabat dövrü ərzində klub müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlər də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, “Azərbaycan dili və əlifbası günü” ilə bağlı tədbirlər, Fizuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı ilə bağlı maarifləndirici yığıncaqlar keçirilmiş, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert verilmiş, şöbənin tabeliyində olan klub müəssisələrinin əməkdaşları ilə “Milli dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir təşkil edilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 7 avqust tarixdə Kəngərli Rayon Mədəniyyət Şöbəsi ilə birgə Şahtaxtı Kənd Mədəniyyət Evində “Xalqımızın ənənəvi rəqsləri - yallı” mövzusunda seminar-müşavirə keçirilmiş, 21 avqust tarixdə isə Babək rayonunda fəaliyyət göstərən bir neçə klub müəssisəsi əməkdaşlarına mədəniyyət evi və klublarda dərnək fəaliyyətinin və mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməli köməklik göstərilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən “Ağbulaq” İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”nin iştirakçıları qarşısında Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivləri 2 konsert proqramı ilə çıxış etmişdir. Eyni zamanda Naxçıvan Musiqi Kollecinin 35 nəfər tələbəsi və 2 nəfər müəllimi, həmçinin “Yaşa və öyrən” İntellektual Bilik Yarışmasının 3 nəfər qalibi 3-6 avqust tarixlərdə “Yay məktəbi”ndə iştirak etmişdir.

Yay tətilində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Culfa Rayon Mədəniyyət Şöbəsi kənd mərkəzlərində “Gəlin kitab oxuyaq” başlıqlı kitab sərgiləri təşkil etmiş, klub müəssisələrinin dərnək üzvlərinin muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilmişdir. Həmçinin 9 avqustda Culfa şəhərində “Beynəlxalq Gənclər Günü” münasibətilə fləşmob keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin avqust ayı ərzində 2 min 748 manatlıq 64 adda 602 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Elçin Əfəndiyevin “Teleskop” və Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” əsərləri əsasında hazırlanan tamaşaların, Naxçıvan Dövlət Uşaq Teatrı isə Nuray Nəzərovanın “Mavi işıq” tamaşasının məşqlərini davam etdirmişdir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yaradılmasının 30 illiyi ilə əlaqədar hazırlıq işləri aparılır.

Ay ərzində gənclərlə iş sahəsində də müəyyən işlər görülmüş, avqust ayının 9-da Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində “C.Məmmədquluzadənin 150 illik yubileyi” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirin yekununda C.Məmmədquluzadənin əsərlərindən ibarət təşkil edilmiş sərgiyə baxış olmuşdur.

15 avqust tarixdə Şərur Rayon “Bahar” Kinoteatrında “Şərqin qapısı Naxçıvan” adlı maarifləndirici tədbir keçirilmiş, 27 avqust tarixdə isə gənclərin Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, M.T.Sidqinin Ev Muzeyinə, Akademik Y.Məmmədəliyevin Ev Muzeyinə və M.S.Ordubadinin Ev Muzeyinə ekskursiyası təşkil edilmişdir.

Hesabat dövrü ərzində Heydər Əliyev Sarayı tərəfindən 1 adda 8, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1 adda 8 olmaqla, ümumilikdə 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ötən dövrdə “Azərbaycan Kinosu Günü” çərçivəsində Babək rayon Yarımca, Ordubad rayon Tivi və Şahbuz rayon Qızıl Qışlaq kənd mərkəzlərində kənd ictimaiyyətinə Azərbaycan filmləri nümayiş olunmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasport verilməsi işi davam etdirilmişdir.

Avqust ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması davam etmiş, Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Qışlaqabbas Kənd Kitabxana Filialı və Qışlaqabbas Kənd Klubunun fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzində şərait yaradılmışdır.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Oktyabr ayı ərzində Nazirliyə 3-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 14 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 5-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 12 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 1 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, ümumilikdə 7 nəfər işə qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 8 məqalə dərc olunmuşdur. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 22 süjet efirə getmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 25 məqalə və 27 xəbər olmaqla 52 material işlənmişdir.

Joomla 1.5