Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin iyul ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi iyul ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ay ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.  Belə ki, 5 iyulda Naxçıvan Şəhər Gənclik Mərkəzində Naxşıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin skripkaçalanlar ansamblının konserti keçirilmişdir. İyulun 8-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının xalq artisti  Şirzad Abutalıbovun 60 illik yubileyi qeyd olunmuşdur. İyulun 23-də Babək Rayon Mədəniyyət Sarayında  Babək Rayon Xalq Teatrının 40 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xalq Teatrının hazırladığı tamaşalardan çəkilmiş fotoşəkillərin sərgisi qurulmuş, videoçarx nümayiş olunmuş, tamaşalardan səhnələr göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Naxçıvan şəhərində yerləşən Naxçıvantəpə, Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonunda yerləşən Meydantəpə yaşayış yerlərində arxeoloji tədqiqat aparmaq üçün verilən müvafiq vəkalətnamələr Nazirlik tərəfindən qeydiyyata alınmış, 25 iyulda Naxçıvantəpə yaşayış yerində aparılan arxeoloji qazıntıya Nazirliyin müvafiq komissiyası tərəfindən baxış keçirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 04 iyul tarixdə Qarabağlar Türbə Kompleksində sakinlər tərəfindən kompleksə hədiyyə olunmuş maddi-mədəniyyət nümunələrinin təqdimatı, həmçinin 9 iyul tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində muzeyə hədiyyə olunmuş maddi-mədəniyyət nümunələrinin təqdimatı mərasimləri keçirilmişdir.

11 iyul tarixdə muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə Heydər Əliyev Muzeyində muzey əməkdaşları üçün seminar-treninq, 17 iyulda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gənc nəslin  maariflənməsində muzeylərin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq təsdiq olunmuş qrafikə əsasən iyul ayında da muzey əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində təcrübə məşğələləri davam etdirilmişdir.

Ay ərzində muzeylərə 354 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 51 min 752 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 18 min 392 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında  əlamətdar və tarixi günlərlə bağlı 10 tədbir keçirilmiş, 2 sərgi, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı 14 tədbir təşkil olunmuşdur.

Ötən dövrdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası  tərəfindən Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilmiş, Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Gəlin kitab oxuyaq” adlı tədbir, “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Rəşidəddin Fəzlullahın “Oğuznamə” kitabının Naxçıvan Dövlət Tarix Muzeyində, Hüseyn Cavidin “Azər” poemasının Naxçıvan Şəhər Təqaüdçülər Klubunda və Saat Meydanı Turistik İstirahət Mərkəzində, Ernest Hemenqueyin 120 illiyi ilə bağlı  “Qoca və dəniz” əsərinin kitabxanada müzakirələrini və digər tədbirlər keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası -Naxçıvan şəhər 4  və 7 nömrəli uşaq bağçalarında nağıl günü ilə bağlı tədbirlər,  “Oxunması zəruri olan kitablar” siyahısına daxil olan  Balasaqunlu Yusifin “Qutadğu Bilig” kitabının və Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin müzakirələrini keçirmişdir.  Həmçinin məktəblilərə kitabxanadan kənar göstərilən xidmət işləri də davam etdirilərək Naxçıvan şəhərinin park və meydanlarında Naxçıvan Muxtar Respublikasının 95 iilik yubileyi ilə bağlı 2, xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş 1 olmaqla, ümumilikdə 3 sərgi və kitab müzakirələri keçirilmişdir. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən  I-VI sinif şagirdlərinin növbəti dərs ilinə hazırlaşdırmaq məqsədilə hər həftənin II-V günləri olmaqla təşkil edilən “Yay oxu zalı”nın fəaliyyəti davam etdirilmiş və hesabat ayında oxu zalının 9 məşğələsi keçirilmişdir. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları 30 iyul tarixində Kəngərli rayon MKS-nin uşaq şöbəsinə əməli köməklik göstərmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi  Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. Hesabat dövrü ərzində M.S.Ordubadi  adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan 20 kitabın müzakirəsi keçirilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanası tərəfindən “22 iyul - Milli Mətbuatımızın şərəfli tarixi və zəngin ənənələri” və “1 avqust- Azərbaycan Dili və Əlifbası Günüdür” adlı 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası tərəfindən isə “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü”  və “Misilsiz xəzinə” adlı 2 adda 8 olmaqla ümumilikdə 4 adda 24 metodik metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lərə göndərilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 6, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3, rayon (şəhər) MKS-lər tərəfindən isə 11 nəfər olmaqla ümumilikdə 20 sağlamlıq imkanı məhdud şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

İyul ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 7 adda 237 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır.

Ümumilikdə, kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 103 adda 192 nüxsə nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 283 nəfər, oxucu gəlişi 8 min  217 nəfər, kitab verilişi 49  min 247  nüsxə təşkil etmişdir. Ay ərzində elektron kataloqa 729 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 11929-dan 12658-ə çatdırılmış, şəbəkəyə isə 45 kitab (PDF) işlənmiş və ümumi sayı 2428 dən 2473-ə çatdırılmışdır. Elektron kitabxanadan 31 nəfər qlobal, 84 nəfər lokal şəbəkədən olmaqla, ümumilikdə 115 oxucu istifadə etmişdir.

Hesabat dövrü ərzində mütaliə günü ilə bağlı 10, nağıl günü ilə bağlı 18 Kitabxanaçı və Kitabxana Günü ilə bağlı isə ümumilikdə 20 tədbir keçirilmişdir.

Hesabat ayı ərzində kitabxanalarda ümumilikdə 93 tədbir keçirilmiş, 57 sərgi qurulmuşdur

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamın icrası ilə əlaqədar iyulun 2-də Culfa, 10 iyulda Şərur rayonlarında  “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tabe müəssisələrdə çalışan gənclərdən ibarət komandalar arasında iyun ayında seçim turu keçirilən “Yaşa və öyrən” intellektual bilik yarışının 2 iyulda final turu keçirilmiş, qaliblər Nazirliyin diplom və hədiyyələri ilə təltif edilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə istirahət edən aztəminatlı ailələrin uşaqları, həmçinin Naxçıvanda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları qarşısında Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivləri 5 konsert proqramı ilə çıxış etmişdir.

Hesabat dövrü ərzində əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlər də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Milax Kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Milax Kənd Mədəniyyət Evində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Ana dili milli varlığımızdır” adlı tədbir keçirilmişdir. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Şahbuz Rayon Mədəniyyət Şöbəsi tərəfindən Şahbuz Şəhər “Araz” Kinoteatrında “Naxçıvan Muxtar Respublikası-95” devizi ilə Şahbuz rayonunda fəaliyyət göstərən klub nüəssisələrinin dərnək üzvləri arasında “Azərbaycan-qayalarda bitən bir çiçək” adlı şeir  müsabiqəsi, Qaraçuq Kənd Mədəniyyət Evində 2019-cu ilin İmaməddin Nəsimi ili elan edilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

Həmçinin Qaraçuq Kənd Mədəniyyət Evi  “Milli dəyərlərimizi öyrənək və yaşadaq”,  Qaraxanbəyli Kənd Mədəniyyət Evi “Narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin rolu” adlı tədbirlər keçirmiş, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən 1, 2 və 3  nömrəli mədəniyyət evləri, “Şəlalə” instrumental ansamblı və 2 nömrəli Mədəniyyət Evinin dərnək üzvləri Naxçıvan Şəhər Təqaüdçülər Klubunda 3 konsert proqramı ilə çıxış etmişdir.

30 iyulda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi tərəfindən Ərtoğrol Cavidin 100 illiyi ilə bağlı gənclərin Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinə ekskursiyası keçirilmişdir.

Yay tətilində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Culfa Rayon Mədəniyyət Şöbəsi kənd mərkəzlərində “Gəlin kitab oxuyaq” başlıqlı kitab sərgiləri təşkil edilmiş, klub müəssisələrinin dərnək üzvlərinin Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyaları keçirilmişdir.  Culfa Rayon Mədəniyyət Sarayında keçirilən “Rəqs dərnəkləri üzvlərinin baxış müsabiqəsi”ndə 10 kollektiv və fərdi ifaçı iştirak etmişdir.

29 iyulda Babək Rayon Mədəniyyət Sarayında Kərimbəyli Kənd Mədəniyyət Evinin rəqs dərnəyi üzvlərinin təqdimatında “Hind musiqi mədəniyyəti” adlı kompozisiya nümayiş etdirilmişdir.

16 iyul 2019-cu il tarixdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən  Şahbuz rayonundakı Badamlı qəsəbə, Külüs, Ayrınc, Kükü, Kolanı kənd mədəniyyət evləri və Şahbuzkənd klubu olmaqla 6 klub müəssisəsinə baxış keçirilmiş, dərnək fəaliyyətinin və mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli köməklik göstərilmişdir.

Hesabat dövrü ərzində Heydər Əliyev Sarayı tərəfindən 1 adda 8, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən  3 adda 24 olmaqla, ümumilikdə 4 adda 32  metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin iyul ayı ərzində  1 min 956.8 manatlıq 59 addda 430 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan konsert-tamaşa və kino müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə  yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 9 iyulda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qızıl xoruz” tamaşası təqdim edilmiş, 10 iyulda Naxçıvan Dövlət Film Fondunda “Dərs” bədii filmi nümayiş olunmuşdur.

15 iyulda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Tolstoyun “Buratinonun macəraları” tamaşasına ictimai baxış olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyasının rəqqasları Rauf İsmayılov və Fatimə Kazımova Türkiyədə keçirilən “21-ci Sevgi, Sülh, Dostluq  Beynəlxalq Sənət Festivalı”nda çıxış etmişlər.

Muxtar Respublikada olan Qətərin “Əl Cəzirə” telekanalı tərəfindən Möminə Xatın türbəsinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun ifasında milli rəqslərin, Qarabağlar Türbə Kompleksində “Şərur” Xalq Yallı Ansamblının ifasında yallılarımızın çəkilişi aparılmışdır.

Ötən dövrdə Naxçıvan Dövlət Film Fondunda da bir sıra işlər görülmüşdür. Belə ki, “Azərbaycan Kinosu Günü”  çərçivəsində  Sədərək Kənd Mədəniyyət Evində, Şərur rayon Kosacan kənd mərkəzində, Culfa rayon Mədəniyyət Sarayında Azərbaycan filmlərinin nümayişi olmuşdur.

Ay ərzində filmlərin  nömrələnməsi, pasportlarının  yenilənməsi və  lentlərin təmizlənməsi  işləri davam etdirilmiş, 17 bədii film nüsxələnərək  Şahbuz Rayon Mədəniyyət Şöbəsinə istifadə üçün verilmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Naxçıvan Musiqi Kollecində  2018-2019-cu tədris ilinin yekunu ilə əlaqədar bütün şöbələr üzrə təşkil olunan imtahan sessiyası 05 iyul 2019-cu il tarixində yekunlaşdırılmışdır. 2018-2019-cu tədris ilində  Naxçıvan Musiqi Kollecini 9 nəfəri fərqlənmə diplomu ilə olmaqla 129 tələbə bitirmişdir.

İyul ayında gənclərlə aparılan iş diqqət mərkəzində saxlanılmış,  Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan müəssisə və təşkilatların  gənc əməkdaşları üçün Şahbuz Şəhər “Araz”  Kinoteatrında “Milli mənəvi dəyərlərimiz və gənclər” adı altında maarifləndirici tədbir keçirilmiş, Nazirliyin strukturuna daxil olan mədəni-maarif müəssisələrinin gənc əməkdaşlarının Naxçıvantəpə arxeoloji abidəsinə ekskursiyası təşkil edilmişdir.

Iyul ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması davam etmiş, Sədərək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Heydərabad Qəsəbə Kitabxana Filialı və Heydərabad Qəsəbə Klubuna yeni istifadəyə verilən yaşayış binasında yer ayrılmışdır.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Nazirliyə 13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 68 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 8-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 43 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 2 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 8 nəfər işə qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

İyul ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş, kollegiyada 3 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 5, yerli qəzetlərdə 5 məqalə dərc olunmuşdur. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 29 süjet efirə getmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 11 məqalə və 37 xəbər olmaqla 48 material işlənmişdir.

Joomla 1.5