Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin iyun ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2019-cu ilin iyun ayı ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

İyun ayında əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq 22 may-19 iyun tarixlərdə “Xalq teatrlarının muxtar respublika festivalı-2019” keçirilmişdir. Festival çərçivəsində Naxçıvan şəhər, Rza Təhmasib adına Şərur, Ordubad, Şahbuz və Babək rayon xalq teatrları tamaşalarını teatrsevərlərə təqdim etmişdir. Festivalın sonunda xalq teatrları Mədəniyyət Nazirliyinin diplomları ilə təltif edilmişdir. Ötən dövrdə ümumilikdə xalq teatrları 5 yeni tamaşa hazırlamış və müxtəlif yerlərdə 10 dəfə nümayiş etdirilmişdir. Şərur Rayon Xalq Teatrı 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan III Respublika Xalq Teatrları Festivalının final mərhələsində "Motsart və Salyeri" tamaşası ilə çıxış etmişdir. Festivalda iştirak edən kollektivlər arasında Şərur Rayon Xalq Teatrının tamaşası II yerə layiq görülmüşdür. Baş rolların ifaçıları Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılmışlar.

01-02 iyun tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə” festivalında Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivləri çıxış etmişdir.

İyunun 14-də Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “Milli Qurtuluş Günü”nə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələrində, mədəni-maarif ocaqlarında isti yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtın mənalı keçirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. İyunun 23-də Naxçıvan şəhərindəki “Görüş yeri” kafesi qarşısında, 29-da isə Gənclər fondu ilə birlikdə “Saat meydanı” turistik istirahət mərkəzində konsert təşkil edilmişdir.

İyunun 28-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 136-cı teatr mövsümünün bağlanış mərasimi olmuşdur. Teatr mövsümü C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası ilə başa vurmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2018-2019-cu tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən 1 elektron dərs keçirilmişdir.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 20 iyunda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə vətəndaşlar tərəfindən hədiyyə olunmuş 50-dən çox maddi-mədəniyyət nümunəsinin, 25 iyunda Bəhruz Kəngərli Muzeyində Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov tərəfindən C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Cəlil Məmmədquluzadənin Ev, Bəhruz Kəngərli və Xatirə muzeylərinə hədiyyə edilmiş 5 ədəd rəsm əsərinin təqdimetmə mərasimləri keçirilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 12 iyun tarixdə Naxçıvan Dövlət Xalça Muzeyində “Milli-mədəni irsimizin təbliğində muzeylərin rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq təsdiq olunmuş qrafikə əsasən iyun ayında da muzey əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələləri davam etdirilmiş, 15-30 iyun tarixlərdə fond mühafizlərinin peşə biliklərinin möhkəmləndirilməsi məqsədilə seminar təşkil olunmuşdur.

18 iyunda Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

19 iyunda Cəlil Məmmədquluzadənin Ev Muzeyində görkəmli dramaturqun 150 illik yubileyinə və muzeyin yaradılmasının 21-ci ildönümünə həsr olunmuş, 19 iyunda Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində görkəmli dramaturqun 150 illik yubileyi münasibətilə,  28 iyunda Məmməd Arazın Ev Muzeyinin yaradılmasının 6-cı ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

Ay ərzində muzeylərdə ümumilikdə 18 açıq dərs, 5 tədbir keçirilmiş, muzeylərə 186 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 50 min 665 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 16 min 874 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında  15 İyun Milli Qurtuluş Günü münasibətilə “15 iyun Milli Qurtuluş Günüdür” və Fövqəladə Hallar Nazirliyinin Mülki-Müdafiə Alayında 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş “Ordum varsa yurdum var” adlı tədbir və sərgilər, “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda oxucu konfransı, C.Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Nəsrəddin şah” tarixi dramının müzakirəsi, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi münasibətilə “Naxçıvanın musiqi mədəniyyəti” adlı ədəbi-musiqili gecə, C.Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyası” adlı dəyirmi masa keçirilmişdir. Tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar 47 tədbir olmaqla kitabxanalarda ümumilikdə 72 mədəni-kütləvi tədbir keçirilmiş, 64 sərgi təşkil olunmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 27 iyunda kitabxananın oxu zalında “Ə.Cavid əsərlərində Azərbaycan folkloru” mövzusunda AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı E.Yurdoğlunun iştirakı ilə oxucu konfransı və 28 iyun tarixində isə 5, 7 və 12 №-li uşaq bağçalarında M.Füzulinin “Meyvələrin söhbəti” şeri əsasında səhərciklər keçirilmişdir. Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki 4№li tam orta məktəbin I siniflərində və 1, 3 və 12 №-li uşaq bağçalarında olmaqla 4 nağıl günü keçirilmişdir ki, keçirilən nağıl günlərinin 3-də məktəbli oxucularla səhnələşdirilən nağıllar bağça uşaqlarına canlı olaraq göstərilmişdir.

Ənənəvi olaraq məktəblilərin yay tətili günlərində asudə vaxtlarının təşkili və onların növbəti dərs ilinə daha yaxşı hazırlanması məqsədilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan “Yay oxu zalı”na cəlbi üçün 30 nəfər dərslərdən zəif oxuyan I-VI sinif şagirdlərinin oxu zalı üçün siyahısı alınmış və 25 iyunda ilk, ümumilikdə isə 2 məşğələsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi  Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. Belə ki, Respublika Kitabxanası tərəfindən 11 iyun 2019-cu il tarixdə Naxçıvan Şəhər Təqaüdçülər Klubunda Cek Londonun “Həyat eşqi” əsərinin, 19 iyun 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində  Gi De Mopassanın  “Gonbul” əsərinin, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası tərəfindən isə “Pedaqoji fikir tarixindən” kitabının müzakirəsi keçirilmişdir. Hesabat dövrü ərzində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan 33 kitabın müzakirəsi keçirilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanası tərəfindən 2 adda 16 metodik məktub, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 2 adda 16 metodiki məktub hazırlanıb rayon (şəhər) MKS-lərə göndərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Ordubad Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Sədərək  Rayon MKS-də ezamiyyədə olmuş onlara əməli və metodiki köməklik göstərilmişdir. Həmçinin Babək Rayon MKS-nin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübi məşğələlərdə olmuşdur.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 19 nəfər sağlamlıq imkanları məhdud şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

İyun ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 334 adda 8249 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır.

Ümumilikdə, kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla cəmi 411 adda 7604 nüsxə çap məhsulu, 2 adda (2 ədəd) CD diski daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 281 nəfər, oxucu gəlişi 8 min 964 nəfər, kitab verilişi 46 min 228 nüsxə təşkil etmişdir. Ötən dövrdə elektron kataloqa 278 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 11 min 929-a çatdırılmış, şəbəkəyə isə 45 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 428-ə çatdırılmışdır.

Hesabat dövrü ərzində mütaliə günü ilə bağlı 10, nağıl günü ilə bağlı 23, kitabxanaçı və kitabxana günü ilə bağlı isə ümumilikdə 20 tədbir keçirilmişdir.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Hesabat dövrü ərzində klub müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.  25 iyun 2019-cu il tarixdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə “26 İyun – Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirilmiş, film nümayişi olmuşdur. Həmçinin  “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “Milli qurtuluş günü,  “Silahlı Qüvvələr Günü” və “Ağdərə rayonunun işğalı ilə bağlı” müxtəlif mədəni- kütləvi və maarifləndirici tədbirlər keçirilmişdir.

“26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə muxtar respublika ərazisində dislokasiya olunan hərbi hissə və bölmələrin əsgər və zabitlərinə rayon (şəhər) mədəniyyət şöbələrinin yaradıcı kollektivləri tərəfindən 12 konsert proqramı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamın icrası ilə əlaqədar 18 iyun 2019-cu il tarixdə Babək rayonunun Şıxmahmud kəndində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi tərəfindən “Xalq yaradıcılığı günü” keçirilmişdir.

İyunun 21-də Culfa rayon mədəniyyət evləri dərnək üzvlərinin hazırladığı “O olmasın, bu olsun”, 28 iyunda isə Kəngərli  rayonunda hazırlanan “Şahsənəm və Gülpəri” tamaşaları rayon mədəniyyət saraylarında nümayiş etdirilmişdir.

Hesabat dövründə rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və mənəvi istirahətinin səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Belə ki, bu mədəniyyət obyektlərində ay ərzində Nazirliyin təşkilatçılığı ilə 7 konsert, 5 tamaşa və 1 film nümayişi olmaqla, ümumilikdə 13 tədbir keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, may ayında seçim turları olan “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqəsinin 07 iyun tarixdə final turu və 27 iyunda müsabiqə qaliblərinin yekun konserti  keçirilmişdir. Qaliblər Nazirliyin diplomları, fərqlənən kollektivlər fəxri-fərmanlarla təltif edilmişdir.

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurumda təntənəli mərasim keçirilib. Tədbirin bədii hissəsində “Şərur” Xalq Yallı Ansamblının ifasında yallı nömrələri təqdim edilib.

12-13 iyun tarixlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tabe müəssisələrdə çalışan gənclərdən ibarət komandalar arasında “Yaşa və öyrən” intellektual bilik yarışının seçim turları keçirilmişdir. Seçim turunda iştirak edən 27 komandadan 8-i final turunda iştirak etmək hüququ qazanmışdır.

May ayında rayon (şəhər) mədəniyyət şöbələrində klub müəssisələrinin işçiləri üçün ayda iki dəfə olmaqla “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirələri təşkil edilmişdir.

Hesabat dövrü ərzində Elmi Metodiki-Mərkəz tərəfindən 3 adda 24, Heydər Əliyev Sarayı tərəfindən 1 adda 8 metodik məktub, həmçinin metodik mərkəz tərəfindən tar dərnəklərində istifadə olunması üçün tədris proqramları hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin iyun ayı ərzində 1 min 688.4 manatlıq 54 adda 379 ədəd əl işi satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar da müəyyən işlər görülmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində stasionarda “Ehsan xan Kəngərli” tamaşasını nümayiş etdirmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Buratinonun macəraları” tamaşasının məşqləri davam etdirmiş, həftənin şənbə günləri stasionarda “Qoğalın sərgüzəştləri”, “Ələddinin sehrli çırağı”, “Qızıl xoruz” və “Cırtdanın yeni sərgüzəştləri” tamaşaları nümayiş etdirilib. “Qızıl xoruz” tamaşası iyunun 10-da Culfa şəhərində teatrsevərlərə təqdim olunmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrı “Mavi işıq” tamaşasının məşqləri davam etdirmiş,  iyunun 29-da “Məlikməmməd” tamaşasına ictimai baxış keçirilmişdir. 22 iyunda “Nadan xoruz” tamaşası Sədərək rayonunda nümayiş etdirilmişdir.

İyunun 18-də Şahbuz Rayon Xalq Teatrı Əbdürrəhim bəy Haqverdiyevin "Məşədi Qulam qiraət öyrənir" əsəri əsasında hazırladığı eyniadlı tamaşanı Ordubad Rayon Mədəniyyət Sarayında, iyunun 28-də isə Babək Rayon Xalq Teatrı Əfqan Əsgərovun “Qız atası” tamaşası Şərur Rayon Mədəniyyət Sarayında nümayiş etdirmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin məşqləri qrafikə uyğun olaraq davam etdirilmişdir. 08 iyunda Mahnı və Rəqs Ansamblı King-boksinq turnirinin açılış mərasimində, 19 iyunda Muğam studiya Culfa rayonunda xeyriyyə konsetləri təşkil olunmuşdur. Filarmoniya bilet satışı ilə 11 iyunda Şərur rayonunda Xalq Çalğı Alətləri okestrinin, 12 iyunda Babək rayonunda Estrada orkestrinin, 28 iyunda isə Kəngərli rayonunda Kamera orkestrinin çıxışlarını təşkil etmişdir.

“1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramı ilə çıxış etmişdir. 08 iyun tarixdə isə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının Ordubad Rayon Mədəniyyət Sarayında konserti təşkil olunmuşdur.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Ay ərzində “Azərbaycan Kinosu Günü” ilə əlaqədar Culfa rayon Yaycı və Şahbuz rayon Nursu kənd mərkəzlərində, Kəngərli Rayon Mədəniyyət Sarayında Azərbaycan filmlərinin nümayişi olmuşdur.

21 iyun tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Naxçıvan Dövlət Film Fonduna ekskursiyası təşkil olunmuş,  uşaqlara “Əzablı yollar” bədii filmi nümayiş etdirilmişdir.

25 iyunda Culfa rayon “N” saylı hərbi hissədə “26 iyun-Silahlı Qüvvələr Günü”  münasibəti ilə  tədbir keçirilmiş, əsgər və zabitlərə “Yarımçıq xatirələr” bədii filmi nümayiş olunmuşdur.

Ay ərzində Fonda 37 adda bədii və sənədli film daxil edilmiş, filmlərin  nömrələnməsi, pasportlarının  yenilənməsi və  lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində “Azərbaycan Kinosu Günü” ilə bağlı 3, digər tədbirlərlə bağlı 2 olmaqla, ümumilikdə 5 film nümayişi olmuşdur

Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Belə ki, 04 iyun tarixdə Naxçıvan Şəhər Gənclər Mərkəzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili intellektual oyunun dördüncü mərhələsi keçirilmişdir.               03 iyun tarixdə Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin tələbələri arasında “ Lira” musiqili intellektual oyunun, 7 iyunda isə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili intellektual oyunun final mərhələsi keçirilmişdir.

İyunun 3-də Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibəti ilə Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri Şöbəsinin kamança ixtisası üzrə təhsil alan şagirdlərinin Naxçıvan Dövlət Filarmoniyasında konserti təşkil olunmuşdur.

İyunun 7-də Naxçıvan Musiqi Kollecində tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyev kollecin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin tələbə, şagird və müəllimlər üçün ustad dərs keçmişdir.

08 iyun 2019-cu il tarixdə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin nağaraçalanlar ansamblları arasında muxtar respublika müsabiqəsi keçirilmişdir. Müsabiqədə 23 kollektiv iştirak etmişdir.

03-14  iyun tarixləri arasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin məktəb daxilində hesabat konsertləri keçirilmişdir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 2018-2019-cu tədris ili üzrə 686 nəfər şagird bitirmişdir. Onlardan 36 nəfəri fərqlənmə, 650 nəfəri isə ümumi şəhadətnamə almışlar.

Ay ərzində Şahbuz Rayon Mədəniyyət Sarayında “Gənclik” İnstrumental  Ansamblının, Sədərək Rayon Mədəniyyət Sarayında isə “Buta” Muğam Ansamblının konserti təşkil olunmuşdur. 12 iyun tarixdə Ərtoğol Cavidin 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir.

Nazirliyin aid şöbəsi tərəfindən gənclərlə iş sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, gənclər arasında “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” adlı dəyirmi masa keçirilmişdir.

İyun ayının 19-da Naxçıvan Muxtar Respublikası Culfa rayon gənclərinə “Kitabxanalar mədəni irsimizdir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Sonda “Azərbaycan mədəniyyəti” filmi nümayiş olunmuşdur.

İyun ayının 27-də gənclərin Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Yengicədə Şərq hamamı, Parçı İmamzadəsi abidələrinə ekskursiyası keçirilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Nazirliyə 18-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 86 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 47 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 7 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 9 nəfər işə qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

İyun ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 8, yerli qəzetlərdə 11 məqalə dərc olunmuşdur. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 30 süjet efirə getmişdir. Naxçıvan Dövlət Teleradiosunda və “Naxçıvanın səsi” radiosunda 4 material efirə verilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 8 məqalə və 47 xəbər olmaqla 55 material işlənmişdir.

Joomla 1.5