Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin aprel ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi aprel ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Aprel ayında əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Aprelin 2-də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə uşaq kitablarından ibarət sərgi qurulmuş, uşaqlar arasında bilik yarışı keçirilmiş və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşası nümayiş olunmuşdur.

Aprelin 15-də Naxçıvan Dövlət Uşaq Teatrında “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı, Babək Rayon Nehrəm Kənd Mədəniyyət Evinin nağara, Babək Rayon Mədəniyyət Sarayının rəqs, Babək Rayon Vayxır Kənd Mədəniyyət Evinin balaban, Culfa Şəhər Klubunun dram dərnəkləri maraqlı proqramla çıxış etmişlər.

Aprelin 18-də Qarabağlar Türbə Kompleksində Nazirliyin təşkilatçılığı ilə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilmişdir. Tədbirdə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə şagirdləri arasında etüd-dərs keçirilmiş, fərqlənənlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur. Tədbirdə Naxçıvan Muxtar Respublikası ərazisində olan abidələrlə bağlı nəşr olunmuş çap məhsullarından, rəsm əsərlərindən ibarət sərgi təşkil edilmiş, Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın və “Şərur” Xalq Yallı Ansamblının ifasında konsert olmuşdur.

Aprelin 23-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilmiş, tədbirin sonunda kitab sərgisinə baxış olmuşdur. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında və Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də əlamətdar günlə bağlı analoji tədbir keçirilmişdir.

Aprelin 29-da Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin qanun ixtisası üzrə müəllimi Sevinc Babayevanın və onun şagirdlərinin “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş konserti keçirilmişdir.

Hesabat dövründə görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Aprelin 25-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları dahi şairin qəzəllərini bədii qiraət etmişlər. Sonra muzeyin ekspozisiyasına baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də  Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nazirlikdə iş aparılmış, ekspert qrupu yaradılmışdır. Aprelin 19-da Nazirliyin Aparatı, Nazirliyə tabe olan müəssisələrin rəhbərləri və ekspert qrupunun üzvlərinin iştirakı ilə Nazirlikdə görüş keçirilmiş, Sərəncamın və müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilmişdir. Aprelin 24-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə müəllim və tələbələri ilə görüş keçirilmişdir. Tədbirdə Sərəncamın icrası ilə bağlı təkliflər müzakirə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən 03 apreldə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Musiqi Kollecinin “Kitabxana-informasiya təminatı” üzrə təhsil alan II kurs tələbələri və 12 apreldə Cəlil Məmmədquluzadənin Ev Muzeyində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərslər, 05 apreldə Naxçıvan Dövlət Universitetində  M.S.Ordubadinin “Qılınc və qələm” əsərinin müzakirəsi keçirilmişdir. 10 aprel tarixdə “Naxçıvan” Universitetində “Azərbaycan Kinosu” mövzusunda mühazirə keçirilmiş və sənədli film nümayiş olunmuşdur. 25 apreldə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərs keçirilmişdir. 05 aprel tarixdə Naxçıvan Musiqi Kollecinin  vokal, 11 aprel tarixdə xanəndəlik, 17 aprel tarixində bədii yaradıcılıq, 24 aprel tarixində  xoreoqrafiya ixtisasları üzrə təhsil alan tələbələr üçün ustad dərslər təşkil olunmuşdur. Ay ərzində hamiliklə bağlı 2 görüş, 2 açıq dərs, 1 mühazirə və kino nümayişi, 1 kitab müzakirəsi, 5 ustad dərs keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması ilə bağlı tədbirlər davam etdirilmişdir. Aprelin 10-da Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Adət-ənənələrimizin simvolikası – yallı” mövzusunda dəyirmi masa keçirilmişdir. Ay ərzində yallılarla bağlı 2 dəyirmi masa keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı iş aparılmış, Nazirliyin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir.

Aprelin 27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı gənclər festivalı”nda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış etmişdir. Festivalda Naxçıvan Musiqi Kollecinin musiqi qrupu, rəqs qrupu və sazçalanlar ansamblı, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri və istedadlı yeniyetmə və gənclər, klub müəssisələrinin folklor qrupları, dərnəkləri iştirak etmişdir. Naxçıvan Musiqi Kollecinin rəqs qrupu birinci yerə, musiqi qrupu ikinci yerə, Culfa Şəhər Klubunun “Haçadağ” dram kollektivi I yerə, Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı II yerə layiq görülmüşdür.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Aprelin 26-da Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə hədiyyə edilmiş 22 qədim əlyazma və kitabın AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 10 apreldə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində, 23 apreldə Naxçıvan Duz  Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilmişdir.

Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq təsdiq olunmuş qrafikə əsasən aprel ayında da muzey əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələləri davam etdirilmişdir.

Naxşıvan Muxtar respublikasının 95 illik yubileyinə həsr edilmiş ümumtəhsil məktəblərinin şagirdləri arasında “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” rəsm müsabiqəsinin növbəti mərhələsi 05 aprel tarixdə Babək rayonunda, 19 aprel tarixdə Naxçıvan şəhərində keçirilmişdir.

Aprelin 5-də Naxçıvan Dövlət Tarix Muzeyində, 12-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, 19-da isə Cəlil Məmmədquluzadənin Ev və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə muzeylərində C.Məmmədquluzadənin 150 illik yubileyinə və Molla Nəsrəddin jurnalının nəşrinin 113-cü ildönümünə həsr olunmuş sərgi-tədbirlər keçirilmişdir.

30 apreldə Naxçıvan Dövlət Tarix Muzeyində “Muzeylərin zənginləşdirilməsində aktual məsələlər” mövzusunda dəyirmi masa keçirilmişdir.

Ay ərzində muzeylərdə ümumilikdə 42 açıq dərs, 6 tədbir keçirilmiş, 8 sərgi qurulmuş, muzeylərə 161 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 49 min 812 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 15 min 741 nəfəri əcnəbi vətəndaşlardır.

Aprel ayı ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərinin mərkəzi kitabxanaları da daxil olmaqla tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində kitabxanalar tərəfindən “Dünya uşaqlarındır” və Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə “Naxçıvan şərqin qapısıdır” adlı tədbirlər, Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğalı və Beynəlxalq Rəqs Günü münasibətilə yığıncaqlar keçirilmişdir. Qeyd olunanlarla yanaşı Bəstəkar Ramiz Mirişlinin anadan olmasının 85 illiyi, bəstəkar Asəf Zeynallının 110 illiyi münasibətilə ədəbi-musiqili gecələr, bəstəkar Zülfüqar Hacıbəylinin 135 illiyi münasibətilə söhbət, yazıçı-dramaturq Cəfər Cabbarlının 120 illiyi münasibətilə oxucu konfransı təşkil edilmişdir. İmadəddin Nəsiminin anadan olmasının 650 və Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalları keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 15 aprel tarixdə Naxçıvan Şəhər Təqaüdçülər Klubunda “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Elçinin “Baş” romanının, 16 apreldə  Hüseyn Cavidin Ev Muzeyində Qurban Səidin “Əli və Nino” əsərinin müzakirələri keçirilmişdir. Aprel ayında ümumilikdə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan 20 kitab müzakirəsi keçirilmişdir.

Sədərək rayon MKS-nin əməkdaşları Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə məşğələsində olmuşlar. 24 aprel tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Şərur rayon MKS-də, 17 aprel tarixdə isə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Babək rayon MKS-də ezamiyyədə olmuşdur.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 32 metodik məktub tərtib olunaraq rayon (şəhər) MKS-lərə göndərilmişdir.

Ötən dövrdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 14 nəfər, rayon (şəhər) MKS-lər tərəfindən 14 nəfər olmaqla 28 nəfər sağlamlıq imkanı məhdud şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində Nazirliyə Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən 3 adda 284 nüsxə, bəstəkar Tofiq Bakıxanov tərəfindən 17 nüsxə  olmaqla 301 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə ay ərzində kitabxanalara 80 adda 792 nüsxə çap məhsulu daxil olmuşdur.

Kitabxanalarda yeni oxucu sayı 342 nəfər, oxucu gəlişi 9 min 745 nəfər, kitab verlişi 53 min 590  nüsxə təşkil etmişdir. Ay ərzində elektron kataloqa 420  kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 11 min 175 -ə çatdırılmış, şəbəkəyə isə 430 kitab (PDF) işlənmiş, və ümumi sayı 2 min 333-ə çatdırılmışdır. Elektron kitabxanadan uzaq məsafədən (virtual xidmət) 181, lokal şəbəkədən isə 144 olmaqla 325 oxucu istifadə etmişdir.

Hesabat dövrü ərzində mütaliə günü ilə bağlı 10, nağıl günü ilə bağlı 20, kitabxanaçı və kitabxana günü ilə bağlı 20 tədbir keçirilmişdir. Kitabxanalarda əlamətdar və tarixi günlərlə bağlı 14, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı 28 olmaqla 77 mədəni-kütləvi tədbir keçirilmiş, 47 sərgi qurulmuşdur.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Əlamətdar və tarixi günlərlə bağlı mədəniyyət evləri və klublarda mədəni-kütləvi tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli sərəncamın icrası ilə əlaqədar 30 aprel 2019-cu il tarixdə  Şahbuz Rayonunda “Xalq yaradıcılığı günü” keçirilmişdir.

03 aprel 2019-cu il tarixdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Culfa Rayon Ərəzin Kənd Mədəniyyət Evi ilə birgə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

11 aprel 2019-cu il tarixdə Mərkəzin əməkdaşları Babək Rayonunun bir neçə klub müəssisəsində olmuş, əməkdaşlara yerində əməli köməklik göstərmişlər.

Hesabat dövrü ərzində Kəlbəcər rayonunun işğalı ilə bağlı yığıncaq təşkil olunmuş, “15 aprel Beynəlxalq Mədəniyyət Günü”, “Beynəlxalq Rəqs Günü” və “Yallılar milli ruhumuzu özündə yaşadan xalq oyunudur” adlı tədbirlər keçirilmişdir.

17 aprel tarixdə Naxçıvan Şəhər 2 nömrəli Mədəniyyət Evinin musiqi dərnəyinin üzvləri Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert proqramı ilə çıxış etmişlər. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı isə 10 aprel tarixdə Ordubad şəhərində,  25 aprel tarixdə Fövqaladə Hallarda Nazirliyinin Mülki Müdafiə Alayında və 27 aprel tarixdə isə Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı Gənclər Festivalı”nda konsert proqramı ilə çıxış etmişdir.

Hesabat dövrü ərzində Elmi Metodik-Mərkəz və Heydər Əliyev Sarayı tərəfindən 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Ümumilikdə hesabat dövrü ərzində mədəniyyət evləri və klublarda 129 mədəni-kütləvi tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin aprel ayı ərzində 1150 manatlıq 57 adda 169 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ay ərzində Ölülər və dəlilər” tamaşasının məşqləri davam etdirilmişdir. Teatr “Ehsan xan Kəngərli” tamaşasını 4 aprel tarixdə Babək, 18 aprel tarixdə Kəngərli, 26 apreldə isə Sədərək rayon mədəniyyət saraylarında nümayiş etdirilmişdir. Teatr aprel ayında ümumilikdə 3-ü səyyar olmaqla 8 tamaşa nümayiş etdirmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı aprel ayında Şərur  və Şahbuz rayon mədəniyyət saraylarında tamaşalarla çıxış etmişdir. Teatr ay ərzində 3-ü qastrol, 1-i xeyriyyə olmaqla ümumilikdə 8 tamaşa oynamış, “Qızıl xoruz və Buratinonun macəraları” tamaşalarının məşqlərini davam etdirmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı aprelin 12-də Culfa rayonunda, 27-də  isə Ordubad rayonunda “Bu günün çay dəsgahı” tamaşasını nümayiş etdirmiş, ay ərzində  “Məlik Məmməd” tamaşasının məşqlərini davam etdirmişdir.

Hazırda Şərur Rayon Xalq Teatrında Eynəli bəy Sultanovun “Sənəm”,  Babək Rayon Xalq Teatrında Əfqan Əsgərovun “Qız atası”, Ordubad Rayon Xalq Teatrında Həsənalı Eyvazlının “Vəzifə hərisi”, Naxçıvan Şəhər Xalq Teatrında Seyfəddin Dağlının “Adı sənin, dadı mənim”, Şahbuz Rayon Xalq Teatrında Süleyman Sani Axundovun “Məşədi Qulam qiraət öyrənir” tamaşalarının məşqləri gedir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri 5-i xeyriyyə olmaqla 7 konsert vermişdir.

Şahbuz Rayon Mədəniyyət Sarayında 09 aprel tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın Kamera Orkestrinn müşayiəti ilə solo konserti,  Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşayiəti ilə 12 aprel tarixdə istedadlı müğənni Vəli Səfərovun, 20 apreldə isə IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadənin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş solo konsertləri təşkil olunmuşdur. 3 aprel tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri Sədərək rayonunda, 19 apreldə isə Naxçıvan Dövlət Filarmoniyasının “Muğam studiyası” isə Şərur rayonunda konsert vermişdir.

16-17 aprel tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri və Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir. Festivalda Naxçıvan Musiqi Kollecinin tələbələrindən ibarət “Yazın ritmləri” adlı fləşmob keçirilmişdir. Ay ərzində kollektivlərin məşqləri qrafikə uyğun aparılmışdır.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblı 6 aprel tarixdə Culfa Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” ilə əlaqədar Sədərək Rayon Mədəniyyət Sarayında sakinlər üçün “Dərs”, Culfa rayon Qazançı kənd mərkəzində “Yol əhvalatı”, Ordubad rayon Gənzə kənd mərkəzində “Qırmızı bağ” bədii filmləri nümayiş olunmuşdur.

18 aprel tarixdə Naxçıvan Dövlət Film Fondunda tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Ramiz Mirişlinin, 24 aprel tarixdə isə Azərbaycanın görkəmli kino və teatr rejissoru Rza Təhmasibin xatirə gecəsi keçirilmişdir.

23 aprel tarixdə Naxçıvan Dövlət Film Fondu və Sədərək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasınıln 95 illik yubileyinə həsr olunmuş “Milli filmlərimiz” adlı kinoviktorina keçirilmişdir.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də bir sıra işlər görülmüşdür.

Görkəmli bəstəkar Tofiq Bakıxanov tərəfindən 11 aprel tarixdə Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllim, tələbə və şagirdləri üçün  ustad dərslər keçmişdir.

Aprel ayı ərzində nazirliyin təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı iş aparılmış, müxtəlif səpkili tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Musiqi Kollecinin IV kurs tələbələrinin əyani təhsil üzrə şöbəsinin tədris planına əsasən 15 apreldən Nazirliyin tabeliyində olan müəssisə və təşkilatlarda təcrübə keçmələri təmin olnmuşdur.

08 apreldə Kollecin müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Zemfira Babayevanın sinif konserti keçirilmişdir. Xalq artisti, professor, görkəmli bəstəkar Tofiq Bakıxanovla müəllim və tələbələrin 11 aprel tarixdə keçirilən görüşündə kollecin tələbələri konsert proqramı ilə çıxış etmişlər.

16-17 apreldə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə “Flaşmob” nümayiş olunmuş, 25 apreldə Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar “Buta” muğam ansamblı konsert proqramı ilə çıxış etmiş,  26 aprel tarixdə Nazirlik tərəfindən keçirilən “Lira” musiqili intellektual oyununda Naxçıvan Musiqi Kollecinin 3 komandası iştirak etmişdir.

27 aprel tarixdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı gənclər” Festivalında Kollecin 3 kollektivi - “Sazçalanlar” ansamblı, “Muğam üçlüyü”, “Rəqs” qrupu və qiyabi təhsil üzrə Xalq çalğı alətləri ixtisasının IV kurs tələbəsi Şəlalə Məmmədova öz əl işləri ilə iştirak etmişlər. Festivalda Kollecin rəqs qrupu I, musiqi kollektivləri isə II yerə layiq görülmüşlər.

09 aprel tarixdə Naxçıvan Musiqi Kollecində Culfa Şəhər Uşaq Məktəbinin fortepiano sinfinin konserti, 26 apreldə isə Babək Rayon Mədəniyyət Sarayında Cəhri Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlərinin konserti keçirilmişdir.

19 aprel tarixdə Sədərək Rayon Uşaq Musiqi Məktəbinin müəllimləri üçün xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs təşkil olunmuş, 24 aprel tarixdə Şərur Rayon Ələkli Kənd Uşaq Musiqi Məktəbində Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin tar, qarmon, kamança, fortepiano ixtisasları üzrə müəllim və şagirdlərinə ustad dərs keçirilmişdir.

26 aprel və 30 aprel tarixlərdə Naxçıvan şəhər Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin tələbələri və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili intellektual oyununun növbəti mərhələləri keçirilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Aprel ayı ərzində Nazirliyə 36-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 82 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 19-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 73 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 4 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 14 nəfər işə qəbul edilmişdir. Aprel ayı ərzində 1 kollegiya iclası keçirilmiş 2 məsələ müzakirə olunmuşdur.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Aprel ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 8, yerli qəzetlərdə 7 məqalə dərc olunmuşdur. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 30 süjet efirə getmişdir. Naxçıvan Dövlət Teleradiosunda və “Naxçıvanın səsi” radiosunda 2 material efirə verilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 11 məqalə və 46 xəbər olmaqla 57 material işlənmişdir.

Joomla 1.5